Təxribat ssenarisinin arxasındakı güc - TƏHLİL



Təxribat ssenarisinin arxasındakı güc
Mingəçevirdəki işıq qəzası, ardınca Gəncədə baş verən hadisələrə müxtəlif yanaşmalar var. Bəziləri bunu sıradan bir qəza və kriminal hadisə kimi qiymətləndirsə də, əksərriyətin fikri budur ki, baş verənlər təsadüfi deyil, kənardan müdaxilə olunub və ölkədə təxribat, xaos yaratmağa hesablanıb. Bu məsələdə daha çox İranın adının çəkilməsi baş verənlərin din adı altında törədilməsindən irəli gəlir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi keçirdiyi mətbuat konfransında Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı terror edən şəxsin İranda yetişdirilməsi ilə bağlı xəbərlərə münasibət bildirib."İran İslam Respublikası zorakılığı həmişə pisləyir, biz bu hərəkəti qınayırıq və ümid edirik ki, onun səhhəti tezliklə yaxşılaşacaq”-deyə B.Qasimi deyib.

Ümumiyyətlə, iddiaların təkzib olunması və ya qəbul olunaraq etiraf edilməsi əslində heç nəyi dəyişmir. Çünki hadisə baş verib və məsələnin kökündə nələrin dayandığı araşdırılır. Azərbaycana qarşı kimlərinsə məkrli plan qurduğu məlum məsələdir. Bu maraqları məhz Azərbaycanı xaosa çəkməklə reallaşdırmaq istəyirlər. Onların kim və ya kimlər olduğu isə yəqin ki, qısa zamanda bəlli olacaq. Məlumdur ki, Azərbaycan bölgənin ən güclü dövlətlərindən biridir. Artıq güclü Azərbaycan dövləti imici formalaşıb və görünən odur ki, bu durum hansısa güclərin xoşuna gəlmir və ya maraqlarına cavab vermir. Bunun üçün də bu və ya dogər formada neqativ hadisələrə təkan verilir.

Azərbaycanda təxribat yatarmaq, ölkəni xaosa sürükləmək cəhdlərinin arxasında hansı maraqlar durur?

Politoloq Nəzakət Məmmədova “Cümhuriyət” qəzetinə şərhində maraqlı məqamlara toxunub. N.Məmmədova hesab edir ki, Azərbaycanı xaosa o qüvvələr çəkmək istəyir ki, onlar uzun onilliklər boyu bizim ərazilərimizi öz nəzarətində saxlayıb, əhalimizi istismar ediblər: “Bu cür əlverişli coğrafi mövqeyi, bərəkətli torpaqarı olan ölkənin əllərindən çıxması bu dairələrdəki imperialist düşüncəli qüvvələri narahat edir və onlar itirdikləri mövqeləri yenidən əldə etmək istəyirlər. Lakin Azərbaycan nə xanlıqlar dövründəki parçalanmış ərazilər toplusu, nə də 1920-ci ildəki işğal olunmuş cümhuriyyət deyil. Şimaldan, cənubdan imperiya təfəkkürünü beynindən ata bilməyənlər başa düşməlidirlər ki, müasir dünya sistemində artıq imperiyalar dövrü çoxdan bitib. Onların özlərinin mövcudluğu sual altındadır. Onların hansısa qonşu dövləti öz nəzarətinə alması mümkün deyil”.

Nəzakət Məmmədovanın sözlərinə görə, Azərbaycanı xaosa çəkmək istəyən güclər daim ikili standartlardan çıxış edir. Politoloq buna Ermənistanda baş verən çevrilişi misal gətirərək dövlətlərə qarşı yanaşmanın doğru seçilmədiyini deyib: “Onların özlərinə beynəlxalq təzyiqlər gücləndiyi zaman qonşu ölkələrə, əsasən Azərbaycana qarşı hücuma keçirlər. Halbuki, Azərbaycan öz ərazisindən heç zaman bu qonşu ölkələrə qarşı üçüncü ölkələrin təxribat-pozuculuq fəaliyyətinə imkan verməyib, bütün çətinliklərə sinə gərərək dostluq, qonşuluq öhdəliklərini yerinə yetirib. Paradoks ondadır ki, dövlət çevrilişindən sonra Rusiya və İranın maraqlarını inkar edən Ermənistan bu təzyiqlərlə, təxribatlarla üzləşmir, əksinə, balanslı siyasət yeridən Azərbaycana qarşı təxribat-pozuculuq fəaliyyəti baş verir”.

N.Məmmədova hesab edir ki, baş verənlər təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq: “Halbuki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi üzvü olduğu halda NATO ilə də yaxından əməkdaşlıq edir, obrazlı desək, iki stulda oturmağa çalışır. Görünür, Azərbaycanın konstruktiv siyasəti, inkişafının sürət tempi, beynəlxalq aləmdə qazandığı nüfuz ona qarşı olan bir çox dairələri narahat edir və onlar artıq demarşlardan birbaşa terror-təxribat üsullarına əl atıblar. Lakin əminliklə demək olar ki, 1993-cü ildən bəri dəfələrlə silahlı dövlət çevrilişi, qiyamla üzləşən Azərbaycan dövlətçiliyi əmin əllərdədir və bu dəfə də bu sınaqlardan üzüağ çıxacaq”.
 
Tarix: 19-07-2018, 10:50
Xəbəri paylaş





Xəbər lenti