ADP Rövnəq Abdullayevə cinayət işinin açılmasını TƏLƏB EDİR

 ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Partiyadan Hurriyyet.org-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə türkdilli dövlətlərin Qırğızıstanda keçirilən sammitin nəticələrinə münasibət bildirib və bu cür sammitlərin gələcəkdə türkdilli dövlətlərin vahid iqtisadi və siyasi birliyinin yaradılması baxımından böyük önəm daşıdığını diqqətə çatdırıb. İdarə Heyəti türkdilli ölkələrin vahid valyutasının yaradılmasını da təklif edib.
İdarə Heyəti beynəlxalq axtarışda olan K.Öksüzün Ermənistan hüququ-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məsələyə münasibət bildirib. Bir neçə il əvvəl ABŞ- da “Azərbaycanın Dostları Assosiasiyası”na başçılıq etməsi, bir qrup konqresmenin Azərbaycana və Türkiyəyə səfərlərini təşkil etməsi, SOCAR-la bağlı əlaqələrinin aşkarlanması faktlarını diqqətə alan partiya yetkililəri Respublika Prokurorluğunu onun haqqında araşdırmalar aparmağa, konqresmenlərin rüşvətlə ələ alınması, FETO ilə bağlılığı və digər cinayət faktlarını ortaya çıxarmağa, bu barədə cəmiyyətə dürüst məlumat verməyə çağırıb.
İdarə Heyəti dövlət başçısı İ.Əliyevin Rusiya səfərinin nəticələrinə münasibət bildirib və bu səfərin hər iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin inkişaf etdirilməsi, dostluq və əməkdaşlığa söykənən ikitərəfli münasibətlərin yeni müstəvi üzərində qurulması baxımından faydalı olduğunu diqqətə çatdırıb. Lakin, partiya rəsmiləri istər səfər zamanı istərsə də səfərdən əvvəl “beşinci kalonun” daşıyıcıları olan bir sıra rəsmilərin Azərbaycanın siyasi gələcəyini Rusiya ilə bağlaması, ölkəmizin Rusiyadan DQ məsələsinə edəcəyi güzəştlər əsasında təcavüzkar Ermənistanın da tərkibində olduğu KTMT-na üzv olmasının vacibliyi ilə bağlı səsləndirdiyi bəyanatların suverenliyimiz və istiqlalımız üçün təhlükəli olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycanı yenidən Rusiyanın təsir dairəsinə salmaq istəyən bu cür bəyanat müəllifləri 200 yüz ildən artıq Azərbaycanı öz müstəmləkəsində saxlayan, vahid Azərbaycanın parçalanmasında təfəf kimi iştirak edən, tarixi ərazilərimizdə yoxdan Ermənistan dövləti yaradan, milyonlarla insanımızın dədə-baba yurdlarından didərgin düşməsinə səbəb olan, bizə 1918-ci il erməni soyqırımını, 1937-ci ilin repressiyalarını, iyirminci əsrin ən dəhşətli Xocalı soyqırımını yaşadan, ilk Cümhuriyyətimizi qan gölündə boğub yerində bolşevik-kommunist diktaturası quran və imperiya iddialarından bu gün də geri çəkilməyən bir dövlətin törətdiyi cinayətləri xalqımıza unutdurmaq istəyirlər. Partiya rəsmiləri ölkəmizi Rusiyanın patronajlığı ilə yaradılan və şovinizt rus siyasətinə xidmət edən bir təşkilata üzv olmağı tələb edən qüvvələri qınayır və Azərbaycanın iqtisadi, siyasi gələcəyinin geri qalmış Rusiya ilə deyil elmin, texnologiyanın, yaradıcı düşüncənin, azad fikrin bərqərar olduğu Avroatlantik məkana inteqrasiya olunmasında görür.
İdarə Heyəti ötən həftə “Azərsu” ASC-nin 2017-ci ilin yekunlarına dair maliyyə hesabatında su-kanalizasiya xidmətinin maya dəyərinin satış qiymətindən xeyli çox olduğunu qeyd edilməsini ölkədə su-kanalizasiya xidmətində qiymətlərin artırılacağının anonsu kimi qiymətləndirib. İdarə Heyəti ölkədəki qiymət artımlarını Azərbaycan iqtidarının yanlış iqtisadi siyasətinin nəticəsi kimi dəyərləndirib, bu yanlış iqtisadi syasətin xalqın üzərinə salınmasının isə yolverilməz olduğunu bildirib. İdarə Heyəti son illər müvafiq dövlət orqanlarını korrupsiya riski böyük olan “Azərsu” ASC-nə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsini yoxlamağa çağırıb.
İdarə Heyəti uzun müddət ayrı ayrı ölkələrdə səfir işləyən İ.Vahabzadınin Avropada diplomatik fəaliyyət göstərən bir sıra əməkdaşların, erməni əsilli olması, onları hətta məxfi yazışmaları əldə etməsi barədə mətbuata verdiyi açıqlamaya münasibət bildirib və istər ölkə daxilində istərsə də ölkəmizdən kənarda düşmən dövlətin təsirində olan şəxslərin bu cür postlarda təmsil olunmasının dövlətimiz üçün təhdid olduğunu bildirib və hakimiyyəti diplomatik uğursuzluğa yol açan, ölkəmizin beynəlxalq mövqeyini zədələyən bu cür hərəkətlərin qarşısını almağa, İ.Vahabzadənin göstərdiyi faktları araşdırmaq üçün təcili addımlar atmağa çağırıb.
İdarə Heyəti son vaxtlar tədris müəssisələrində rus məktəblərinin sayının artmasından, müəssisə və təşkilatlarda Azərbaycan dilinin sıxışdırılması, rus dilinə önəm verilməsi, işə qəbul zamanı rus dilini bilməyən şəxslərin gözardı edilməsi, rus dilinin zorən üstünlüyü şəraitində bir çox soydaşlarımızın öz övladlarını, doğma dildə deyil, rus dilində təhsil almasına sürüklənməsi faktından ciddi narahat olduğunu bildirib və ruspərəst qüvvələrin bu cür aktivləşməsinin arxasında hakimiyyətin rusmeyilli siyasəti ilə yanaşı milli demokratik qüvvələrin dağınıqlığı, bu cür məslələrə laqeyd münasibətinin durduğunu diqqətə çatdırıb.
İdarə Heyəti fəaliyyəti dövründə avtoritar rejimlərə qarşı barışmaz mövqe tutan yeni yaradılan müstəqil respublikalarda demokratiyanın gəlişməsi üçün səmərəli addımlar atan ABŞ senatının üzvü Makkeynin ölümündən kədərləndiyini bildirib və onun doğmalarına, bütövlükdə ABŞ xalqna dərin güznlə baş sağlığı ünvanlayıb.
Hurriyyet.org
Tarix: 5-09-2018, 23:44
Xəbəri paylaş





Xəbər lenti