Aeroportda oğurluq? - Çantalara “əl gəzdirən” kimlərdir?


Aeroportda oğurluq? - Çantalara “əl gəzdirən” kimlərdir?

Son vaxtlar Heydər Əliyev Beynəlxalq Aeroportundan  şikayətlər çoxalıb.

Cebhe.info xəbər verir ki, teleaparıcı İlhamiyyə Rzanın aeroport işçiləri tərəfindən əri Həmid Herisçinin yol çantasının əzilib, diyircəkli ayağının sındırıldığına dair şikayətindən sonra, jurnalist Kənan Rövşənoğlu da aeroportda olan oğurluqdan yazıb.

O, sosial şəbəkə hesabında bildirib ki, Bağdaddan evə qayıtdıqdan sonra hava limanında çantasından oğurluq edildiyi məlum olub: “Baqaja verdiyim sumkanın əl yerindən işlətdiyim ətir və dostum üçün aldığım təsbeh "itmişdi". İki şübhəli var: Bağdad və Bakı aeroportu. Amma mənim şübhəm Bakı üzərindədir. Ərəblərdən oğurluq gözlənilsə də, təsbehi ərəbin oğurlaması inandırıcı deyil. Ərəb təsbehi neynir ki? Oğurlanmış əşyanın maliyyəti bir şey deyil, yarıdan çoxu işlənmiş ətir və bir təsbeh nə olacaq ki? İtirmiş kimi də düşünə bilərəm. Amma bu hadisə başqa bir məsələni gündəmə gətirir.

Bizim reysimiz Bağdad-Bakı idi. Demək ki, İraqdan gələn ərəblərin çantalarına əl gəzdirilir. Ərəblər də səslərini çıxarmır. Bir neçə il əvvəl hüquq-mühafizə orqanları Hava Limanında əməliyyat keçirərək yükləri qarət edən işçiləri həbs etmişdi. İndi yenidən qarət yayılıb, ərəb turistlər ən uyğun hədəfdir. 2 həftə İran və İraq şəhərlərini gəzdim, heç yerdə oğurluqla rastlaşmadığım halda, Bakıda bu hadisənin olması ölkəm adına ayıbdır”. 

Məsələ ilə bağlı Cebhe.info “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxlayıb. O bildirib ki, məsələni araşdırmaq lazımdır: “Buna ümumi cavab verə bilmərəm. Bildiyiniz kimi, 2 aeroport var. Bunu araşdırmaq üçün konkret tarix, həmin reys lazımdır. Bundan sonra isə rəy bildirmək olar”. 

Hicranə İsmayılova 

Tarix: 28-08-2018, 17:36
Xəbəri paylaş





Xəbər lenti