Çolparealizm


“Uyma, ey dil, xəlqdə yoxdur sədaqət, rəngdir.

Məscidü meyxanə rəng, eyşü-ibadət rəngdir.

Mey riya, məşuqə ğəşş, hüsnü vəcahət rəngdir.

Rəngdir hər dürlü matəm, hər məsərrət rəngdir.

Anla, ey əbnayi-xilqət, cümlə xilqət rəngdir"

(Səməd Mənsur)

Paytaxt ətrafında çoxlu sexlər aşkar ediblər, burada broyler toyuğunu sarı rəngdə boyayıb “kənd toyuğu” adıyla uca millətimizə, sevgili xalqımıza sırıyırmışlar. Bu rəsm dərnəklərinin ifşa edilməsi əməliyyatına yeni yaradılmış Qida Təhlükəsizliyi Agentliyinin agentləri səbəb olmuşlar. Təsəvvür elə, rəngli toyuqlar satılan dükanlarda pusqu qurublar, dükan satılmayan malı geri qaytaranda maşını izləyiblər, sexləri tapıblar. Gör nə bekar adamdırlar...

Mən bilirdim bu millət üçün qarın incəsənətdən, mədə mədəniyyətdən üstün olacaqdır. İmkan vermirlər camaatın uşağı toyuq boyamaqla dünya rəssamlıq sənətində yeni cərəyan yaratsın. Halbuki, biz buna rəssamlıqda avanqard toyuqizm, cücəsürrealizm, nə bilim, konstruktiv absurta (absurd və yumurta sözlərinin birliyindən) qolu adı verib milyon dollarla əsərlər satardıq. Vallah. Camaat var kətana qara kvadrat çəkib milyonçu olur. Eləsi var unitazı bəzəyib əsər kimi muzeyə qoyur. Bizimki toyuqla sənət aləminə çıxanda nə olası idi ki? Paxıllıq qoysa... Bizdə həmişə belə olubdur, qabağa gedənin, istedadı olanın quyusunu qazmışıq. Məncə dövlət də biganə qalmasın, artıq o toyuq rəssamlarına yiyə çıxsın.

Biz əslində belə sənətkarlarımızdan qabaqlar çox görmüşük. Misal üçün, bəziləri broyler toyuğunun yumurtasını yüngülvari palçıqlayıb “kənd toyuğu yumurtası” adıyla satırlar. Guya kənd toyuğu yumurtlayanda yumurta harasa torpağa düşür, bulaşır. Halbuki, bunların xəbəri yoxdur, regionların inkişafı proqramımızdan sonra hazırda kəndlər hamısı mərmər döşəniklidir.

Yaxud Azərbaycanın şərqindən qərbinə, şimalından cənubuna istənilən dükana gir, orada mütləq “İvanovka xaması” adlı bir zad rastına çıxacaqdır. Sanki İvanovka adlı o kənd hardasa Belarus boyda bir yerdir. Bunun xaması nə qədər olar, qardaş... Adamı bu xamayla nə qədər xamlayarlar? (şairliyim tutub).

Dövlətin tədbir görməsindən dəm vurdum, indi düşünürəm bəlkə mən düz eləmirəm, sənə bu qədər bağlanıram... (Vergüldən bəri ayrı yazıdan idi, mümkünsə oxumayın) Söhbət ondadır ki, bizdə bu cür rəssamlıq fəaliyyəti ilə dövlət özü də aktiv məşğuldur. Baxırsan qıraqdan şəhərə, sanki Praqadır, Vyanadır, nə bilim, Drezdendir. Ancaq içinə girirsən, görürsən elə həmin P..ludərə küçəsidir ki, durubdur. Misal üçün, çox adam bilmir, paytaxtımızda qoyulan yeni qəzet köşklərinin tam bənzəri Parisdə var. Yəni, Hacıbala müəllim vaxtilə bunları Parisdən götürübdür. Nə olar, yaxşı əməldir. Ona qalsa Səttar Bəhlulzadəni də hardasa impressionist saya bilərik. 19-cu əsrdə Fransada yaranan sənət cərəyanını 20-ci əsrdə Bakının Əmircan kəndində uğurla davam etdirmişdir. Biz Bəhlulzadənin Klod Monedən, Ogüst Renuardan, Alfred Sisleydən, canım sənə desin, Kamil Pisarrodan təsirləndiyini iddia etmirik ki? Ancaq Bakı ŞİH Paris qəzet köşklərinin xarici görkəmini kopyalasa da, həmin köşklərin içini, o cümlədən, Fransa azad söz məktəbini təkrarlaya bilməzdi. O səbəbdən, axırda həmin pressa köşkləri peçenye və siqaret satan dükanlara çevrildi. Bəzilərində hətta İvanovka qatığı və sairə də satılır.

Hər halda, sənət yaxşı işdir, qol-qanad vermək lazımdır. Yoxsa adamın rəssamlıq istedadını “beşikdə boğarsan” (keçmiş ədliyyə nazirimiz Südabə xanım demişkən), o da gedər pis xəyallara düşər, ikinci dünya savaşı qayırar. Bizdə bir polis polkovniki var idi, Hacı Məmmədov. Rəhmətlik dadaizm üslubunda rəsmlər çəkirdi. Ancaq Rəssamlar İttifaqı onun sərgilərini təşkil etmək, əsərlərini məktəblərdə asmaq yerinə görməzliyə vurmuşdu, Hacı müəllim də gedib adam oğurlayırdı, qulaq kəsirdi. Sözgəlişi, bizdə bir-birini bıçaqlamaq ən dəbdə olan cinayət üsullarındandır. Bu təkcə türk soyumuzdan, xəncər-bıçağa tarixi bağlılıqdan irəli gəlmir. Sənət məsələsidir. Yada salın, ünlü rəssam Van Qoq qulağını bıçaqla kəsməmişdimi? İndi mən şübhə etmirəm ki, toyda-mağarda, kafedə-tində bir-birini yortan qaqaşların canında gizli rəssamlıq istedadı yatır. Ver bunlara fırçanı, qoy şəkil çəksinlər. 

İndi söz əlaqədar təşkilatlarındır.

P.S. Epiqrafdakı “ğəşş” sözü “fitnə ilə, xəyanətlə aləmi qarışdıran, malı mala qatan” deməkdir. Eynilə toyuğu rəngləmək kimi. Qalan sözlərin mənasını zənn edirəm bilirsiniz. Bilməsəniz də özünüzü elə aparın guya bilirsiniz. Mən elə edirəm.

Zamin HACI
Tarix: 20-09-2018, 08:43
Xəbəri paylaş





Xəbər lenti