Qarabağ: Ermənistan danışıqlardan niyə qaçır?


Qarabağ: Ermənistan danışıqlardan niyə qaçır?

Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində yaranmış siyasi kilidi açmaq səyləri nəticə vermir.

Hətta ATƏT-in baş katibi Tomas Qrembigerin regiona son səfərini də bu baxımdan səmərəli hesab etmək olmaz. Çünki ATƏT rəhbərinin İrəvanda, sonra isə Bakıda danışıqları bərpa etməyə dair bəyanatlarının ardınca Ermənistan hərbi əməliyyatların bərpasına səbəb ola biləcək konkret addımlar atdı. Bu isə T.Qremingerin çağırışlarının Paşinyan hökuməti tərəfindən ciddiyə alınmadığına işarə idi. 

Xatırladaq ki, ATƏT-in baş katibi Nikol Paşinyanla görüşündə bölgədə sülhün və sabitliyin bərqərar olması naminə Minsk Qrupu çərçivəsində Ermənistanla Azərbaycan arasında danışıqları davam etdirməyin vacibliyini bildirib.  Tomas Qremingeri Bakıda qəbul edən Azərbaycan prezidenti İlham Əliyev danışıqların davam etdirilməsi üçün Ermənistan hökumət başçısının verdiyi ziddiyyətli bəyanatları dayandırmağın vacibliyini qeyd edib: “Xüsusilə, “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”. 

ATƏT-in baş katibi İtaliya mediasına açıqlamasında Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesini bərpa etməyin lazım olduğunu, problemin həlli ilə bağlı məsuliyyətin isə tərəflərin öz üzərinə düşdüyünü deyib.

Lakin T.Qremingerin səfəri ərəfəsində və ondan dərhal sonra rəsmi İrəvanın atdığı addımlar Paşinyan hökumətinin danışıqların davam etdirilməsində maraqlı olmadığını göstərir. Baş katibin İrəvana səfərindən bir neçə gün öncə Dağlıq Qarabağı N.Paşinyanın Ermənistanın ərazisi adlandırması, onunla görüşündən iki gün sonra Ermənistanın bütün ərazisində şərti olaraq hərbi vəziyyətin elan edilərək “müharibəyə hazırlıq məqsədilə “Şant-2018” hərbi təlimlərinin başlanması təbii ki, münaqişənin həlli üzrə danışıqlar prosesinin düşdüyü dalandan çıxacağına şübhə yaradır. 

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən politoloq Tofiq Abbasovun sözlərinə görə, ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycanın mövqeyinin dəyişməz olaraq qaldığını anladı. Ermənistanın mövqeyinə gəldikdə, rəsmi İrəvan güzəştə getmək istəmir: “Hakimiyyətdə istər Paşinyanın, istər Sarkisyanın olmasına baxmayaraq, onu yaxşı bilirlər ki, vəziyyəti ölü nöqtədən çıxartmaq üçün Ermənistan qoşunları Azərbaycan ərazisini tərk etməlidir. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi də bunu tələb edir. Özünə hörmət edən dövlət əgər bir sənədi imzalayıbsa, torpağında özgənin qəsbkar qoşunları olduğu halda bununla barışa bilməz. Ona görə də prezident İlham Əliyev Tomas Qremingerə başa saldı ki, əgər siz bu problemin həllində dönüş istəyirsinizsə, o halda Ermənistanın rəhbərliyinə, hərbi-siyasi dairələrinə çatdırın ki, əgər bu yoldan dönməsələr, gərginlik bir qədər də artacaq.

Bu baxımdan, hesab edirəm ki, sentyabrın sonunda BMT Baş Assambleyasının sessiyası öz işinə başlayacaq və orada xarici işlər nazirlərinin görüşü gözlənilir. Bu görüşə qədər siyasi hazırlıqları başa çatdırmaq lazımdır. Ermənistanın xarici işlər naziri Manasakanyan gündəlikdə olan əsas məsələ ilə tanış olsunlar. Əsas məsələ isə odur ki, Azərbaycan gözləyir. Lakin bu səbr tükənməz deyil. Əgər bu prosesdə dönüş yoxdursa, deməli, müharibə qaçılmazdır. Əgər müharibənin başlanmasını istəmirlərsə, gərək Ermənistanı yola gətirsinlər və danışıqları davam etdirməyə məcbur etsinlər. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, sərhədlər toxunulmaz qalacaq, ərazi məsələsi danışıqlar predmeti olmayacaq”. 
 

Qeyd edək ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi iki ildən artıqdır dayanıb. 2018-ci ilin aprel ayında Ermənistanda Serj Sarkisyanın hakimiyyətdən devrilməsindən sonra danışıqlar prosesinin bərpa ediləcəyinə və Paşinyan hökumətinin mövcud siyasi reallıqlardan çıxış edəcəyinə dair bəzi ümidverici proqnozlar səslənirdi. Lakin bu, hələ mümkün olmur. 

Tofiq Abbasov hesab edir ki, Azərbaycanın dövlətlərin sərhədlərinin toxunulmaz qalması prinsipini önə çəkdiyinə görə, Ermənistan danışıqlardan yayınır. İkincisi isə xırda millətlərin, xalqların müqəddəratının həll edilməsi məsələsidir. Ona görə də Ermənistan 2016-cı ilin aprel döyüşlərindən sonra süni şəkildə üçüncü prinsipi-təhlükəsizlik tədbirlərinin sənəddə əlavə yer almasını təklif etdi. Bizim üçün bu, üçüncü məqam öz aktuallığını itirib. Çünki Ermənistan bir tərəfdən məsələni süründürür. Digər tərəfdən, müzakirələr nəticə vermirsə, proses yeni müharibə kampaniyasına doğru hərəkət etməyə başlayır. Ermənilər bunu yaxşı bilir və danışıqlar masasına yaxın gəlmir. Ancaq istənilən halda məsuliyyəti Ermənistan daşıyır”.(Cebhe.info)


Tarix: 16-09-2018, 21:53
Xəbəri paylaş





Xəbər lenti