"Azərbaycanda 2 saat, Gürcüstanda isə 2 dəqiqə itirdim" - Sərhədi keçən ekspert real vəziyyəti təsvir etdi


"Azərbaycanda 2 saat, Gürcüstanda isə 2 dəqiqə itirdim" - Sərhədi keçən ekspert real vəziyyəti təsvir etdi

“Gömrük sistemində aparılan islahatlar hələlik sərhəd-buraxılış məntəqələrinə gəlib çatmayıb. Demək olar ki, heç nə dəyişməyib”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, eskpert Osman Gündüz deyib. O, bildirib ki, mövcud vəziyyəti Balakən ərazisində yerləşən Mazımçay məntəqəsində müşahidə edib:

“Yenə də, Azərbaycan tərəfdə, həm giriş, həm də çıxışda uzun növbələr və Gürcüstan tərəfdə heç bir gözləmə yoxdur. Çox qəribədir. Məndən qabaqda növbədə 20 maşın vardı və düz 2 saatdan sonra, Azərbaycan tərəfin gömrük və sərhəd xidmətlərinin yoxlama proseduralarından keçərək məntəqədən çıxış ala bildim.

Giriş və çıxış sənədləşməsi üçün eyni ərazidə 2 pəncərə var, biri DGK, digəri DSX.

Gəldim Gürcüstan, Laqodexi məntəqəsinə və təxminən 2 dəqiqə vaxt itirdim. Beləliklə, Azərbaycan tərəfində 2 saat, Gürcüstan tərəfdə isə 2 dəqiqə itirdim. 

Axşam geriyə dönəndə də tam eyni vəziyyət alındı. Laqodexi məntəqəsində 1-2 dəq vaxt itirdim. Azərbaycan tərəfə Mazımçay məntəqəsinə yenə də təxminən 17-20 maşın növbədəydi. Yenə də, təxminən 2 saat vaxt itirdim. Növbədə dayananlar, xarici və yerli vətəndaşlar saatlarla baş sındırırdılar ki, bu nə üçün belə olmalıdır axı?”

Ekspert bununla bağlı olaraq bir neçə təklif irəli sürüb:

“2 saatlıq müşahidəm nəticəsində bir neçə təklif də verə bilərəm:

1. Giriş və çıxış sənədləşmə yerləri ayrı olmalı,
2. Pəncərələrin sayı artırılmalı,
3. TİR-lar üçün fərqli giriş-çıxış olmalı,
4. İstifadə olunan proqramlar, məlumat daxiledilən formalar və informasiya sistemləri sadələşdirməli və şəbəkə dayanıqlı olmalı,
5. Vətəndaş avtomobilindən düşmədən pəncərəyə yaxınlaşa bilməli və bütün proseslər maşında olduğu halda aparılmalı, zəruri halda maşından enməlidir.
6. DGK və DSX-nin təkrar yoxlamaları, eyni bir məlumatı təkrar daxiletmə proseduraları aradan qaldırılmalı,
7. Əməkdaşlar üçün normal iş şəraiti yaradılmalıdır (Mazımçayda milyonlarla vəsait xərclənib tikilən müasir məntəqə kənarda qalıb, əməkdaşlar vaqonun içərisində qan tər içində işləyirlər)”.

O.Gündüz həmçinin bildirib ki, sərhədi piyada keçənlər üçün indiki şərait dözülməzdir:

“Mən dünyanın heç yerində dağa dırmaşan, 1 km uzunluğunda piyada keçidi görməmişəm. Son dövrlərdə DGK-da ciddi kadr dəyişikləri olduğunu, innovativ düşünən şəxslərin də rəhbərliyə gətirildiyini, qanunvericiliyin təkmilləşdirilməsinə başlandığını bilirəm. Ümid edirəm ki, sərhəd-buraxılış məntəqələrində də bu islahatların real nəticələrini görə biləcəyik”.

Hicranə İsmayılova

Tarix: 2-08-2018, 15:22
Xəbəri paylaş





Xəbər lenti