Ərəb turistlərinin Azərbaycan macəraları: - “Fəvvarələr bağı” gecələr...”

 Son zamanlar ölkədəki “turist bumu” nəzərə çarpmayacaq deyil. Hər ötən il turistlərin sayının artması ilə yanaşı, həm də coğrafiyası genişlənir. Məsələn, əvvəllər Azərbaycana əsasən Rusiyadan çoxlu turist gəlirdisə, indi artıq Pakistan, Hindistan, Oman, İraq, Küveyt, Qətər, hətta Malayziyadan da əcnəbilər ölkəmizə üz tuturlar. Elə reportajımızın qəhrəmanları da Omandan gələn 2 qardaşdır. Feyzi Əl Fighi və Nusret Əl Fighi qardaşları Omanda müəllim işləyirlər.

Cebhe.info-nun əməkdaşı ilə söhbətlərində bildirirlər ki, Azərbaycanı görmək onların çoxdankı arzusu olub. Tarix müəllimi işləyən qardaşlardan böyüyü Feyzi deyir ki, Azərbaycanın adını elə ilk dəfə tarix kitabında görüb. Daha sonra Azərbaycanla maraqlanmağa başlayan Feyzi ölkəmizin adət-ənənələrinə vurulub: "Uşaq vaxtı tarixə, ölkələrə çox böyük marağım olub. Ölkələr haqqında, onların adətləri ilə bağlı məlumatları oxumağı sevirdim. Bəlkə də elə ona görə, sonradan tarix müəllimi oldum. Amma Azərbaycana qarşı xüsusi simpatiyam olub. Həmişə gəlib buradakı tarixi və mənzərəli yerləri əyani görmək istəmişəm. Daha sonra elə oldu ki, Azərbaycana gəlmək asanlaşdı. Məsələn, indi biz gəlib elə hava limanındaca, vizanın rüsumunu ödəyib ölkənizə giriş edə bilirik.

Həm də Azərbaycan hazırda ərəb ölkələrində çox tanınmış dövlətdir. Çünki çox turist gəlir Azərbaycana və buradakı mənzərəli yerlərdən, buranın qonaqpərvərliyindən və Bakının gözəlliyindən ağızdolusu danışır. Yəni Azərbaycanla bağlı Omanda reklam çarxları yoxdur. Biz sadəcə ölkəniz haqqında ağızdan-ağızda, dildən-dilə yayılan məlumatlardan həvəslənib gəlirik. Birinci gün Heydər Əliyev adına Hava Limanına düşəndə, oranın göz oşxayan infrastrukturunu görəndə bildim ki, Azərbaycan gözəl yerdir. Bakı mənim çox xoşuma gəlir. Çünki burada şərqlə qərbin vəhdəti var. Həm şərq koloritində olan binalar, həm də qərb üslubunda tikilmiş arxitektura var. Həmçinin yaşıllıqlar, parklar çoxdur.

Ən çox gəzdiyimiz yer isə “Tarqovu” küçəsi kimi tanınan “Fəvvarələr bağı” və İçərişəhərdir. 4 gündür burdayıq. Qaldığımız mehmanxananı da özümüz “Fəvvarələr bağı”na yaxın seçmişik ki, hər axşam çıxıb burada gəzək. Burada axşamlar maraqlı olur. Adamın sanki ruhu dincəlir. 2 gündən sonra qayıdacağıq Omana. Amma tam səmimi deyim ki, bura üçün çox darıxacam". Omanda özəl banklardan birində işləyən Nusret də böyük qardaşı ilə eyni fikirdədir. Azərbaycanı çox sevdiyini deyən Nusret deyir ki, qardaşından fərqli olaraq, onun daha çox Qəbələdən xoşu gəlib: "Mən təbiəti daha çox sevirəm. Ona görə də Qəbələ çox xoşuma gəldi. Bildiyiniz kimi Oman səhralıqda qurulan dövlətdir. Yəni belə gözəl təbiəti azdı. Təkcə dənizi yaxşıdı. Ona görə mən Qəbələyə vuruldum. Tam səmimi deyirəm, imkanım olsa elə Qəbələdə ev alıb qalardım.

Qəşəng meşəliyi, dağları var. Ona görə də Feyzini bilmirəm, amma çox güman ki, mən bura bir də gələcəm. Hər halda gələn dəfə ailəvi gələrəm. Çünki bu cür gözəl yerləri uşaqlarımın da görməsini istərəm. Gözəl yerlərlə yanaşı, buranın yeməkləri də çox dadlıdır. Əsas da dolma, və aşı çox sevdim. Bizdə də aş var. Amma burada başqa cür bişirilir. Sizinkilərin bişirdiyi daha çox xoşuma gəldi. Bir də çayınız da çox dadlıdır. Sanki adam içdikcə içmək istəyir. Əsas da samovar çayını lap çox sevdim".

Bu söhbətdən sonra omanlı qardaşlarla sağollaşmaq istəyərkən Feyzi hələlik deyir. "Biz bura yenidən gələcəyik, ona görə də Azərbaycanla sağollaşmırıq" deyib yoluna davam edir.
Tarix: 23-08-2018, 10:24
Xəbəri paylaş





Xəbər lenti