Köçəryan separatçı rejimlə təmaslarını sıxlaşdırır


Ermənistanın sabiq prezidenti Robert Köçəryan siyasətə qayıdacağını elan etdikdən sonra onun Qarabağ ermənilərini Paşinyan hakimiyyətinə qarşı hazırlamaq niyyətində olduğu barədə informasiyalar çoxalıb.

Musavat.com erməni mətbuatına istinadən xəbər verir ki, Köçəryan barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün vəsatət verən qruplardan biri də qondarma “respublika”nın “parlamenti”nin 15 “deputat”ı olub. Qarabağın erməni icmasını təmsil edənlərin dilindən hətta vətəndaş müharibəsi ilə bağlı təhdidlər gəlməyə başlayıb. Məsələn, Milli Təhlükəsizlik Partiyasının sədri Qarnik İsaqulyan indiki hakimiyyəti “inqilabçı” və ya “əks-inqilabçı”lara bölməməyə çağırıb. O, Paşinyan iqtidarının Qarabağla bağlı hər hansı bir güzəştə gedəcəyi təqdirdə vətəndaş müharibəsinin başlanacağını söyləyib.

Qondarma “DQR”in “parlament”inin “deputat”ı Ayk Xanumyan 1in.am saytına Qarnik İsaqulyanın bu bəyanatını boş yerə söyləmədiyini bildirib. “İsaqulyan "DQR"in Ermənistandakı “daimi nümayəndəliyi”nin müşaviridir. Fikirləşirəm ki, o Qarabağdakı erməni hərbi komandirlərlə də görüşüb. Hazırda Bako Saakyan (qondarma rejimin başçısı - red.) və onun “generalları” əvvəlki vəziyyəti bərpa, habelə köhnə dövrlərdə olduğu kimi, dövlət büdcəsini talamağa, silahlı gücün qeyri-qanuni olaraq tətbiqinə, işgəncələrə davam etmək üçün fors-major situasiyanı güdürlər. Bütün bunlar olduqca real söyləntilərdir. Lakin mən bunu Robert Köçəryanın deyil, Serj Sərkisyanın adı ilə bağlayardım. Çünki Serj Sərkisyan bu yaxınlarda Dağlıq Qarabağda olub və burada onun ətrafında hərbçilər toplanıb, onunla nahar ediblər, müxtəlif kilsələrə baş çəkiblər. Fikirləşirəm ki, onlar elə Serj Sərkisyandan müxtəlif göstərişlər də alırlar. Görünür, bu insanlar üçün Nikol Paşinyan öz hakimiyyətləri üçün təhdid sayılır" - Ayk Xanumyan əlavə edib.

Siyasət şöbəsi

Tarix: 25-08-2018, 09:55
Xəbəri paylaş





Xəbər lenti