Yolla birgə çökən məmur nüfuzu


Yolla birgə çökən məmur nüfuzu
Bakıda yolun hərəkət hissəsinin çökməsi bir daha bəzi vəzifəli şəxslərin işlərinə məsuliyyətlə yanaşmadığını ortaya çıxartdı. Məsələ ilə bağlı dərhal açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat katibi Anar Nəcəfli çökməyə səbəb olaraq yaxınlıqda aparılan metro tikintisini əsas gətirdi.

Qurum rəsmisinin bu açıqlamasına cavab gecikmədi, günahlandırılan digər dövlət qurumunun, “Bakı Metropoliteni” QSC-nin rəsmisi iddiaları təkzib etdi və qurum rəsmi məlumat yayaraq bildirdi ki, çökməyə səbəb metro tikintisinin aparılması deyil:

”Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində yolun hərəkət hissəsində baş vermiş çökmə metro tikintisi ilə bağlı deyil”. Bir-birini təkzib edən iki rəsmi açıqlamanın ardından insan kimə inanacağını bilmir. Hadisənin bir neçə gün öncə baş verməsinə baxmayaraq, hələ də sözügedən olayın səbəbləri ilə bağlı dəqiq məlumat verilmir. Ehtimal nəzəriyyəsi üzərində fikirlərini quran rəsmilər çox güman ki, bu səpkili açıqlamalar verməklə, məsuliyyəti üzərlərindən atmağı, diqqəti başqa məsələlərə yönəltməyi düşünürlər. Amma fakt faktlığında qalır ki, həmin yolda aparılan işlər heç də şəffaf olmayıb.

Maraqlıdır ki, cənab Nəcəfli sosial media hesabından daha sonra hadisəylə bağlı dəqiqləşdirmə aparmağa çalışıb, ancaq nəticədə ehtimaldan o yana gedə bilməyib: “Ehtimal olunur ki, bu, ərazidə əvvəllər mövcud olmuş, sonradan söküntüsü yarımçıq həyata keçirilmiş binanın divarlarıdır. Yolun çökməsinin səbəbi də məhz torpaq qatının həmin boşluğa çökməsidir”.

Rəsmi, səlahiyyətli və vaxtılə mediada çalışan biri kimi A.Nəcəfli təsdiqlənməyən ehtimalların özünüsığortadan başqa bir şey olmadığını yəqin ki, bilməmiş deyil. Ən maraqlısı da, mətbuat sözçüsünün hər dəfə hansısa qurumu hədəfə alması, başqa sözlə, kimlərisə günahlandırmaqla AYDA-nı təmizə çıxarmağa çalışmasıdır.

Yolun çəkilməsini hansı qurum həyata keçirir, qanunvericilikdə yolla bağlı məsələlərə hansı qurum cavabdehdir? Vaxtılə orada hansısa bina olub deyə yolun tikintisi zamanı o boşluğu kim doldurmalı idi?

Ümumiyyətlə, yol salınanda torpağın geoloji xəritəsini kim tərtib edir və buna müvafiq işləri aparan cavabdeh qurum kimdir? Doğrudanmı mətbuat yetkilisi hesab edir ki, hər dəfə yol məsələsiylə bağlı istənilən arqumenti və səbəbi ictimai rəyə sırıya biləcək? Nə zamanadək əsassız arqumentlərlə və insanları günahlandıran açıqlamaları ilə təmsil olunduğu qurumu və şəxsini haqlı çıxarmaq niyyətindədir? Əlaqədar dövlət qurumları məmurların zamanında səlahiyyətlərini doğru-düzgün yerinə yetirmədiyini, məhz onların qeyri-peşəkarlığı, habelə səriştəsizliyi nəticəsində insanların yollarda qaldığını, yollarının bağlandığını, nəhayətdə çökdüyünə niyə qiymət vermirlər? Və ya əsassız ehtimallarla başqa dövlət qurumunu günahlandırmaq, nəticə etibarılə onu ictimaiyyət arasında nüfuzdan salmaq hansı hüquqa və etikaya uyğundur?

Anar müəllimə zəruri xatırlatma: Yolu salanda baxmazlar ki, onun altında nə var, altından nə keçir? Bunun günahkarı kimdir bəs? Bir sözlə, veriləcək suallar çoxdur, ancaq alınan cavablar ehtimallardan uzağa getmədiyi üçün dövlət qurumları üz-üzə, ictimaiyyət isə çaş-baş qalıb. Bu da bir daha vəzifəlilərin işlərinin öhdəsindən doğru-dürüst gəlməməsindən, sadəcə, görüntü xarakteri daşımaqla dövlət büdcəsinin pullarını boşuna sovurmaqdan xəbər verir. Nəticədə isə əziyyət çəkən əhali olur. Əgər bu yolda fəlakət, qəza baş versəydi, o zaman bunun məsuliyyətini kimin üzərinə atacaqdılar? Sürücünün ki, həmin yolda hərəkəti düzgün tənzimləməyib? Dövlət rəsmilərinin bütün bu kimi məsələlərdə həddindən artıq cılız açıqlamalar verməsi artıq əhalini əməlli-başlı yorub. Aidiyyatı qurumlar özləri isə sərişətizliklərindən yorulmaq bilmirlər.

Ümid edək ki, rəsmilər bundan sonra baş verən istənilən hadisəylə bağlı ətraflı, dəqiq, biri digərini günahlandırmamaqla, ictimaiyyəti çaşqınılıq içində buraxmamağa, ən əsası özlərinin günahkar olduğunu etiraf edəcək açıqlamalara söykənəcəklər. Yoxsa ki, əməlləri bir yana, danışıqları da məsuliyyətsizlik saçır...
 
Tarix: 18-07-2018, 10:13
Xəbəri paylaş





Xəbər lenti