Azərbaycan bazarında at əti: Satıcılar ortadadır, bəs sifarişçilər?


Azərbaycan bazarında at əti: Satıcılar ortadadır, bəs sifarişçilər?

Ölkə bazarlarında qida üçün yararsız leş ətinin satışı ilə bağlı mediada tez-tez məlumatlar yayılır. Məlumata görə, ölmüş mal-qara, at və eşşək ətləri Azərbaycan bazarına Ukrayna, Gürcüstan və digər öllkələrdən gətirilir. Hətta istehlakçı hüquqlarını müdafiə edən mütəxəsisslərin də açıqlamalarında zaman-zaman belə xəbərlərə rast gəlinir. Məsələ nəzarətə götürülüb və illərdir ki, “leş əti mafiyası”nın qarşısının alınması üçün addımlar atılır. Amma “leş əti mafiyası” kimi tanınan qruplaşmanın kökünü kəsmək mümkün olmur. 

Bu dəfə həmin məlumatların davamı olaraq konkret fakta rast gəlinib. Belə ki, Ukraynadan Azərbaycana beynəlxalq baytarlıq sertifikatı ilə dondurulmuş at ətinin idxalının qarşısı alınıb.

Qida Təhlükəsizliyi Agentliyi (QTA), “Tursan-İ” MMC-nin sifarişi əsasında Gürcüstan Respublikasının “G&A Group” şirkəti tərəfindən Ukraynadan alınaraq, beynəlxalq baytarlıq sertifikatı ilə Azərbaycana ixrac edilən 33991,15 kq dondurulmuş mal ətinin ölkəyə idxalının qarşısı alınıb. Aparılan sınaq yoxlamanın nəticələrinə görə nümunələrin at əti olduğu aşkar edilib. Bununla əlaqədar olaraq, həmin məhsulun ölkəyə idxalı dərhal dayandırılıb.

“İstehlakçı bilmir ki, nə əti yeyir...”

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, “leş əti mafiyası”na qarşı tədbirlər yetərli deyil. Ona görə də leş ətin ölkəyə daxil olması davam edəcək: “Azərbaycanda və bir çox ölkələrdə it, hətta siçan əti də qadağan olunub deyə bir şey yoxdur. Ayrı-ayrı ölkələrin mentaliteti və milli xüsusiyyətləri var ki, hər növ ətləri yemirlər. Ümumiyyətlə, insan doğulduğu yerin 500 kilometr ərazisində nə yetişdirilirsə, onu yeməyi yaxşıdır. Çünki ulu babalarımız o ərazilərdə qidalanıb. 4 il bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi çıxış etdi və qeyd etdi ki, Azərbaycanda hər əti yemək olar. Bir şərtlə ki, ətin üzərində mənşəyi barədə məlumat yazılsın və istehlakçı aldadılmasın. Yəni, istehlakçı bilməlidir ki, nə əti yeyir.

Mən Kənd Təsərrüfatı Nazirliyinin o mövqeyi ilə qətiyyən razı deyiləm. Azərbaycan üçün ənənəvi olmayan, baytarlıq nəzarətindən kənarda qalan, xəstəlikləri müəyyən edilməyən at, eşşək və it ətinin satışı istehlak qaydalarına ziddir. Təəssüflər olsun ki, bu günə qədər həmin məhsulları sifariş verən yer aşkarlanmayıb. Bu işdə ölkədə ən səmərəli fəaliyyəti Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinəyətkarlığa qarşı Mübarizə İdarəsi aparır. Bu cür ətlərin ifşa olunmasında ikili standart var. Kənd Təsərrüfatı Nazirliyi bunu ifşa edəndə şəxs(ləri) 200 manat, maksimum isə 400 manat cərimə edib buraxır. Lakin həmin dövlət qurumu məhkəmə iddiaları və keçirilən ekspertizanın hüquqi nəticələrini əldə etməyib. Biz çalışırıq ki, murdar ət satışı və digər ənənəvi olmayan ət satışına qarşı mübarizəni Daxili İşlər Nazirliyi aparsın. Çünki nazirlik bu sahədə ən effektiv iş aparan qurumdur”.

“Effektiv istehlakçı siyasəti qurularsa...”

E.Hüseynovun sözlərinə görə, Agentliyin də işi çox əhəmiyyətlidir: “Bu informasiya sübut edir ki, illərlə dediyimiz məsələ doğrudur. Biz demişik ki, xarici ölkələrdə mallara saxta sertifikat verilir. Azərbaycan bazarı zəif olduğundan bu saxta mallar ölkəyə gətirilir. Agentliyin bu işi çox əhəmiyyətli olsa da, Azərbaycan istehlakçılarının haqlı olduğunu sübut edir. Yəni, Azərbaycan istehlakçıları gözləri ilə gördükləri əti almaq istəyirlər. Biz daim deyirik ki, əhalinin inamını qazanmaq lazımdır. Əhali inansın ki, Azərbaycanın əmtəə bazarına bu cür mallar girmir. Elə etmək lazımdır ki, istehlakçılarının dövlət orqanlarına, Qida Təhlükəsizliyi Agentliyinə inamı artsın”.

Hüquq müdafiəçisi hesab edir ki, bu hallar gələcəkdə də davam etdiriləcək. Çünki ölkədə effektli istehlakçı siyasəti yoxdur:  “İlin əvvəlindən mən İqtisadiyyat Nazirliyinə istehlakçıların hüquqlarının pozulması ilə bağlı 40-dan çox məktub göndərmişəm. Nazirliyin 144 ştatda işləyən işçiləri 9 mərtəbəli binada oturub guya istehlakçı hüquqlarını qoruyurlar. Niyə onlar dövlət büdcəsindən maaş alırlar. Bu müraciətlərin birinə belə rəsmi cavab veməyiblər. Yaxın günlərdə baş nazirə ayrıca müraciət ünvanlayacağam. Ölkədə effektiv istehlakçı siyasəti qurulmalıdır. Bu oalrsa, malların qiyməti aşağı düşər, keyfiyyət yüksələr və heç bir xarici ölkədən saxta sertifikatlı mal göndərilməz. Bilirlər ki, ölkədə istehlakçıları qoruyan yoxdur. Effektli istehlakçı siyasəti olmalıdır ki, xaricdən ölkəmizə təhlükəli mallar gətirilməsin”.

Alçina Amilqızı

Cebhe.info

Tarix: 1-09-2018, 22:28
Xəbəri paylaş





Xəbər lenti