Azərbaycanda təxribata çağırış edən İran saytları


Sədrəddin Soltan: “Xomeyninin doktrinasını  həyata keçirmək istəyirlər”

İyulun 3-dən başlayaraq Gəncə şəhərində baş vermiş terror aktlarının və iğtişaşlarn xarici dairələr tərəfindən təşkil edildiyini təsdiq edən faktların sayı artır. Siyasi ekspertlərin qənaətincə, Gəncə hadisələrinin təşkilində həm xarici, həm də daxildəki müəyyən qüvvələr maraqlı olub. Daha konkret desək, söhbət Rusiya və İranın xüsusi xidmət orqanlarının Azərbaycanda qarşıdurma yaratmaq planlarından gedir. Mingəçevir İES-in yarımstansiyasında baş vermiş partlayışın ardınca Gəncə şəhərində icra hakimiyyətinin başçısına sui-qəsd edilməsi və iki yüksək vəzifəli polis zabitinin qətlə yetirilməsi ölkədə sabitliyin pozulmasına hesablanmış planın tərkib hissəsi idi. 

Analitiklərin ilkin ehtimallarına görə, Azərbaycanın Avropa Birliyi ilə “Tərəfdaşlıq prioritetləri” sənədini imzalaması, eyni zamanda, son zamanlar ABŞ-ın Cənubi Qafqazda geosiyasi fəallığının artması Rusiyanın rəsmi Bakıya təzyiqlərinin artması ilə müşahidə olunur. Lakin Rusiya bu məqsədə çatmaq üçün İranla birgə hərəkət edib. Yəni Suriyada olduğu kimi Azərbaycanda da Rusiya güc nümayiş etdirmək üçün İranın dini-ideoloji silahından istifadə edib. Rusiyaya və İrana bağlı olan “5-ci kolon” isə yaranmış vəziyyətdən istifadə edərək siyasi mövqelər qazanmağa çalışıb. Təbii ki, bunlar ilkin ehtimallardır. Ancaq Gəncədə qarşıdurmaya çağıran bir sıra xarici saytların fəaliyyəti artıq iştişaşların təşkilatçılarının ünvanını müəyyənləşdirməyə imkan verir. 

“Pasthaber.com”, “Arannews.com”, “Nur-az”.com, “Abna.com”, “Qafqaz.ir”, Qafqaz Mədəniyyət Mərkəzinin orqanı olan “Qafqaznews.ir” xəbər saytları iyulun 10-da, yəni Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polkovnik İlqar Balakişiyevin və Nizami rayon Polis İdarəsinin rəis müavini, polkovnik-leytenant Səməd Abbasovun qətlə yetirildiyi gün kütləvi qarşıdurmaya çağırışlıar edib. Son günlər törədilmiş cinayətlərə bəraət qazandıran bu cür təxribatçı çağırışlar hələ davam edir. Bu isə İrana bağlı dini ekstremist qüvvələrin vasitəsi ilə Azərbaycanda parçalanma, vətəndaş qarşıdurması yaratmaq planlarından əl çəkmədiyini göstərir. 

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən “Orta Doğu” Araşdırmalar Mərkəzinin rəhbəri Sədrəddin Soltan hesab edir ki, adları çəkilən saytlar həqiqətən İrana məxsusdur. Bu səbəbdən də İrandan maliyyələşən həmin xəbər saytları bir qayda olaraq Azərbaycanın milli və dövlət maraqlarının əleyhinə çıxış edir: “Gəncə hadisələri isə hələ araşdırılmalıdır. Baş Prokurorluq, Daxili İşlər Nazirliyi ilkin açıqlama versə də bu məsələ ətraflı araşdırma tələb edir. Söhbət yalnız hadisənin törədən şəxsdən deyil, niyə məhz həmin şəxslərə qarşı sui-qəsdin seçilməsi, hadisənin həyata keçirilməsi yeri kimi niyə məz Gəncə şəhərinin seçilməsi müəyyənləşdirilməlidir. Azərbaycanın keçmiş və müasir tarixində Gəncənin mühüm yeri var. Bir sıra cəhətlərinə görə Gəncə Azərbaycan üçün strateji mövqeyi olan bir şəhərdir. Gəncədə böyük bir “İmamzadə” ziyarətgahı var. Ona görə Gəncə şiə inanclı insanların çoxluq təşkil etdiyi bölgədir. Gəncə şeyx yetişdirən bir şəhərdir və İslam dininin mədəniyyət mərkəzlərindən biridir. Gəncə Azərbaycan türkçülük və islam fəlsəfəsinin daşıyıcılarının yaşadığı bir şəhərdir.

Bu səbəbdən də Gəncəyə xarici qüvvələrin marağı böyük olub. Onu da deyim ki, gəncəlilər bir neçə dəfə sürgünə məruz qalıblar. Birinci dəfə Çar Rusiyasının dövründə, ikinci dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə, üçüncü dəfə isə sovet hakimiyyəti qurulduqdan sonra. Hətta Gəncə şəhərinin adı bir neçə dəfə dəyişdirilib. Bu faktlar göstərir ki, Gəncə sıradan bir şəhər deyil. Orada maraqlar toqquşur və şəhərə başçılıq edən şəxs bu tip məsələləri bilməlidir. Məsələn, 1993-cü ilin sentyabr ayından sonra Gəncə şəhərinin icra başçısını qətlə yetirmişdilər. 25 il keçəndən sonra Gəncədə icra başçısıına qarşı yenidən sui-qəsd cədi baş verir. Əsas məqamlardan biri də bunun niyə baş verməsi ilə bağlıdır. Azərbaycanın qonşuları, həm İran, həm Rusiya bir sıra məsələlərdə ölkəmizi zəif duruma salmağa çalışır. 

İranın və Rusiyanın da Azərbaycanda “5-ci kolon” adlanan qüvvələri fəaliyyət göstərir. Amma nə mən, nə başqası birbaşa məhkəmənin qərarı olmadan təqsirləndirilən şəxsin xarici ölkənin xüsusi xidmət orqanlarına bağlı olduğunu iddia edə bilməz. Bütün hallarda isə Azərbaycanda baş verən hadisələrdə Rusiyanın və İranın maraqlarının olmasını istisna etmirəm. Gəncədə isə İranın xüsusi maraqları var. Bu yalnız indi deyil, əvvəllər də belə olub. Gəncə əhalisi cəfərilik təriqətinin daşıyıcısı olduğundan İran ora xüsusi diqqət yetirir. Ayətullah Həmədani İrandan Azərbaycana səfərə gələndə Gəncəyə də getmişdi. İran prezidentləri Bakıya gələndə Gəncəyə də gedirlər. Bu, İranın Gəncəyə xüsusi yanaşmasından xəbər verir. 1990-cı illərin ortalarında İranın Əsgər Fərdi deyilən bir aparıcısı “İranın Qafqazdakı 14 şəhəri” adlı veriliş hazırlamışdı. Həmin şəhərlər siyahısına Gəncənin də adını daxil etmişdi. Yaxud İranda həmişə Nizami Gəncəvini fars şairi kimi təqdim etməyə çalışıblar. Sovet dövründə də Gəncəyə xüsusi diqqət var idi. SSRİ Ali Sovetinin sədri Padqornı  Göy-Göl yaxınlığındakı  istirahət mərkəzində dincələrdi. Sovet hakimiyyəti illərində Gəncənin gənclərini məqsədyönlü şəkildə xuliqanlığa, həbsxanaya meyilli həyat tərzinə, narkomaniyaya alışdırmağa çalışdılar.

Onlardan “qanuni oğru”lar da düzəltdilər. Amma Gəncə Azərbaycanın tarixi, mədəni bir şəhəridir. Ora xüsusi yanaşma lazımdır. Gəncədə hegemonluq etmək, insanların dini, milli hissiyyatları ilə oynamaq yolverilməzdir. Eyni zamanda, Gəncə ticarət mərkəzi olub. Ona görə də Gəncə əhalisinin əmlakına toxunmaq düzgün deyil. Yəni bütün bunlar kompleks məsələlərdir. Baş verən olayların təhlili göstərir ki, Gəncədə baş verənlər adi məişət hadisəsi deyil. Onun dərin kökləri var. Əgər terror hadisəsidirsə, bu daha böyük problemdir. Yəni bu terroru törədən şəxs və ya onu təşkil edən təşkilat nə üçün belə bir addım atdığını elan etməlidir. Əks halda, ölkədə xaos yaratmaq məqsədi daşıyarsa, onun qarşısını almaq daha çox hüquq-mühafizə orqanlarının işi olacaq. Bütün hallarda Azərbaycan ictimaiyyəti belə hallarda ayıq olmalı, öz dövlətinin yanında olmalıdır. Dövlətini və millətini sevən adam ona qarşı çıxmaz. Gəncə hadisələri bir çox məqamlara aydınlıq gətirdi. Həm ölkəyə gələn təhdidlərin hansı istiqamətlərdən yönəldiyi müəyyən edildi, Azərbaycan vətəndaşlarının bu kimi hallar münasibətini meydana çıxartdı. Yəni bu hadisə Azərbaycan dövləti və cəmiyyəti üçün bir oyanış siqnalı idi”.

Qeyd edək ki,  “İyulun 3-də və 10-da Gəncədə baş vermiş qanlı hadisələrə prezident İlham Əliyev də münasibət bildirib. Dövlət başçısı hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda törədilmiş cinayət aktlarını dövlətçiliyə qarşı törədilmiş cinayət adlandırıb.

“Bu cinayəti törədən cinayətkar qrup Azərbaycanda sabitliyi pozmaq istəyir. Cəmiyyətimizi qorxutmaq üçün bu qanlı terror aktları törədilib. Bu terror aktları dini şüarlar altında törədilib. Bu, özlüyündə islam dininə qarşı ən böyük cinayətdir”-prezident ilham Əliyev belə deyib. 

Sədrəddin Soltanın sözlərinə görə, İslam dininin adından istifadə edən müxtəlif cinayətkar qruplaşmalar olub. Dünyada radikalizmi, islam ekstremizmi kimi terminlər ilk dəfə İran İslam İnqilabından sonra yaranıb. Sonrakı illərdə Yaxın Şərqdə “Hizbullah”, Əfqanıstanda “Mücahidlər”in fəaliyyətə başlaması ilə İslam terrorizmi amili formalaşdı. Son illər isə Əfqanıstanda “Əl-Qaida”, Afrikada “Boko-Haram”, Yaxın və Orta Şərqdə İŞİD terror qruplaşması İslam dini adı altında fəaliyyət göstərib. Azərbaycanda da müəyyən dairələr islam dininin adından spekulyativ məqsədlərlə istifadə edir: “Bu addımlar həm İslamı ləkələməyə xidmət edir, həm cəmiyyətdə inamsızlıq yaradır. Eyni zamanda, cəmiyyətin parçalanmasına rəvac verir. Sonra hansısa bir cani İslam adı altında bir terror törədərkən, insanlarda inamsızlıq yaranır və cəmiyyətdə bölünmə baş verir. Bu isə dövlətin təhlükəsizliyinə təhdiddir. Ona görə də dünyanın bir sıra ölkələrində çeşidli terror aktları törədilir. Bu həm də İslama qarşı bir yürüşdür. İstər edamlar, istər qadının daş-qalaq edilməsi, istər əl kəsmək olsun, bunların hamısı İslama qarşı törədilmiş cinayətlərdir”. 

Sədrəddin Sultan onu da bildirdi ki, 1993-cü ildə Gəncədə Surət Hüseynovun başlatdığı hərbi qiyamın təşkilində İranın və Rusiyanın xüsusi xidmət orqanları birgə hərəkət etmişdilər. Həmin vaxt İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əkbər Nəhavəndiyan və Rusiyanın səfiri Valter Şoniya Gəncəyə gedərək silahlı qiyama dəstək vermişdilər: “Nəhavəndiyan Gəncədə qalmış, Bakıya qayıdan Şoniya isə baş nazir Pənah Hüseynova demişdi ki, Kəlbəcər hadisələrindən yaxşı qurtardınız. Görək, bundan sonra nə edəcəksiniz. Yəni 1993-cü il aprelin 1-də Kəlbəcər işğal olundu. Lakin hakimiyyət vəziyyətdən çıxa bildi. Bir ay dörd gün sonra isə Gəncədə hərbi qiyam baş verdi. Həmin vaxt Nəhavəndiyan Gəncədən çəkilmirdi və bu prosesi dəstəkləyirdi. İran 1990-cı illərin ortalarında da Ermənistana kömək edirdi”.

Şərqşünas bildirdi ki, son günlər Gəncədə baş verən hadisələri Ayətullah Xomeyninin “İran İslam İnqilabının İxracı Doktrinası”na əsaslanır. Yəni Azərbaycanda bu əqidənin daşıyıcıları olan insanlar şəriət dövləti qurmaq ideyasına qulluq edir: “Azərbaycan İslam Partiyası, İlqar İbrahimoğlu, Milli Şuradakı Elçin Rüstəmov kimiləri Xomeyninin xətti-imam-çılarıdır. Amma xalqımız siyasi islamın çox təhlükəli olmasının nəzərə almalıdır. Məsələn, kommunizmin nə qədər böyük təhlükə olduğuna bələdik. Siyasi islamın hansı problemlər yaradacağını bilmirik. Bəziləri elə bilir ki, islamçılar hakimiyyətə gəlsə, ölkəni peyğəmbər övladları idarə edəcək. Xeyr, onlar İranda, Əfqanıstanda olduğu kimi yeyib dağıdacaqlar. Etiraz edəni də İslam düşməni elan edib qətlə yetirəcəklər”.

Müşfiq Abdulla

Cebhe.info

Tarix: 14-07-2018, 17:02
Xəbəri paylaş





Xəbər lenti