Rüşvət lifti


 

“Mən ağacın özü yox, mənası olmaq istəyirəm”

(Orxan Pamuk, “Mənim adım Qırmızı”)

Amerikada belə qanun var: hansısa şirkət xaricdə kiməsə rüşvət versə onu cinayət məsuliyyətinə cəlb edirlər. Əcəb ölkədir. Biz heç öz ölkəmizdə rüşvət verəni tuta bilmirik, gəl gör xaricdə olsun. Hətta bizdə xaricdə rüşvət vermək respublikamızın dünya şöhrətini artırmaq, lobbiçilik siyasəti sayılır. Uzun sözün qısası, amerikalılar indi də o qanunu bir liftqayıran şirkətlərinə tətbiq ediblər. Araşdırmalar nəticəsində ortaya çıxıb ki, sən demə, bu şirkət Azərbaycanda, konkret Bakı şəhərində lift remontu ilə məşğul olan idarənin şefinə neçə milyon dollarsa rüşvət veribmiş. Ki, Bakıya lift lazım olanda onların malını alsınlar.

Ləzzətli söhbətdir. Həm də ona görə ki, bizim həmin lift idarəsinin şefinin ailəsində bir ara çox bahalı toy mərasimi çalınmış, dillərdə dastan olmuşdu. İndi belə çıxır liftçilərimiz yuxarı qalxmaq, toy eləmək, külfət saxlamaq üçün hətta yankiləri də soyurmuşlar. Vallah, halal olsun. Amerika dünyanı soyur, bizimkilər də amerikalıları.

Biz bu lift remontu işinə dırnaqarası baxırıq, fikirləşirik axı bunda nə pul olacaq, it damına oxşayan, içinə sərxoşların kiçik ehtiyacını ödədiyi, vaxtaşırı qırılıb içindəki zəhmətkeşlərimizlə birgə dambadurumla cəhənnəmin dibinə yuvarlanan axmaq qurğulardır. Sən demə, burada pul zibil kimiymiş. Lapatka ilə kürü, yığ zənbilə, qalx yuxarı mərtəbəyə. Ya da en zirzəmiyə, orada siçan kimi gizlənib xımır-xımır ye. Heç kəs sənə gözün üstdə qaşın, liftin qapısı arasında başın, Amerikada rüşvət yoldaşın vardır deməyəcəkdir.

Sözgəlişi, amerikalılar öz lift şirkətləri ilə məhkəmədən öncə danışıb razılığa gəliblər, söhbəti bağlayıblar. Orada belə qanun da var ki, kim istəsə iş məhkəməyə getməsin, müəyyən cəriməni ödəyib aradan çıxa bilir. Prinsipcə, oxşar prosedur bizdə də var, sadəcə, qanuni şəkildə olmur. Lazımi orqanların lazımi şəxslərini tapıb haqq-hesabı verirsən, “krışa” kimdirsə ona görüm-baxım edirsən, vəssalam-şüttamam. Ondan sonra lap istəsən şəxsi liftinə qızıldan qapı, brilyantdan düymə qoy. Lifti küçəyə çıxardıb təkər tax, Neftçilər prospektində avtoşluq elə. Lift şaxtasında it saxla, balqabaq ək, nə bilim, musiqili fəvvarə qayır - o sənin fantaziyandan asılıdır.

Ancaq tam cəzasızlıq olduğunu iddia etsək qələmimiz əyilər, klaviaturamız islanar, ekranımıza virus düşər. Cinayət varsa, cəza da olmalıdır. Cəza varsa, cinayət də həmçinin. Misal üçün, bizdə siyasi dustaqlar var. Onları niyə tutublar? Bəziləri deyir günahsızdırlar, hökumətin xoşuna gəlmədikləri üçün tutulublar. Lakin görürsən bu yoldaşların hərəsinə bir ayrı cürə cəza yapışdırılıbdır. Biri 2 il alıb, başqası 5 il, üçüncü 6 il yarım və sairə. Deməli burada nəsə fərq var da bə. O hakimlər əks halda üçillik dustaqla beşilliyi necə fərqləndirə bilərdilər? Bir sovet anekdotunda təxminən bu hüququn aliliyi təsvir olunmuşdu, ağsaqqalların yadına gələr. Deyir iki dustaq söhbətləşir, biri o birindən soruşur ki, neçə il almısan, cavab verir 10 il, özü də heç nəyə görə. Adam deyir yalan demə, bizdə heç nəyə görə uzağı 5 il verirlər. Getsin gəlməsin, axmaq günlər idi. Yenə indi müstəqil dövlətik, Qarabağ bizimdir.

Cəzadan danışırdıq, bir az uzağa getdik. Bax, həmin lift idarəsi həmin maxinasiyaları edəndə (elə indi də) Bakı Şəhər İqra Hakimiyyətinin tərkibində idi. Dözülməz vəziyyət yaratdığı üçün biz idarənin şefini işdən çıxardıb baş nazirə müavin qoymuşuq. Qoy indi cəzasını çəksin. Bir az da belə pis səs-soraq gəlsə “İstiqlalımızın bülluru” ordeniylə təltif edib baş nazir qoyarıq. Xalq üçün əziyyət çəksin deyə. Xalq üçün ağlayan göz kor olmalıdır.

Zamin HACI
Tarix: 18-09-2018, 09:03
Xəbəri paylaş





Xəbər lenti