Elxan Şahinoğlu: “Azərbaycana qarşı olan qüvvələr zəif nöqtələrimizi araşdırıb, oradan vururlar”


Elmar Vəliyevin hədəf seçilməsinin səbəbi...

İyulun 10-da Gəncə şəhərində bir qrup radikal dini yönümlü şəxslər iğtişaş törətməyə çalışdılar. Ekspertlərin fikrincə, əslində bu şəxslər dindarların, şiələrin adından istifadə edən, xarici qüvvələrin dəstəklədiyi təxribatçılardır.

Prosesləri öncədən planlaşdırılmış hal kimi qiymətləndirən ekspertlər hesab edirlər ki, əslində Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd də ümumi planın bir parçası olub. Elmar Vəliyevin fəaliyyətindən gəncəlilərin bir qisminin narazı olduğunu yaxşı bilən hadisənin təşkilatçıları, bu üsulla ictimaiyyətin dəstəyini qazanmağa çalışıblar. Beləliklə də Azərbaycana qarşı Elmar Vəliyevin sui-qəsdi ilə başlayan  məkrli addımlar atılıb.

 “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu məsələ ilə bağlı bir sıra faktlara diqqət çəkib. Politoloq bildirib ki, doğrudan da baş verən hadisələri heç də təsadüf saymaq olmaz: “Mingəçevirdə qəza baş verir və bir gün sonra Gəncə şəhər icra başçısına sui-qəsd olur. Halbuki illərdir Azərbaycanda belə hadisələr baş vermirdi. Bütün bunların ardınca da bəzi şəxslər icazəsiz aksiyaya çıxdılar, iki polisi qətlə yetirdilər. İcra  başçısına qarşı sui-qəsd həyata keçirən şəxs həm azərbaycanlıdır, həm Rusiya vətəndaşıdır, həm də dini radikal qrupa bağlıdır. Bu qədər təsadüfün olması məndə ciddi suallar doğurur. Hansısa mərkəzdən sanki bu proseslər idarə olunur və Gəncəni seçmələri də təsadüfə oxşamır. Biz bilirik ki, Gəncənin Azərbaycanın taleyində necə böyük rolu var. Bunu bizim düşmənlərimiz, Azərbaycanın dünyəviliyinə zərbə vurmaq istəyən qruplar, mərkəzlər də bilirlər.

Çox təəssüf ki, həmin mərkəzlər bizim səhvlərimizdən də istifadə edirlər. Elmar Vəliyevdən əhalinin bir hissəsi narazı idi. Bu narazılığın səbəbləri əvvəlcədən araşdırılmalı idi. Məsələ ciddi diqqət mərkəzinə keçirilməli idi. Çünki bizi düşmən hesab edən qüvvələr də məhz bu kimi zəif nöqtələrimizi araşdırıb, təhlil edirlər, oradan da vururlar. Hadisədən sonra sosial şəbəkələrdə də bir qrup insanlar faktiki olaraq cinayətkara dəstək verirdi. Bunun psixoloji tərəfləri çox təhlükəlidir və gələcək üçün böyük təlatümlər vəd edir. Bizə sabitlik lazımdır və bu sabitliyi poza biləcək səbəblər araşdırılmalı, onlar ortadan qaldırılmalıdır”.

Politoloq bildirib ki, son hadisələr bizə dərs olmalı və zəif nöqtələrimizi öyrənməliyik: “Ortaya çıxan suallara cavab verməliyik. Suallara cavab vermədən, araşdırma aparmadan, alternativ hesabatlar hazırlamayıb yalnız ”hər şey superdir" deməklə, təhlükəni konservləşdiririk. Nəticədə isə  bunlar özünü çox pis şəkildə büruzə verər. Əsas məqsədimiz torpaqlarımızı işğaldan azad etmək olduğu halda, bizi arxadan vurmaq istəyənlər var. Arxadan vuranları nə yaxşı tədqiq edirik, nə də zəif nöqtələrimizi öyrənməyə çalışmırıq. Sabah bir başqa rayonda da oxşar hadisə baş verə bilər. Əlbəttə ki, bu, o demək olacaq ki, hansısa plan hərəkətə gətirilib və düyməyə basılıb. Demirəm ki, Mingəçevirdəki olayı hansısa xarici qüvvə həyata keçirib. Ancaq həmin xarici qüvvə Azərbaycan üçün hansısa gərgin günü gözləyə bilərdi. Bu gün gələn kimi öz niyyətini həyata keçirə bilərdi. Fikir verin ki, Gəncədə sıradan polis nəfərləri qətlə yetirilməyib. İki nəfər çox yüksək rütbəli polis zabiti öldürülüb ki, bunu da təsadüf hesab etmirəm. Burada da öncədən plandırılmış bir gedişat görünür. Yunis kimi müxtəlif qütblərə bağlı şəxsi Azərbaycanda tapmaq çox çətin olardı. Bu adamı işə kim təhrik edibsə, o da çox professional seçim edib. Bu adamı seçməklə həm də diqqətləri Rusiyanın üzərinə gətirdilər... Hadisə baş verib, şayiələr bitmir. Bilinmir ki, Elmar Vəliyev sağdır, yoxsa hansı haldadır. Bizim dövlət strukturları bu haqda da düşünməlidir. Bəli, bunu kim həyata keçirib, məqsədi nədir və sonrakı istəyi ola bilərmi? Bu suallara cavab tapılmalıdır. Bəlkə başqa rayonda da oxşar hadisə planlaşdırılır. Ona görə də alternativ hesabatlar hazırlanmalı, araşdırma başlanmalıdır. Xalq və dövlət birliyinin olduğunu biz yaxşı bilirik və deyirik də. Ancaq əsas məsələ bu deyil. Azərbaycanın zəif nöqtələri araşdırılmalı, ciddi tədbirlər görülməlidir".

Əli RAİS

Tarix: 12-07-2018, 08:51
Xəbəri paylaş





Xəbər lenti