Ermənistan parlamentindən qızışdırıcı müharibə qərarı - SAVAŞ OYUNU, YOXSA?


Ermənistan parlamentindən qızışdırıcı müharibə qərarı - SAVAŞ OYUNU, YOXSA?

Ermənistan parlamenti Azərbaycana rəsmən müharibə elan edib. Belə ki, sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib.

Bu qərar sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb. “Ermənistan hökuməti bu qərarla “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Azərbaycana müharibə elan etməyi qərara alıb.

Düşmən ölkənin bu qərarı ilə bağlı Cebhe.info-ya şərhində politoloq Natiq Miri deyib ki, əslində bu Azərbaycana müharibə elanı deyil:

“Bir həlim təlim çərçivəsində bir növ hədəf kimi Azərbaycan göstərilərək kiçik müharibə oyunu oynanılır. Ancaq hər bir halda həm bu qərarı, həm də hərbi təlimdə Azərbaycanın açıqca hədəf göstərilməsi ən nəhayət Ermənistanın yeni hökumətinin başçısı Paşinyanın Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olması kimi sərsəmləmələri artıq Azərbaycanı bu yöndə konkret hərəkətə keçməyə vadar etməlidir. Bu cür davranışların sadəcə ATƏT-in baş katibi, yaxud ATƏT kimi dişsiz qurumların rəhbərlərinə şikayət etmək doğru deyil. Çünki ATƏT-in bir dişsiz qurum və təzyiq mexanizminin olmadığı hər kəsə bəllidir. Dağlıq Qarabağ probleminin ATƏT çərçivəsində gözləməyin özü də özünü aldatmaqdan başqa bir şey deyil.

Ona görə də mütləq mənada Dağlıq Qarabağ probleminin həll olunması üçün Azərbaycan özü elə bir proses yaratmalıdır ki, nəinki ATƏT, eyni zamanda bütün beynəlxalq təşkilatlar və dünya gücləri bu prosesin arxasında sürünməyə vadar olmalıdırlar. Yoxsa ki bütün zamanlarda bu proses Azərbaycan üçün yaradılır və Azərbaycan bu prosesin arxasınca sürünmək məcburiyyətində qalır. Bu cür siyasətin yürüdülməsi ilə Dağlıq Qarabağ problemini bundan sonra bir 25 il də yenə həll etmək mümkün olmayacaq. Azərbaycan proses yaratmağa çalışmalıdır. Bu proses həm siyasi, həm də hərbi yöndə olmalıdır. Açığı Paşinyanın bu cür sərsəm açıqlamalarından sonra Paşinyan kimi bir adamla, yaxud onun xarici işlər naziri ilə sülh masasına oturub hansısa müzakirələri aparmağın özü də absurddur”.

Politoloqun sözlərinə görə, Paşinyanın bu cür sərsəmləmələrini əsas gətirərək  Azərbaycanın BMT-nin nizamnaməsində qeyd olunan hüquqları kontekstində öz torpaqlarını azad etmək hüququnu özündə saxladığını bəyan etməliyik:

“Bundan sonra təbii ki, uyğun bir zamanda Azərbaycan ildırım sürətli lokal hərbi döyüşlərlə bir neçə strateji bölgəni işğaldan azad etməlidir. Bu addımdan Azərbaycan tərəfindən yaradılan bu proses kontekstində bütün dünya hərəkətə keçəcək. Yoxsa ki, bu cür sərsəmləmələr zaman-zaman davam edəcək. Azərbaycanın Xarici İşlər Nazirliyinin dişsiz bəyanatları çərçivəsində açıqlamalar veriləcək. Hansısa sülh masası ətrafında heç bir irəliləyiş olmayan danışıqlar nəticəsiz davam edəcək. Yəni eynən 26 il biz hansı prosesləri izləyiriksə, bundan sonra da eyni prosesləri izləməkdə davam edəcəyik. Kimsə gözləyirsə ki, Rusiya daşı ətəyindən töküb Azərbaycana yardım edəcək və ya Dağlıq Qarabağı asanlıqla Azərbaycana qaytaracaq, bu özünü aldatmaqdan başqa bir şey deyil. Bu gün Rusiya Paşinyan hökumətini sevməsə də, Rusiya prezidenti Putinin rəsmi səfərini Ermənistana reallaşdıracaq. Bu nə anlama gəlir? Bu o anlama gəlir ki, bizim yaratdığımız süni dövlət geosiyasi maraqlarımıza xidmət edir. Ona görə də bu süni dövləti Rusiyanın orbitindən heç bir güc çıxara bilməz. Bu səfər dolayısı ilə həm Ermənistan ictimaiyyətinə, həm Ermənistanın yeni hökumətinə, həm də  Qərbə olan ciddi bir mesajdır”. 

Alçina Amilqızı

Tarix: 13-09-2018, 16:33
Xəbəri paylaş





Xəbər lenti