Qarabağ mitinqində iqtidar və müxalifət bir araya gələ bilər


Pənah Hüseyn: “Mitinqdə siyasi şüarlar və tələblər də qoyulmayacaq”

Fəzail Ağamalı: “Bu mitinqə müsbət yanaşıram”

Xəbər verdiyimiz kimi, Qarabağ Komitəsi sentyabrın 29-da saat 15:00-dən 17:00-a qədər “Qarabağa azadlıq” şüarı ilə “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul stadionu”nda mitinq keçirməyi planlaşdırır. Artıq yer üçün sentyabrın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlanıb.

İndiki vaxtda belə bir aksiyanın təşkil olunmasının vacibliyini sayanlar çoxluq təşkil edirlər. Amma bununla belə BŞİH-in mitinqə icazə verib-verməyəcəyi suallar doğurur. Eyni zamanda, Qarabağ adının olduğu bu yerdə iqtidar və müxalifətin bir arada olmasının vacibliyindən söz açılır.

ÐаÑÑинки по запÑоÑÑ PÉnah Hüseyn

Qarabağ Komitəsinin üzvü, Xalq Partiyasının sədri Pənah Hüseyn “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu mitinqin məqsədi indiki beynəlxalq münasibətlərin həssas məqamında Qarabağ məsələsini gündəmə gətirməkdir:“Beynəlxalq aləmə Qarabağ məsələsinin Azərbaycan cəmiyyəti üçün əsas problem olduğunu nümayiş etdirmək istəyirik. Eyni zamanda, bu mitinq xalqımızın və onun milli vətənpərvər qüvvələrinin Qarabağı unutmadığını, torpaqlarını azad etmək üçün hər cür addıma, o cümlədən, vətən müharibəsinə hazır olduğunu, bu problem ətrafında cəmiyyətimizin bütün təbəqələrinin birləşdiyini göstərmək məqsədi daşıyır. Bu təkcə 29 sentyabr mitinqindən ibarət deyil. Orada elan etdiyimiz məqsədlərə doğru sistemli bir işin başlanğıcı nəzərdə tutulur. Qarabağ uğrunda bir xalq hərəkatının yeni bir mərhələsini başlatmaq niyyətindəyik. Bu məsələ ətrafında savaş artıq 30 ildir davam edir. Hesab edirik ki, bu Azərbaycanın inkişafı üçün stimul verən bir məsələ ola bilər. Məqsədimiz torpaqlarımızın azad edilməsinə öz töhfəmizi verməkdir. Torpaqlarımızın azadlığı uğrunda mübarizəyə hazırlaşmalıyıq. İqtidarlar orduları müharibəyə hazırlaya bilər. Amma cəmiyyəti, xalqı müharibəyə onun milli vətənpərvər qüvvələrinin hərəkətə gəlməsi hazırlaşdırar. Hətta iqtidarları buna cəmiyyət vadar edə bilər. Əsas məqsədimiz Qarabağın əsas məsələ kimi gündəmə gətirilməsidir. Bu siyasi müxalifətin bir aksiyası deyil. Mitinqdə siyasi şüarlar və tələblər də qoyulmayacaq. Lakin təəssüflər olsun ki, iqtidar daxilindəki bəzi qruplar özlərinin maraqlarına görə bu mitinqə qarşı çıxmağa çalışırlar. Mitinqin razılaşdırılmamış olmasına cəhdlər olunur. Biz istənilən halda bu istiqamətdə hərəkət edəcəyik. Hər şey ölçüb-biçiləcək, situasiya uyğun qərarlar qəbul ediləcək. Cəmiyyətin mitinqlə bağlı ilkin reaksiyası qənaətbəxşdir. Mövqeyim belədir ki, burada minlərin, yüz minlərin iştirakı vacib olsa da, orada bizlər cəmiyyətimizin müxtəlif çevrələrini, Qarabağ qazilərini, müharibə veteranlarını, ziyalılarımızı, gənclərimizi, Azərbaycan siyasətinin tanınmış nümayəndələrini bir araya gətirə bilsək, minlərin yüz minlərə çevrilməsinə nail olacağıq”.

P.Hüseyn iqtidar tərəfə mitinqdə iştirak üçün dəvət göndərilməyəcəyini də qeyd etdi: “Burada hansısa bir rəsmi dəvətdən söhbət getmir. Ümumi çağırış edilib. Sirr deyil ki, Qarabağ Komitəsində təmsil olunanların, mitinqin təşkilatçılarının tam əksəriyyəti hakimiyyətin Qarabağ siyasətini məqbul hesab etmir. Bu baxımdan xüsusi bir dəvətin göndəriləcəyini güman etmirəm. Amma hakim partiyanın, yaxud onun ayrı-ayrı nümayəndələri təşəbbüs göstərərək, bu mitinqdə iştirak etmək arzusunda olsalar, mitinqə qoşulsalar, istənilən səviyyədə qoşulmaq rəyini bildirsələr, buna ancaq sevinmək olar”.

ÐаÑÑинки по запÑоÑÑ FÉzail AÄamalı

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı bunları dedi: “Azərbaycan demokratik bir ölkədir. Hər bir vətəndaşın, qurumun öz fikirlərini azad ifadə etmək hüquqi var. Belə mitinqlərin keçirilməsi üçün Bakıda yer ayrılıb. Mitinq təşkilatçıları Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edirlər, onlar da öz səlahiyyətləri çərçivəsində məsələni həll edirlər. Düşünürəm ki, əgər doğrudan da orada Qarabağla bağlı fikirlər ifadə olunacaqsa, bu mitinq onun təşəbbüskarlarının vətənpərvərliyinə, ölkəmizin ərazi bütövlüyünə xidmət edən çağırışlarla keçiriləcəksə, bu mitinqə müsbət yanaşıram. Əks halda çətir altında radikal çağırışlar olarsa, bu qəbuledilməzdir və buna imkan verilməməlidir. Hazırda çox kövrək bir zamandır. Dünyada gedən prosesləri, baş verən hadisələri özümüz üçün götür-qoy etməli, ondan nəticə çıxarmalıyıq. Bəllidir ki, Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq orada mövqe dəyişikliyi yoxdur. Paşinyan Serj Sərkisyandan daha radikal mövqedə dayanmaqdadır. Ən müxtəlif xarakterlə ziddiyyət daşıyan fikirləri biz izləyirik. Görünən odur ki, Paşinyan danışqlara getməyə hazır deyil. Onun çağırışları problemin sülh yolu ilə həll olunmasının qarşısına alır. Hadisələr daha ciddi bir müstəviyə keçməkdədir. Belə olan halda bütün məsuliyyət Paşinyan və onun komandasının üzərinə düşür. Azərbaycan  bu vəziyyətdə konkret addımlarını atmalıdır. Necə ki, onlar parlamentdə Azərbaycana müharibə elan etmək haqqında qərar qəbul ediblər. Biz bir millət olaraq torpaqlarımızın işğalı ilə barışmaq fikrində deyilik. Hər zaman bütün səviyyələrdə xalqımız, ayrı-ayrı siyasi partiyalar, heç şübhəsiz ki, ölkəmizin prezidenti də birmənalı olaraq torpaqlarımızın işğaldan azad edilməsi iradəsini ortaya qoyur. Bu şəraitdə mitinqin keçirilməsinə mənfi yanaşmıram, amma yuxarıda da qeyd etdiyim kimi məqsəd Qarabağ olacaqsa. Həm iqtidar, həm də müxalifətin indiyə qədər vermiş olduqları milli məsələlərlə bağlı bəyanatlarda hər hansı bir fikir ayrılığı olmayıb. Bundan sonra da bu şəkildə iradəmizi ortaya qoymalıyıq. Baxın, Ermənistan cəmiyyətinə. Görəcəksiniz ki, torpaqlarımızı işğal altında saxlamaq üçün o cəmiyyət həm xalq, həm də iqtidar olaraq onlar bir mövqedədirlər. Buna görə də indiyə qədər torpaqlarımızın sülh yolu ilə azad edilməsində ciddi çətinliklər var. Demirəm ki, onlardan nümunə götürək. Ermənistan nümunə götürüləcək nə bir xalqdır, nə də bir ölkədir. Torpaqlarımızın azad edilməsi üçün bütün siyasi ambisyalarımızı, fərqli baxışlarımızı kənara qoyub, biz bir millət olaraq iradəmizi cəmləşdirməli, vahid mövqedən çıxış etməliyik. Dünya görməlidir ki, Azərbaycan heç bir halda torpaqlarının bir qarşını belə düşmənə güzəştə getməyəcəkdir. Biz həmin xalqıq ki, 1988-ci ildən başlayaraq, yəni Qarabağda məlum proseslər başladığı zamanda milyonlarla insan, bütün Azərbaycan ayaqüstə idi. Bir daha çağırış edirəm ki, siyasi mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı işğal edilmiş torpaqlarımızın azad olunması üçün vahid bir mövqedən çıxış etməli, millət və dövlət olaraq bu işğala son qoymaq üçün bütün imkanlarımızı qoymalıyıq”.


Tarix: 15-09-2018, 10:05
Xəbəri paylaş





Xəbər lenti