Soçidə GİZLİ QARABAĞ SAZİŞİ, 20 illik müharibəyə HAZIRLIQ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

                   ABŞ Prezidenti Donald Tramp qarşıdakı aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılacağını bildirib

ABŞ Dövlət katibi Maykl Pompeo tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırıb. 

Azərbaycan XİN Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və aqressiv bəyanatlar verməsini şərh edib. KTMT Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib. Aralıq dənizi üzərində Rusiyanlın hərbi təyyarəsi vurulub. Rusiya və Türkiyənin hərbi rəsmiləri İdlibdə silahsız bölgənin sərhədləri ilə bağlı son razılığa gəliblər. İranda hərbi parad zamanı terror aktı törədilib. ABŞ Rusiyadan “S-400” zenit-raket komplekslərini alan Çinə sanksiyalar tətbiq edib. Kiyev Azov dənizi üzrə məxfi planının olduğunu açıqlayıb.

Azərbaycan, Dağlıq Qarabağ

Ərdoğan Putinlə İdliblə bağlı razılaşdı, əvəzində Bakı və Ankara Moskvadan Dağlıq Qarabağı alacaq. Bu iddia ilə Ermənistanın “lragir” saytı çıxış edib.

Sayt yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək.

“Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıblar. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”, - deyə sayt yazıb.

Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir. Bunu Trend-in Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

XİN-dən deyiblər: “Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”.

Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

“Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır. Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir”. Bu barədə “Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır: “Ermənilər bu əraziləri “təhlükəsizlik zonası” adlandırır. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”.

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində təmas xəttində gələn Ermənistanın baş naziri Nikol Paşinyan müharibəyə hazır olduqlarını bildirib. Paşinyan cəbhədə vəziyyətə nəzarət etdiklərini iddia edib.

“Bizim ordumuz vəziyyətə nəzarət edir, lakin bu, bizim müharibə istədiyimiz demək deyil. Biz sülhə hazırıq, həmçinin, müharibəyə də hazırıq”, - deyə Paşinyan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Dağlıq Qarabağa gəlişi və aqressiv bəyanatlar verməsini şərh edib.

“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq. Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır. Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”, - bəyanatda deyilir.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargah rəisi Anatoli Sidorov Ermənistan-Azərbaycan sərhədində baş verən toqquşmaya münasibət bildirib.(publika az)
Tarix: 22-09-2018, 22:44
Xəbəri paylaş





Xəbər lenti