Ermənistan özünün hərbi iflasını şərtləndirir - TƏHLİL


Ermənistan özünün hərbi iflasını şərtləndirir
Siyasət ciddi məşğuliyyət və məsuliyyət tələb edir. Ölkə başçısı öz təmkinliyi, rasionallığı, siyasi uzaqgörənliyi və diplomatik qabiliyyəti ilə uğur qazana bilər.

Axar.az xəbər verir ki, bu sözləri analitik Ehtiram Aşırlı deyib. O bildirib ki, lakin bəzi liderlər bəhs etdiyimiz amillərdən çox uzaqdır:

“Nümunə olaraq Nikol Paşinyanı göstərə bilərik. N.Paşinyan bütün kimliyi və siyasi davranışları ilə küçədə hay-küy salıb, Ermənistana baş nazir olan adamdır. O, meydanda necə və nədən danışırdısa, xarici səfərlərində də ondan bəhs edir. Bu bağlılıqda Paşinyanın son zamanlar ölkəmiz haqqında sayıqlamaları daha gülünc görünür. Onlara fikir verməmək olardı. Ancaq kütlə psixologiyası elədir ki, ona bəzi məqamları anlatmasan, sayaqlamağa davam edir. Ermənistanın baş naziri Paşinyan növbəti dəfə siyasi səviyyəsinin olmadığını nümayiş etdirdi. O, hakimiyyətə yiyələnmək üçün küçələrdə hansı ritorikadan istifadə edirdisə, baş nazir kimi də eyni ritorikadan faydalanmağa çalışır”.

Analitik qeyd edib ki, BMT Baş Assambleyasında çıxışı zamanı Paşinyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində ola bilməyəcəyini dilə gətirib:

“Birincisi, Dağlıq Qarabağ ermənilərdən ibarət deyil. Orada azərbaycanlılar da yaşayırdı lakin deportasiya edildilər. İkincisi, terrorçularla Azərbaycanın rəsmi hakimiyyəti hansı danışığı aparmalıdır?! Üçüncüsü, danışıqlar formatı beynəlxalq hüquq əsasında ATƏT çərçivəsində müəyyənləşdirilib. Belə çıxır ki, Paşinyan bütövlükdə beynəlxalq hüququ, diplomatiyanın qanunlarını, BMT-nin Nizamnaməsini heçə saymağa çalışır. Dördüncüsü, bu cür yarıtmaz məntiqlə N.Paşinyan hansı üzlə “soyqırımı məntiqi”ndən bəhs edir?! Öz yurdlarından qovulan azərbaycanlılar, Ermənistandan tamamilə deportasiya edilən azərbaycanlılar, ancaq ermənilərin məntiqi demokratikdir?! Və azərbaycanlıların məntiqi soyqırımçıdır? Bu qədər alçaq böhtanı dünyanın heç bir siyasətçisindən eşitməzsiniz. Paşinyan Azərbaycanda on minlərlə erməninin yaşamasına baxmayaraq, bu cür yalanlar danışır. Və bunu Ermənistanda bir nəfər də olsun azərbaycanlının yaşaya bilməməsi faktı ola-ola deyir. Belə adamla nəyi və necə müzakirə etmək olar? Bu sualın cavabı üzərində həmsədr dövlətlər düşünməlidir”.

Analitik erməni rəsmi dairələrinin Naxçıvanla bağlı sayıqlamalarına münasibət bildirib:

“Bütün bunlar əslində, onların Azərbaycandan çox qorxduqlarını, eyni zamanda, çıxış yolu tapa bilmədiklərini göstərir. Ermənistan təcriddən yaxa qurtarmaq üçün heç bir səmərəli üsul müəyyənləşdirə bilmir. Bunun üçün də Paşinyan durmadan sağ-sola saldıraraq sərsəm bəyanatlar səsləndirir”.

Analitik vurğulayıb ki, bütün bunların fonunda Paşinyanın heç bir müsbət nəticəsi olmayan, hay-küylə dolu bəyanatları olduqca zavallı və gülünc görünür:

“Nəticədə, işğalçının münaqişədə məğlub olması zamanının yaxınlaşdığı haqqında konkret təsəvvür formalaşır. Bu vəziyyətdən çıxmaq üçün forpost ölkənin məntiqsiz olsa belə, müəyyən addımlar ata biləcəyi gözləniləndir. Artıq tam təcrid vəziyyətində olan Ermənistanın mövcud reallığı dəyişdirə bilmək gücündə olmadığı hamıya məlumdur. Azərbaycan rəhbərliyinin müdrik, düşünülmüş və müstəqil siyasi addımları nəticəsində Ermənistan elə bir durumdadır ki, çıxış yolu görünmür. Ermənistan nəinki hücum əməliyyatı aparmaq, heç mövcudluğunu belə qorumaq iqtidarında deyil. Prezident İlham Əliyevin uğurlu təcrid siyasəti faktiki olaraq Ermənistanın siyasi, iqtisadi, sosial və hərbi iflasını şərtləndirməkdədir”.

Analitik bildirib ki, bütün bunlar ermənilərin vətən anlayışı ilə bağlı fobiyası olduğunu göstərir:

“”Böyük Ermənistan” xülyası da erməni saxtakarlıqlarına rəvac verən faktorlardan biridir. Balkanlardan Xəzərədək böyük bir coğrafiyaya iddia edən ermənilərin iki mühüm səciyyəvi xüsusiyyəti özünü göstərir. Birincisi, vətən anlayışının məhdudsuz coğrafi sərhədləri bu dini-simbioz birliyin hər hansı bir torpağa vətən olaraq bağlı olmadığını göstərir. İkincisi isə “böyük tarixi dövlət” özü-özlüyündə böyük yalanların da uydurulmasına rəvac verir”.
 
Tarix: 27-09-2018, 09:49
Xəbəri paylaş





Xəbər lenti