Gəncənin yolları burma, burmadı...


“Əli xan Şirvanşir altıya on beş dəqiqə işləmiş Gəncə körpüsündə, pulemyot arxasındakı mövqeyində həlak oldu. Onun meyiti qurumuş çaya düşmüşdü... Biz səhər erkən, ruslar sonuncu hücuma keçməzdən bir az qabaq onu məscidin həyətində dəfn elədik”

(Qurban Səid, “Əli və Nino”)

Mən Aran Qarabağda doğulub böyümüşəm, bəlkə də buna görə Gəncə məndən ötrü həmişə daha milli Azərbaycan şəhəri təsiri bağışlayıb. Bakının xətrinə dəyməsin, əlbəttə. Paytaxtımız, gözümüzün işığı, başımızın tacı olsa da Bakı haradasa beynəlmiləl şəhər sayılırdı.

Həmişə fikirləşmişəm ki, bəlkə də cümhuriyyətimizi quran kişilər paytaxtı o zaman Gəncədən Bakıya köçürməsələr, o hökumətin ömrü daha uzun sürərdi. Liman şəhərinin xarici düşmənə müqaviməti bir qədər çətindir. Nəinki ölkənin içində olasan. Sənə gəlib çatanacan neçə rayon keçməli olsunlar, savaşmalı olsunlar. Elə ADR-in süqutu da, deyəsən, ən gec Gəncədə olmuşdu. “Əli və Nino” romanının sonunda Əli xan Şirvanşirin Gəncə körpüsündə həlak olmasını oxuyanda gözlərim dolub.  90-ların əvvəlində bir gəncəli tələbə yoldaşım var idi, həmişə qürurla deyirdi: “20 yanvarda sovet ordusu bütün Azərbaycanı tutdu, yalnız Gəncə avtovağzalının binası üstündən üçrəngli bayrağımızı endirə bilmədilər”.

Bir də şəxsi taleyimin Gəncə ilə kəsişməsi olub. 1999-da ordudakı problemlərdən yazdığım üçün müdafiə naziri Səfər Əbiyevin birbaşa göstərişi ilə Murova aparılmışdım. Qəribə vəziyyət idi - 3 ay qabaq ölümündən yazdığım əsgərlərin yerində xidmət keçməliydim. Sağlıq durumum buna imkan verməsə də. Ancaq yaxşı adamların sayəsində birtəhər xidməti yola verirdik. Bir gün qərara gəldim ki, ordunun səhiyyə xidmətində də nəsə “inspeksiya” aparım. Eynəyimi gizlətdim, dedim, sınıb. Məcbur qalıb məni  Gəncədəki hərbi hospitala, yoxlamaya gətirdilər. Orada göz şöbəsinin həkimi, gəncəli Venera Şərifovanın heyrətamiz qeyrəti qarşısında mat qaldım. Çünki kişilərin belə qorxub çəkindiyini eləmişdi: gözümü yoxlayandan sonra bir sənəd yazdı ki, bu adamın cəbhə xəttində xidməti qanunsuzdur. Ona cəbhə xəttinə, dağlıq zonaya, piyada qoşuna aparılmağımın xüsusi sifariş olduğunu, birbaşa müdafiə naziri Əbiyevdən gəldiyini demişdim. Ancaq Venera xanımın qətiyyətində zərrə qədər sarsılma olmuşdumu? Yox. Soyuqqanlı formada: “Mən qanunsuzluğa imza ata bilmərəm. Sən o cür şəraitdə xidmətə yararlı deyilsən” demişdi.

Gəncə mənim üçün müəllim, şair Nizami Aydın deməkdir. Yadıma gəlir, hospitalın Nizami Aydının adını daşıyan küçədə yerləşməsinə sevinmişdim. Nizami Aydın Lorkanı orijinaldan oxumaq üçün ispan dilini öyrənən, özü də çox orijinal bir şair idi. Qarabağda müharibə başlayanda tank komandiri kimi Ağdərədə vuruşmuş, elə tankın içində həlak olmuşdu - qəbri də yoxdur. Özü də 31 yaşında ölmüşdü - Lorka kimi. Lorkanı da başqa faşistlər öldürmüşdülər.

Yaxud AXC-Müsavat hakimiyyətini bəyənməmək, hətta söymək olar, buna görə adamı tutmurlar, ancaq yada salın, o zaman Gəncəyə icra başçısı kim qoyulmuşdu? Mürşüd Məmmədli kimi dəyərli ziyalı, nüfuzlu xadim. Hanı indi Mürşüd müəllim kimi insanlar? Niyə Gəncədə belə gerçək ağsaqqallar, ziyalılar faktiki qəhətə çəkilib?

Deməli, şəhərlə bağlı siyasət düzgün qurulmayıb. Ölkənin ikinci ən böyük şəhərinin adını xəbər lentimizdə iyirmi ikinci şəhər kimi də görmürdük. Gələn xəbər-ətər də heç gəlməsə yaxşı idi: “Filankəs rəisə tüfəng atdı, xoşbəxtlikdən güllə açılmadı”, “İcra başçısı filarmoniyanın müdirini qovdu” və sairə. Azərbaycan tarixində o boyda rolu olan şəhəri “Gəncədən gəlirəm yüküm xurmadır” səviyyəsində (Əhməd Cavada bütün sevgimizə baxmayaraq) təbliğ eləməklə iş aşmır. Bir az da “Gəncəyə gedirəm...” oxumaq lazım idi.

... Əlbəttə, polisin qətlə yetirilməsi hətta ABŞ-da adi haldır. Hamı bilir ki, polis dünyada ən təhlükəli peşələrdən biridir. Ancaq hər bir hadisə bütün detalları ilə araşdırılmalı, qiymət verilməlidir - sonra təkrarlanmaması üçün. Misal üçün, bir sual dünəndən beynimi deşir: əgər qanunsuz piket xəbəri öncədən məlum idisə, nə üçün yetərincə yüksək vəzifəli polislər, ümumiyyətlə, bütün polislər oraya xüsusi mühafizə geyimləri olmadan çıxmışdı və ya çıxarılmışdı? Xüsusi mühafizə geyimləri ancaq oyuncaq müxalifətin stadion mitinqlərində göstərmək üçündürmü?

Etiraf edilməlidir ki, Gəncədə də başqa regionlar kimi sosial problemlər illərlə yığılıb qalıb. İşsizlik kütləvidir. Qabaqkı başçıya tort, paxlava şoularına görə lağ edərdik, ancaq görürsünüzmü necə müdrik adam imiş? Başa düşürmüş ki, millətə heç olmazsa tamaşa verməlisən. “Çörək yoxdursa, tort yesinlər” - necə deyərlər.

Sonda bir daha qeyd edək ki, mətbuatın, jurnalistlərin siqnallarına diqqətlə yanaşmaq lazımdır. Qoy bir dəfə də belə başlıq oxuyaq: “Üç dövlət hüquq-mühafizə orqanı filan qəzetin yazdığı faktları yoxlamış, beşməkan məmurun həqiqətən qanunları pozduğu aşkar edilmişdir”.                      Zamin HACI

Tarix: 12-07-2018, 08:49
Xəbəri paylaş





Xəbər lenti