Seyxin Aşura narahatlığı - təxribat riski varmı...


 

QMİ sədrinin açıqlamasındakı məqamlar onun çox ciddi informasiyalara malik olduğunun göstəricisi sayıla bilər

Bu il Məhərrəm ayının başlaması ilə bağlı sentyabrın 4-də QMİ-də keçirilən toplantıda maraqlı açıqlamalar olub. Bütün Qafqazın şeyxi Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Aşura zamanı təfriqə yaratmaq istəyən qruplar var.

Sitat: “Bəzən Məhərrəm ayı ilə bağlı sünni və şiələr arasında müəyyən fikir ayrılıqları yaratmaq istəyir və təxribata cəhd göstərirlər. Lakin Azərbaycan cəmiyyəti və Azərbaycan xalqı sünni və şiə ayrı-seçkiliyi salmadan həqiqətin nə olduğunu çox gözəl bilir”.

Şeyxülislam Allahşükür Paşazadə deyib ki, Məhərrəm ayında belə təxribata cəhd edənlərin əsas niyyəti dini öz məqsədləri üçün istifadə etməkdir. Şeyx deyib ki, bunu edənlər “xaricdən tapşırıq alan və maliyyələşən bəzi qruplar”dır.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov "Trend" agentliyinə müsahibəsində Dövlət Komitəsinin Məhərrəm ayı ərəfəsində və dövründə kütləvi maarifləndirici tədbirlər həyata keçirdiyini deyib. Sədr müavini bildirib ki, ictimaiyyətlə, o cümlədən inanclı insanlarla, gənclərlə görüşlər keçirilir, qanunvericiliyə edilmiş son əlavə və dəyişikliklər barədə məlumatlar verilir. S.Heydərovun sözlərinə görə, İslam dini icmalarının sədrləri, din xadimləri ilə müvafiq söhbətlər aparılır, Aşura mərasimlərinin sivil, milli adət-ənənələrimizə uyğun formada keçirilməsi istiqamətində həm yerli icra hakimiyyətləri, həm də hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə müvafiq tədbirlər həyata keçirilir.

Ancaq sədr müavini bildirib ki, əvvəlki illərdə bir neçə dəfə qanunvericilikdə müəyyən olunduğu kimi mərasimləri məscidlərdən kənarda keçirmək tələbini pozma halları olub. Lakin o ümid etdiyini deyib ki, bu il belə neqativ hallar baş verməz.

Ancaq belə görünür ki, komitədən fərqli olaraq Şeyxülislam təxribat olacağından narahatdır. Hətta o qədər narahatdır ki, QMİ Qazılar Şurasının bəyanatına da Aşura təxribatı haqda qeyd əlavə olunub. Qazılar Şurasının Məhərrəm ayı fətvasından sitat: “Bu gün dünyada, xüsusilə də müsəlman aləmində radikal qüvvələrin terror və təxribatçılıq fəaliyyəti nəticəsində müharibə və qırğınların artdığı bir dövrdə vətənimiz Azərbaycanda dövlət və xalq birliyi sayəsində ictimai asayiş və əmin-amanlıq mövcuddur. Ölkə müsəlmanları olaraq bu nemətə görə Allah-Təalaya şükürlər edirik. Konstitusiya quruluşunun əsaslarına və dövlətçiliyə qarşı təxribat xarakterli dini şüarların səsləndirilməsini, vətəndaşların din pərdəsi altında dövlətə qarşı itaətsizliyə çağırılmasını, məzhəb və etnik zəmində qarşıdurmaya təhriki qətiyyətlə pisləyir və hesab edirik ki, dövlətimiz və xalqımız belə əməllərə layiqli cavab verəcək, məkrli qüvvələrin İmam Hüseyn (ə) təziyadarlığından siyasi təxribatlar üçün istifadəsinə imkan verməyəcəkdir. Din xadimlərimizi və dindarlarımızı respublikamızdakı mövcud sabitliyin qorunması üçün çalışmağa, dindən sui-istifadə edərək məhərrəmlik mərasimlərində qarşıdurma yaratmağa çalışan qüvvələrə qarşı ayıq-sayıq olmağa çağırırıq. Din xadimləri və dindarlar mümkün hər hansı təxribatın qarşısını almaq üçün asayiş keşikçilərinə yardımçı olmalıdırlar. QMİ, məzhəbindən asılı olmayaraq bütün ölkə müsəlmanlarına islami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində birgə iştirak etməyi, İmam (ə) və Kərbəla şəhidləri ilə yanaşı Qarabağ, Xocalı şəhidlərimizin ruhuna dualar etməyi tövsiyə edir”.

Builki Məhərrəm ayı fətvası və onu müşayiət edən açıqlamalara nəzər saldıqda elə düşünmək olar ki, ölkədə hansısa təxribatlar gözlənilir. Əlbəttə, Şeyxülislamın daha çox məlumata malik olmaq imkanları var. Mümkündür ki, dövlət komitəsindən fərqli olaraq Şeyxin üzərinə qoyulub ki, bu il hansısa təxribat olacağı ilə bağlı xəbərdarlıq etsin. Çünki məlum olduğu kimi, bu ilin yayında ölkənin ikinci böyük şəhərində dini zəmində terror hadisəsi olub. Dövlət məmurlarına hücum edilib, bir neçə nəfər öldürülüb. Hətta dini şüarlarla aksiya keçirilib. Ancaq məsələ ondadır ki, indi Aşurada hansısa siyasi şüarlarla etirazların keçiriləcəyi haqda hər hansı çağırış və ya bəyanat olmayıb.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Azərbaycanda ən kütləvi mərasim hesab olunan Aşura zamanı bir qayda olaraq siyasi şüarlar səsləndirilmir. Bəzi istisnalar xaric, çox zaman heç bir çıxış və ya çağırış olmur, əsasən məclislərdə mərsiyələr, növhələr deyilir. Yalnız bir neçə il əvvələ qədər Lənkəran, Gəncə və Bərdə kimi dini ziyarətgahların olduğu Azərbaycan şəhərlərində əhali adətə uyğun olaraq Tasua (Aşuradan bir gün qabaq - K.R.) və Aşura günlərində ziyarətgahlara yürüş keçirilir. Ancaq son illərdə hökumət orqanları bu yürüşləri də qadağan edib və bu səbəbdən də Aşura məclisləri bir qayda olaraq qapalı ərazilərdə, məscid və Hüseyniyyələrdə keçirilir. Hətta evlərdə belə mərasim təşkili qadağan olunub.

QMİ rəhbərliyinin narahatlıq dolu açıqlamalarının arxasında iki səbəb yatır. Birincisi, mümkündür ki, həqiqətən də belə bir təxribat riski var və hətta bununla bağlı ilkin məlumatlar əldə olunub. Bizə çatan məlumata görə, yerli hakimiyyət orqanları hələ bir ay əvvəldən Aşura günlərində hansısa narahatlıq doğuran hadisənin olmaması üçün fəaliyyətə başlayıblar. Ehtimal etmək olar ki, Şeyxülislam məlumat əsasında danışır və təhlükədən xəbərdardır.

İkinci versiya isə ondan ibarətdir ki, Şeyxülislam son aylarda dini camiədə baş verənlərdən narahatdır. Bu hadisələr QMİ-nin üzərinə kölgə salır və bu səbəbdən də Şeyxülislam öz sahəsində əsas avtoritet olduğunu, həlledici sözün ona məxsus olduğunu xatırlatmağa çalışır.//“Yeni Müsavat”//


Tarix: 6-09-2018, 08:59
Xəbəri paylaş





Xəbər lenti