Paşinyanın Qarabağ danışıqlarından qaçmasının ŞOK PƏRDƏARXASI: İrəvan 30 il əvvələ QAYIDIR və...


Paşinyanın Qarabağ danışıqlarından qaçmasının ŞOK PƏRDƏARXASI: İrəvan 30 il əvvələ QAYIDIR və...

Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışı çox böyük təəssüf doğurdu. Bu çıxış bir daha göstərdi ki, Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsini həlli ilə bağlı heç bir konstruktiv mövqeyi yoxdur.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov Ermənistanın baş naziri Nikol Paşinyanın BMT Baş Assambleyasının 73-cü sessiyasında çıxışını şərh edərkən deyib.

“Paşinyanın çıxışı onda əqli problemlərin olduğunu üzə çıxardı”

Millət vəkilinin sözlərinə görə, Paşinyan hətta bir çox hallarda öz sələfləri – Serj Sarkisyan və Robert Koçaryanı belə geridə qoyan sərsəm, beynəlxalq ictimaiyyəti aldadan bir mövqe ortaya qoydu. Müsahibimiz bildirib ki, Paşinyanın sözügedən çıxışı onda əqli problemlərin olduğunu üzə çıxardı:

“Birincisi, Paşinyan erməni millətini qlobal millət adlandırdı. Bu ifadə ilk dəfə siyasi dövriyyədə işlədilib. Onun sözlərinə görə, erməni milləti qlobal millətdir və qlobal təhdidlərin mahiyyətini daha çox hiss edir. Bu fikri BMT-nin istənilən 6 dilinə tərcümə etdikdə hər bir dinləyicidə təəssüf doğuracaq ki, nə vaxtdan erməni milləti qlobal millət olub. İkincisi, yenidən dünya ictimaiyyətini aldatdı ki, Ermənistan qlobal sülhə və təhlükəsizliyi böyük töhfə verir. Paşinyanın fikrindən belə çıxır ki, işğalçı ordu eyni zamanda Əfqanıstanda, Kosovada, Livanda və Malidə sülh prosesinə çox böyük töhfələr verib. Heç bir elmi və siyasi ədəbiyyatda bu ordunun beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi töhfə haqqında bir kəlmə də eşitməmişik. Hesab edirəm ki, bu fikir yenidən bütün auditoriyanın təəccübünü doğurdu”.

“Onun sələflərinin heç biri...”

Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağıə fikirlərinə toxunan millət vəkili qeyd edib ki, onun sələflərinin heç biri BMT tribunasında onun qədər siyasi sayıqlamalara yol verməmişdi:

“Burada əsas amil onunla bağlıdır ki, Sarkisyan və Koçaryanın psixi pozğunluğuna siyasi ədəbiyyatlarda rast gəlməmişdik. Onların işğalçı dövlətə rəhbərlik etdikləri, onların despot və korrupsioner olduqları bəlli idi. Lakin onların psixi pozuntuları ilə bağlı fikirlərə rast gəlməmişdik. Paşinyanın münaqişə ilə bağlı fikirlərini dinlədikdən sonra isə bu mövqe daha da güclənmiş olur. Onun sayıqlamalarına fikir verək. Paşinyan qeyd edir ki, Azərbaycan qondarma rejimin danışıqlarda iştirak etməsinə mane olur. Və belə bir sual qoyur ki, əgər Azərbaycan Dağlıq Qarabağa iddia irəli sürürsə, onda məntiqlə, iddia etdiyi tərəflə danışıqlara getməlidir. Fikir verirsinizsə, beynəlxalq ictimaiyyətə növbəti dəfə yalan və iftira dolu məlumat ötürür. Axı, hər kəs bilir ki, Ermənistan silahlı qüvvələri, işğalçı ordu Dağlıq Qarabağı işğal edib və orada oyuncaq separatçı rejim yaradıb. Münaqişənin iki tərəfi var: Azərbaycan və Ermənistan. Beynəlxalq ictimaiyyəti aldatmaq üçün deyilir ki, guya Azərbaycanın Dağlıq Qarabağa iddiasını ortaya qoyur. Bizim iddiamız yoxdur, Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpağıdır. Bizim torpağımız işğal olunub, biz onu geri almaq, suverenliyimizi, ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Paşinyan isə Azərbaycanın Dağlıq Qarabağa ərazi iddiasının olmasından bəhs edir. O, beynəlxalq ictimaiyyəti aldatmaq və çaşdırmaq üçün belə bir mövqe ortaya qoyur ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıtsa, azərbaycanlılar Dağlıq Qarabağdakı etnik əhaliyə münasibətdə etnik təmizləmə siyasəti aparacaqlar. Və bunu əsaslandırmaq üçün növbəti yalanı beynəlxalq ictimaiyyətin gözünün içinə üfürür və iddia edir ki, eyni vəziyyət Naxçıvanda olub. İddia edir ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qayıtsa, onda erməni əhalisi ikinci dəfə “genosid”ə məruz qalacaq. Paşinyan bununla da yalan və iftira dolu bir məlumatı BMT kürsüsündən səsləndirir”.


“Azərbaycan Prezidenti ilə danışıqlardan yayınmaq istəyir...”

Elman Nəsirovun sözlərinə görə, Paşinyan bütün bu sərsəm yanaşmaları, yalan və iftira dolu bəyanatları ilə onu göstərdi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində marağı yoxdur, o vaxtı udmaqla məşğuldur, Azərbaycan Prezidenti ilə danışıqlardan yayınmaq istəyir və yayınmaq üçün bu cür absurd və cəfəng fikirlər söyləyir:

“Bu bəyanatlardan sonra da o qeyd edir ki, bütün bunları nəzərə alaraq, Dağlıq Qarabağ Ermənistanın tərkibində olmalıdır. Bu artıq münaqişənin tənzimlənməsi ilə bağlı o sualın cavabıdır ki, ATƏT-in Minsk qrupunun heç bir nəticəsi olmayıb, baxmayaraq ki, Paşinyan öz çıxışında ATƏT-in Minsk qrupunun fəaliyyətindən razılığını ifadə edib. Münaqişənin başlanmasından 30 ilə yaxın müddət keçib və bu reallıqda Ermənistanın baş naziri BMT kürsüsündən deyəndə ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində olmamalıdır, əks halda ermənilərə qarşı soyqırımı olacaq, bu o deməkdir ki, ATƏT-in Minsk qrupunun münaqişənin tənzimlənməsi ilə bağlı fəaliyyətinə elə Paşinyan onu tərifləyə-tərifləyə nöqtə qoymuş oldu. Onda sual yaranır ki, ATƏT-in Minsk qrupu tənzimlənmə prosesində nəyə nail olub, axı o Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılmışdı. Münaqişə tərəflərindən biri olan Ermənistan isə 88-ci ilin - 30 il əvvəlki reallığına qayıdır və deyir ki, Dağlıq Qarabağ heç bir halda Azərbaycanın tərkibində ola bilməz. Bütün bunlar onu göstərir ki, birincisi, Paşinyan beynəlxalq ictimaiyyəti aldadır, ikincisi, BMT-yə, onun Təhlükəsizlik Şurasına öz hörmətsizliyini ifadə edir. Çünki, BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə qəbul edib və qətnamələrdə erməni silahlı birləşmələrinin tamamilə və qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılması əksini tapıb”.

“Paşinyan parlamentdə qələbə qazanmaq üçün hazırda hər cür avantüralara gedir”

Müsahibimiz hesab edir ki, Paşinyanın çıxışı ölkənin xarici və daxili siyasətdə vəziyyətinin gözlədiyi kimi olmadığını göstərir:

“Paşinyan çox ciddi problemlərlə üz-üzə qalıb. Xüsusilə də, daxili auditoriya getdikcə Paşinyana münasibətdə məyusluq ifadə etməyə başlayıb. Belə olan vəziyyətdə o çalışır ki, Dağlıq Qarabağ münaqişəsindən maksimum yararlansın və ilk növbədə elə etsin ki, parlament seçkilərinə qədər danışıqlara getməsin. O çalışır ki, parlament seçkilərinə qədər kompromissiz və güzəştsiz siyasət aparan lider obrazı yaratsın, nəticədə seçkilərdə qalib gəlsin. Ona bu dəqiqə parlament seçkilərində qalib gəlmək hava və su kimi lazımdır. Onun bütün ifadələri, sərsən fikirləri və cəfəng yanaşmaları ancaq bu məntiqdən qaynaqlanır. Təsadüfi deyil ki, o çıxışının xeyli hissəsini də parlamentdəki vəziyyətə həsr etdi və onun sözündən belə çıxdı ki, bugünkü Ermənistan parlamentində əslində devrilmiş hakimiyyətin qüvvələri mövcuddur və hakimiyyət daha çox onların əlindədir, bu da Paşinyana xeyli mane olur. Yəni, Paşinyan parlamentdə qələbə qazanmaq üçün hazırda hər cür avantüralara gedir. Məqsəd odur ki, danışıqlar prosesinin başlanmasına mane olsun və seçkiləri keçirsin. Bundan sonra Paşinyan real vəziyyətlə bağlı müəyyən fərqli fikirlər səsləndirə bilər. İndiki halda, Paşinyandan münaqişə ilə bağlı heç bir pozitiv və konstruktiv yanaşmanı gözləməyin mənası yoxdur. O, indiki halda yalnız daxili auditoriyaya hesablanmış gedişlər edir”.

Tarix: 26-09-2018, 22:20
Xəbəri paylaş





Xəbər lenti