Məsələn, hazırda Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 30-35 il əvvəl tikilmiş kooperativ binaların həyətində yaşıllıq sahəsini məhv edərək 15 mərtəbəli bina tikirlər.
Aprel ayının ortalarından “Yeni ev -19” tikinti şirkəti tərəfindən başlanan inşaat işləri üçün həyətdə vaxtilə sakinlər tərəfindən əkilən 50-yə yaxın çoxillik meyvə və digər ağaclar kəsilib, 149 saylı Mənzil Tikinti Kooperativinin ərazisi zəbt olunub.
Ötən il Asif Məhərrəmov küçəsində 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb olmuşdu. Çünki ərazidə qanunsuz tikinti işləri aparılırdı.
Təkcə bu fakt deyil. Rayonun Əliisgəndər İsgəndərov küçəsinin sakinləri ərazidə yeganə olan yaşıllığın və istirahət bağının məhv edilməsinin qarşısını almaq üçün ayağa qalxmışdı.
Ağacları kəsib, böyüklərin və uşaqların istirahət yeri olan bağda yaşayış binası tikməyə başlayıblar. Bu da təbiidir.
Bir canlının tələf olmasına baxmayaraq, övladını cəzalandırmayıb onu həbsxanadan kurorta göndərən məmur üçün təbiətdəki canlıların məhv olmasının heç bir əhəmiyyəti yoxdur.
Odur ki, Nəsimini darmadağın edən, hər boş gördüyü yeri, yaşıllığı satan icra başçısından ciddi şəkildə narazılıq var. Hətta sakinlər sələfi Nəsib Məhəməliyevə şükür edirlər.
Məlum olub ki, məhv edilən yaşıllığın yerində “T” şəkilli tikiləcək 12 mərtəbəli 3 yaşayış binasını Nəsimi RİH-in başçısı Asif Əsgərovun qardaşı tikdirir.
Rayonda digər “agac qətliamı” Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirilib.
Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqlayıblar.
Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildiriblər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər.