Gəncə hadisələri, təxribatçı saytlar və anonim hesablar... - Müşfiq Ələsgərli ilə müsahibə



Siam.az Teleqraf.com-a istinadən  Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli ilə müsahibəni təqdim edir:

- Gəncə hadisələri fonunda xarici ölkələrdən idarə olunan, Azərbaycanda vətəndaş qarşıdurması yaratmağı, dini ayrı-seçkiliyi təbliğ edərək mövcud tolerantlıq mühitini pozmağa çalışan saytlar, feysbuk səhifələri üzə çıxdı. Sizcə, Nuraz.com , Abna.com, Aran.news, Qafqaz.ir, Rasthaber.com, Ru-clip.ru və s. bu kimi saytlar kimlərə məxsusdur və niyə Azərbaycana qarşı kampaniya aparırlar?

- Bu cür hadisələr vaxtı sosial şəbəkələrdən istifadə olunması halı yeni deyil. Bu, zaman-zaman həm Azərbaycanda, həm qonşu ölkələrdə, həm də dünyada sınaqdan çıxarılır. Sosial şəbəkələrdən təxribat məqsədilə çox istifadə olunur, amma ən effektiv şəkildə ilk dəfə “Ərəb baharı” vaxtı tətbiq olunmuşdu. Əhalini çaşdırmaq üçün sosial şəbəkə üzərindən feyk nyus, yəni yalançı informasiya yaymaqla, qanundankənar çağırışlar etməklə o ölkələrdə problem yaratdılar. Bizlər onun nəticəsini gördük. Bu hadisələrdən 8-9 il keçsə də, hələ də o ölkələrdə sabitlik yaranmayıb. İkinci hal kimi Türkiyəni misal gösərə bilərik, xatırlayırsınızsa, Gəzi parkı hadisələri zaman ərəb ölkəsində baş vermiş iğtişaşı Gəzi parkı adı ilə təqdim etdilər, ciddi çaxnaşma yaratmağa cəhd göstərdilər. Bu nümunələr çoxdur, eləcə də Azərbaycanda 2016-cı ilin aprel hadisələri zaman sosial şəbəkələrdən təxribat məqsədilə istifadə hallarına yol verildi. Bu hal dünya, o cümlədən, ölkəmiz üçün yeni deyil. Gəncə hadisələrinin baş verməsi, təxribatçı sayt və sosial şəbəkələrin meydana çıxması və Azərbaycana qarşı çağırışlar mənə təəccüblü gəlmir. Sosial şəbəkələrdən informasiya yayanların kimlikləri təxminən bəllidir, onları təqribən üç qrupa bölə bilərik. Birincisi, Azərbaycan da daxil olmaqla bu regionda geopolitik marağı olan dövlətlər və güclər var. Böyük dünya gücləri təkcə Azərbaycanda deyil, bu regionda sabitliyin təmin olunmasının əleyhinədirlər, burada iğtişaşlar yaradaraq, özlərinin qlobal maraqlarını təmin etməkdə maraqlıdırlar. Təbii ki, həmin dövlətlərə bağlı olan güc mərkəzləri sosial şəbəkə və internet üzərində təxribatçı informasiyalar yayırlar. İkinci qrup Azərbaycanla birbaşa dümənçiliyi olan və burada maraqlı dövlətlərdir. Buraya Ermənistan və bir sıra digər dövlətləri daxil edə bilərik. Onların istər öz ərazilərində, istərsə də Avropada və digər ölkələrdə yerləşmiş təxribatçı qrupları var və Azərbaycana qarşı bu cür hallardan istifadə edirlər. Üçüncü qrup isə ölkəmizin özündə hakimiyyət ehtirası olan, mövcud hakimiyyətə qarşı rəqib, müxalif mövqedə duran, Azərbaycan xalqını sevməyən və daim cəmiyyətdə gərginlik olmasını istəyən qüvvələrdir. Onların yaydıqları informasiyalar təkcə anonim hesablardan deyil. Biz yayılan informasiya texnologiyalarını iki qrupda təsnif edə bilərik. Birincisi, anonim mənbələrdən, ikincisi isə açıq sosial hesablardan yayılan informasiyalardır. Açıq hesablardan yayılan informasiyalara qarşı mübarizə aparmaq asandır, bilinir ki, onlar kimlərdir. Sadaladığım güclərin bir qismi isə anonim hesablardan istifadə edirlər. Texnologiyalar nə qədər anonim olsalar, belə Azərbaycan ərazisində olanları müəyyənləşdirməyə imkan verir. Təəssüf ki, bir çoxu xaricdən idarə olunan hesablardır. Ona görə də onları müəyyənləşdirmək və mübarizə tədbirləri həyata keçirmək çətin məsələdir.

- Bəs saytları necə?

- Məsələn, adıçəkilən saytlardan bəzisinin ABŞ-da yarandığı bəlli olur, amma Amerikada yaranıbsa, mütləq oradan idarə olunduğu demək deyil. Bu, əslində təxribatçıların iz azdırmaq üçün istifadə etdikləri texnologiyalardır. ABŞ-a üstünlük ona görə verilir ki, orada sosial şəbəkə və internet istifadəçilərinin anonimliyinə zəmanət verən qanun var. Onların müqaviləsinə əsasən, anonimlik qorunur. Təkcə təxribat törədənlər deyil, ümumiyyətlə, elə insanlar var ki, internet resurslarında anonim qalmağa üstünlük verirlər. ABŞ da onların anonimliyinə təminat verir. Bu, o demək deyil ki, Amerika onların təxribatçı əməllərini dəstəkləyir, sadəcə ölkənin qanunları özündə bunu ehtiva edir. İstənilən şəxs adi xəbər saytı yaradanda domenlə bağlı müqavilədə anonim qalmaq istədiyini göstərir və buna təminat verilir. Bu baxımdan təxribatçı saytlar Amerika üzərindən yayılır, amma bu, ABŞ-da yerləşmir və heç də Amerikanın Azərbaycana olan münasibəti deyil. Bu məsələni cəmiyyətimiz bilməlidir.

- Təxribatçı qruplar anonimliyə təminat verən qanunların hesabına internet resurslarından hücuma keçirlər?

- Bəli, internetə və sosial şəbəkələrə ona görə üstünlük verirlər ki, texnologiyalardan istifadə etmək, hesabları yaratmaq, anonimlik təminatı almaq asandır. İkincisi, informasiya texnologiyaları hesabına informasiyaları bütün dünyaya yaymaq üçün bu cür qüvvələr sosial şəbəkə üzərində fokuslaşırlar. Hətta onların anonimliyi açılsa belə, onlara qarşı mübarizə aparmağın mexanizmləri çətindir. Məsələn, Feysbukda hansısa hesabı bloklatmaq ağır prosedurdur. Müəyyən təbəqə insan yığılmalı Feysbuka müraciət etməli, sosial şəbəkə rəhbərliyi onu analiz etməli, müraciət haqlıdırsa, sonra qərar qəbul etməlidir. Cəmiyyət olaraq, hansısa hesaba qarşı yığışıb etiraz etsək, onu sübut edənədək onlar yeni bir hesab açacaqlar. Nəticədə prosedur yenidən başlanmalıdır. Belə qarışıq sistem və çətin prosesdur olduğuna görə təxribatçı qüvvələr məhz sosial şəbəkələrdən istifadə edirlər.

- Onlarla mübarizədə dövlətin üzərinə düşən vəzifələr hansılardır?

- Onlarla mübarizə aparmaq mümkündür. 2017-ci ilin mart ayında informasiya, infomasiyalaşdırmaq və informasiya təhlükəsizliyi haqqında qəbul olunan qanunda bu cür hallara yol verilməsi yasaqlanır. Qanun özü hansı fəaliyyətin qeyri-qanuni olduğunu göstərir və eyni zamanda onlara qarşı mübarizə aparmağın mexanizmləri formalaşıb. Dövlət və inzibati strukturların, xüsusən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əlində bu cür neqativ saytlar və resurslar müəyyənləşəndə onlara qarşı müəyyən inzibati tədbir görmək üçün hüquqi və real mexanizm var. Yəni bu cür resurslar bloklana və ya fəaliyyətləri dayandırıla bilər.

- Aparılan anti-Azərbaycan təbliğatının Azərbaycan ictimai rəyinə təsiri varmı?

- Bu hadisələr Azərbaycanda bir neçə dəfə təkrarlanıb, cəmiyyət ayıqdır. Bilirisiniz ki, bu kampaniya hələ prezident seçkilərindən öncə başlandı. Onlar Azərbaycanda prezident seçkiləri ərəfəsində ictimai fikri çaşdırmağa, ölkədə dövlət başçısına qarşı etimadsızlıq mühiti yaratmağa çalışdılar, Avropada söyüş kampaniyası həyata keçirmək istədilər. Nəticə necə oldu? Azərbaycan xalqı prezidentin ətrafında daha sıx birləşdi və cənab İlham Əliyev bu seçkilərdə öncəki seçkilərdən daha çox səs topladı. Bu, onu göstərir ki, əhali savadlıdır və təxribatın haradan gəldiyini, nə məqsəd daşıdığını bilir, nəinki onlara uyur, əksinə onların əleyhinə olan fəaliyyəti stimullaşdırır. Mingəçevir İstilik Elektrik Stansiyasında qəza zamanı dəridən-qabıqdan çıxdılar ki, çaxnaşma yaratsınlar, əhalini itaətsizliyə çağırdılar və yön verdilər ki, dövlət qurumları üzərinə gedib işıqsızlığın cavabını sorsunlar. Əhali bunu dəyərləndirdi və heç bir aksiya keçirilmədi. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları ayıq-sayıqdır. Bu hadisələr zamanı dövlət strukturları zamanında hadisəyə operativ reaksiya verdilər, ictimaiyyəti düzgün istiqamətləndirdilər. Çox yaxşı haldır ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları ayıqdırlar. Jurnalist təşkilatları, QHT-lər dövlət ətrafında sıx birləşib lazımi bəyənatlar yayır, başda Mətbuat Şurasının sədri Əflatun Amaşov olmaqla dəfələrlə həm sosial şəbəkələrdə, həm də mediada çağırışlar edərək, neqativ saytların, sosial hesabların mahiyyəti barədə əhalini bilgiləndirib, ortaya mövqe qoyub. Sevindirici haldır ki, QHT, milli KİV rəhbərləri gecə saat 2-3-də paylaşımlar edilər. Bu, təsadüfi deyil. Bu, o deməkdir ki, heç kəs yatmayıb və bu məsələlərə biganə deyil. Gecə-gündüz yatmadan dövlət yönlü, cəmiyyətin marağına uyğun olaraq sosial hesablar və media üzərindən açıqlamalar yayılması artıq ənənəyə çevrilib.

- Azərbaycan mediası bu resursların arxasında duran qüvvələrin ifşa edilməsi üçün nə etməlidirlər?

- Bir məsələ o oldu ki, bu saytların hansının anonim olub-olmadığı müəyyənləşdi, ikincisi, texnoloji vasitələrdən istifadə edərək onların haradan yayımlandığı və hansı mənbələrə əsaslandığı aydınlaşdı. Üçüncü mərhələdə bunların sifarişçilərinin müəyyənləşdirilməsi prosesi gedir. Yəqin yaxın günlərdə bu barədə konkret rəylər veriləcək. İndi də əldə detallar var, amma hələ onları açmağa tələsməyək. Görürsünüz ki, həmin informasiya yayanlar cəmiyyəti çaşdırmaq üçün müxtəlif variantlardan istifadə edirlər. Yunis Səfərovun Rusiya vətəndaşı olduğu barədə məlumat yayırlar, diqqət yönəlir ki, yəqin Rusiyadan istiqamələndirilib. Ardınca yazırlar ki, “Hizbullah”ın əməkdaşıdır, Suriyada vuruşub, deməli, diqqəti İranın üzərinə yönəldirlər. Xəbəri yayan sayta baxırsan, görürsən ABŞ-dan yaradılıb. Ona görə də tələsib sifarişçinin konkret kim və haradan olduğu barədə qərar vermək olmaz. O qədər çaşdırıcı vasitələrdən istifadə edirlər ki, tələskənliyə yol verib hansısa dövlət və ya qrupla ziddiyyətə getməməli, münaqişə həddinə çatmamalıyıq. Əldə detallar var, inanıram ki, yaxın bir neçə gün ərzində hüquq-mühafizə orqanları, dövlət təmsilçiləri və media ictimaiyyəti konkret sifarişçilərin kimliyi barədə informasiya verəcəklər.

- Sizcə, bu resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri və onlara təsir imkanları varmı?

- Buna konkret qiymət verə bilmərəm, bu, daha çox hüquq-mühafizə orqanlarının işidir. Ümumi fikrimi deyə bilərəm ki, radikallıq dünyanın heç bir yanında normal qarşılanmayan haldır. İnsanın ümumi fəaliyyətində radikallıq hiss olunursa, bu cür hadisələrdə də təsiri ola bilər, bu, bir ehtimaldır. Gəncədə baş verənlərdən başqa hələ ki konkret ortalıqda fakt yoxdur. Görünən odur ki, onlar ümumi fəaliyyətlərində radikal davranırlarsa, təbii, təxribatlara da çox tez uyurlar. Sevindirici hal odur ki, üummilikdə Azərbaycan ictimaiyyəti nə baş verdiyinin fərqindədir.                                                                                                                                                   Siam.az    

Tarix: 13-07-2018, 13:33
Xəbəri paylaş





Xəbər lenti