Sarkisyan Qarabağa sığınır - “Orda güclü siyasi dayaqları var”


Sarkisyan Qarabağa sığınır - “Orda güclü siyasi dayaqları var”

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan İtaliyadan Ermənistana qayıdıb, oradan isə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəlib. Erməni mətbuatı sabiq prezidentin artıq 3 gündür ki, Xankəndində olduğunu yazıb. Mətbuatın yazdığına görə S.Sarkisyanın anasına baş çəkmək üçün Dağlıq Qarabağa gəlib.

Başqa məlumatlara əsasən, o, 10 gün xaricdə səfərdə olub və İtaliyada dincəlib. S.Sarkisyanın ofsinin rəhbəri Nairi Petrosyan keçmiş prezidentin bir həftə əvvəl Ermənistana qayıtdığını söyləyib. Qeyd edək ki, artıq bir müddətdir Serj Sarkisyanın Ermənistana qayıdacağı halda  həbs olunacağına dair  iddialar səslənir. Buna qədər isə artıq keçmiş prezident Robert Köçəryan həbs olunub.

Maraqlıdır, Sarkisyan niyə İrəvana yox, məhz Qarabağa qayıdıb?

Siyasi şərhçi Azər Qasımlı Cebhe.info-ya açıqlamasında Serj Sarkisyanın Qarabağa getməsində əsasən iki amil olduğunu deyib. A.Qasımlı hesab edir ki, Sarkisyan Qarabağa gəlməklə həbs təhlükəsindən yayınmaq istəyir:

“Həqiqətən də Sarkisyanın həbs olunması məsələsi var. Doğrudur, bu gün bu məsələ aktual deyil. Ancaq məsələ yavaş-yavaş gündəmə gəlir. Erməni mətbuatında da son 1 həftədir ki, bu mövzu gündəmə gətirilir. Digər tərəfdən Köçəryan həbs olunduqdan sonra daha bir neçə nəfər, o, cümlədən dünən baş nazirin müavini və onun qardaşı həbs olunub. Ondan sonra da Sarkisyanın həbs olunacağı ilə bağlı fikirlər dolaşmağa başlayıb. Digər bir səbəb isə odur ki, həm Köçəryanın, həm Sarkisyanın qondarma Dağlıq Qarabağda güclü siyasi dayaqları var. Sarkisyan bu kartdan istifadə edərək öz təhlükəsizliyini təmin etmək istəyir.

Onu da qeyd edim ki, dünən qondarma Dağlıq Qarabağ parlamentinin deputatları Ermənistan prokurorluğuna rəsmi müraciət göndəriblər ki, Qarabağın və Ermənistanın dövlət quruculuğunda iştirak etdikləri üçün Koçaryanı həbsdən azad etsinlər, Sarkisyana  qarşı isə heç bir təqib siyasəti aparmasınlar. Bu müraciətin arxasında isə qondarma Dağlıq Qarabağın rəhbəri Bako Saakyan  dayanır. Bu isə onu deməyə əsas verir ki, hər iki şəxs birbaşa Qarabağ klanına bağlıdır. Təbii ki, Sarkisyan da Qarabağa getməklə öz təhlükəsizliyinə  təminat  almaq istəyir. Bu isə indiki Qarabağ rəhbərliyi ilə Ermənistan rəhbərliyi arasında çox ciddi problemlər yarada bilər. Hazırda həmin problemlər yavaş-yavaş üzə çıxmağa başlayır. Burada təbii ki, Rusiyanın da prosesə təsir imkanları var. Rusiya Qarabağ klanından istifadə edib Ermənistana təsir göstərə bilər”.

Vilayət Muxtar

Tarix: 9-08-2018, 13:59
Xəbəri paylaş





Xəbər lenti