Paşinyan yenə sərsəmlədi və savaşı qaçılmaz etdi


Ermənistanın baş naziri sələflərindən də artıq radikallıq  edir, BMT qətnamələrinə meydan oxuyur; ekspert: “Ərazi bütövlüyümüzü bərpa etmək üçün qərarlı addımlar atsaq...”

Ermənistan rəhbərliyi BMT tribunasından növbəti dəfə işğalçılıq siyasətinə sadiq qalacağını nümayiş etdirdi. Baş nazir Nikol Paşinyan BMT Baş Assambleyasında çıxışı zamanı sərsəm bəyanatı, əsassız iddiaları və cəfəng fikirləri ilə dünyanı çaşdırmağa cəhd göstərdi. O, Dağlıq Qarabağın heç zaman Azərbaycanın tərkibində ola bilməyəcəyi iddiasını sərgiləməklə faktiki olaraq BMT tribunasından BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tüpürdüyünü nümayiş etdirdi.

N.Paşinyan deyib ki, Dağlıq Qarabağ konfliktinin həlli və Qarabağın statusu məsələsi Ermənistan üçün danışıqlar prosesində prioritet olacaq. Baş nazir hakimiyyətə gəldiyi vaxtdan indiyə qədər danışıqlar prosesini pozması, Dağlıq Qarabağ ətrafındakı 7 rayonun gah “dqr konstitusiyasında” “dqr ərazisi” olması, gah da “dqr”in Ermənistana birləşdirilməsi haqda sərsəmləmələri ilə faktiki olaraq işğal siyasətini açıq-aşkar bəyan etməsini “unudub”, guya Ermənistanın sülh danışıqlarına sadiq olduğunu göstərməyə çalışıb. (axar.az) Həmçinin iddia edib ki, konfliktin hərbi yolla həlli cəhdləri bütün regionun təhlükəsizliyi, demokratiya və insan haqları üçün təhdiddir. Paşinyan Ermənistanın bundan sonra da ATƏT-in Minsk Qrupu formatında konfliktin həlli üçün iştirakını davam etdirəcəyini söyləyib. Aylardır danışıqlardan yayınaraq, beynəlxalq sənədlərə hörmətsizliyini yada salmayan erməni baş nazir onu da deyib ki, Azərbaycan özünün danışıqlara “hörmətsiz münasibətini” dəyişməli, problemin həlli ideyasından tam olaraq imtina etməli və bundan əvvəlki razılaşmaların hamısını icra etməlidir (?)

“Azərbaycan bəyan edir ki, Qarabağ onun tərkib hissəsi olmalıdır. Bununla bərabər bəyan edir ki, Dağlıq Qarabağla danışıqlar aparmayacaq. Problem odur ki, Azərbaycan onlarla danışmağa cəhd etmədən Qarabağa necə iddia edə bilər? Bu mümkündürmü? Bu yalnız Azərbaycan hakimiyyətini xalq yox, yalnız Qarabağın ərazisi maraqlandırdığı halda mümkündür. Beləliklə, aydın olur ki, Azərbaycan hakimiyyətinin niyyəti Qarabağın Naxçıvanda olduğu kimi, ermənilərdən təmizlənməsindən ibarətdir. Dağlıq Qarabağın Azərbaycanın tərkibinə daxil olması onun tam məhvi anlamına gəlməsini deməyə əsas verir”.

Paşinyan daha bir həyasızlıq və abırsızlıq nümayiş etdirib. Deyib ki, əgər kimlərsə “yeni erməni soyqırımının” baş verməsini arzu etmirsə, o zaman Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz. Xocalı soyqırmını törədən ölkənin baş naziri həyasızcasına Azərbaycanı “genosid”də ittiham edib. Özü də Paşinyan bu çıxışı edərkən Ermənistanın hərbi təyyarələri, qırıcıları Qarabağ səmasında təlim keçirdilər. Lakin BMT rəhbərliyi də bu fakta göz yumaraq, “inqilab” qalibinin sərsəm mövqeyinə reaksiya vermədilər.

Bundan sonra isə danışıqların davam etdirilməsi, sadəcə, mənasızdır. N.Paşinyan bu mövqeyi ilə BMT çərçivəsində keçirilən XİN başçılarının görüşünün də heç bir mənasının olmadığını nümayiş etdirdi.

“Paşinyanın BMT tribunasından söylədiklərini hakimiyyəti ələ alandan sonra söylədikləri arasında heç bir fərqi yoxdur. Bundan öncəki hakimiyyətlər də eyni şeyi deyiblər. Onlar Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmasını heç cür qəbul etməyiblər. Danışıqlar prosesinin də dalana dirənməsinin səbəbi budur”.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Qeyd etdi ki, Bakı hər zaman məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli prinsipindən çıxış edib və bu, həll variantının yeganə yoludur: “Ermənilər bunu qəbul etmədikdə başqa alternativlər ortaya çıxır. Bunlardan biri antiterror əməliyyatları keçirib bu əraziləri özünə birləşdirməkdir. Paşinyan buradakı əhalinin təhlükəsizliyindən dəm vurur və Azərbaycana meydan oxuyur. Erməni əhalinin gələcəkdə ”soyqırımı" olacağını deyir. Bu fikrin də əsası yoxdur. Məsələ Madrid prinsipləri həll edilərkən əhalinin təhlükəsizliyi nəzərə alınır. Burada bir çox detallar var. BMT üzvləri olan ölkələrin, orada iştirak edənlərin bəlkə də bunlardan xəbəri yoxdur".

Q.Çaxmaqlı qeyd etdi ki, Paşinyan faktiki olaraq BMT tribunasından dünyanı aldatmaq yolunu tutdu və açıq şəkildə Azərbaycanın torpaq bütünlüyünə qarşı edilən qəsdə haqq qazandırdı: “O, Dağlıq Qarabağ ermənilərinin danışıqlar prosesinə cəlb edilməsi kimi heç cür qəbul edilə bilməyəcək ideyanı ortaya atır. Bu da köhnə bayatıdır. Qarabağdakı separatçılıq hökm sürür və separatizmin qarşısını almaq üçün dövlətin qərarlı addımlar atmağa haqqı var. Azərbaycanın əlindən bu haqqı heç kəs ala bilməz. Ərazi bütövlüyümüzü bərpa etmək üçün qərarlı addımlar atsaq, Paşinyan və onun kimilərin bu sərsəmləmələri havada qalacaq”.

Qeyd edək ki, sentyabrın 28-də Düşənbədə Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçıları Şurasının iclası keçiriləcək. Həmin toplantıda N.Paşinyanın da iştirakı gözlənilir. Bundan əvvəl isə Rusiya prezidenti Bakıya gələcək. Eyni zamanda V.Putinin Ermənistana səfəri də planlaşdırılır. Putinin təşəbbüsü ilə tərəflər bir araya gələ, Qarabağla bağlı hansısa müzakirələr təşkil oluna bilərmi? Ermənistan aqressiv mövqe nümayiş etdirsə də, bəllidir ki, İrəvanı ram etmək Kremlin əlində asan bir işdir.

Qafar Ãaxmaqlı ile ilgili görsel sonucu

Q.Çaxmaqlı bu fikirdədir ki, Rusiya təşəbbüsü əldən vermək istəmir: “Azərbaycanın BMT səviyyəsində məsələyə baxılması təşəbbüsləri əngəllənir. Çünki BMT məlum qətnamələrdən çıxış edə bilər və bu, Rusiyanın danışıqlar prosesinə aktiv müdaxiləsini azalda bilər. Adı var, özü olmayan MDB indiki halda heç bir təsiredici qərar qəbul edə bilməz. Putinin səfərlərindən də elə ciddi bir irəliləyiş gözləmək olmaz. İndiki durumda atılan addımlar İrəvanı özünə bağlamaq cəhdindən başqa bir şey deyil. Mən şəxsən belə bir anlaşmanın olacağına inanmıram. Həm də Putinin səfəri bununla əlaqədar deyil. Rusiya Ermənistanda gələcəkdə yaşanacaq proseslərdən narahatdır və önləyici tədbirlər almaq üçün burada mesajlar verəcək. Ola bilsin ki, Qarabağ faktoru bu proseslərdə təkanverici faktor olsun. İndiyə kimi də Rusiya Ermənistanla bağlı siyasətində Qarabağ faktorundan istifadə edib və bundan sonra da edəcək”.

Maraqlıdır, hakimiyyətlərin girovuna çevrilmiş Ermənistan əhalisi Qarabağla bağlı hansı mövqedədir? Onlar övladlarının yad torpağında ölməsini istəyir, Paşinyanın sərsəm Qarabağ bəyanatlarını dəstəkləyir, yoxsa indiyəqədərki siyasətə etiraz mövqeyindədirlər?

Q.Çaxmaqlı: “Ermənistanda gedən prosesləri yaxından izləyirəm. Qarabağ məsələsində nəinki Ermənistan əhalisi, hətta bütün dünya erməniliyinin fikri sabit və dəyişməzdir. Savaş halında biz bütün dünya erməniliyi ilə savaşacağıq. 2016-nın aprelində olan hadisədən sonra xarici ölkələrdə Qarabağa savaşmağa gəlmək istəyən erməni könüllülərin sayı az qala Ermənistan ordusunun sayına bərabər idi. Ermənistanda hakimiyyət başında kimin olmasından asılı olmayaraq, bu durum dəyişməyəcək. Elə bir siyasi təşkilat yoxdur ki, Qarabağın Azərbaycanın tərkibinə verilməsi, yəni məsələnin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi fikrini dəstəkləsin. Biz bunları nəzərə almalıyıq. Ermənistan cəmiyyətini ciddi təhlil edib öyrənməliyik və bilməliyik ki, yalnız Ermənistan ordusu ilə işimiz olmayacaq. Ermənilər ümumən xalq olaraq mövqe seçə bilirlər. Birinci Dünya müharibəsində də xalq olaraq Osmanlı dövlətinə savaş açmışdılar. Nəzərə alınmalıdır ki, onlar 1915 hadisələrində də xalq olaraq Rusiya və Qərb ölkələrinin yanında olduqlarına görə köçürülməyə məruz qaldılar. Bu gün əhali ”qan-qan" deməsə də, o qorxunu gözə alır ki, Azərbaycanla müharibə qaçılmazdır".

âAtlasâ AraÅdırmalar MÉrkÉzinin rÉhbÉri, politoloq Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bildirdi ki, ermənilərin təxribatları artıq intensiv xarakter alıb: “Gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyanın və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın 3 təxribatını saydım. Birinci təxribat Ermənistan hərbi təyyarələrinin Dağlıq Qarabağ səmasında uçuşları, ikinci təxribat Nikol Paşinyanın BMT tribunasından Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxışı, üçüncü təxribat Xankəndində imzalanan sazişdir”.

Ekspert hesab edir ki, Azərbaycan sərhədini pozan təyyarələr vurulmalıdır, bunun başqa yolu yoxdur: “Ermənilər bu təxribatlarını Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər öncəsi təşkil ediblər ki, Azərbaycan ordusu Ermənistana məxsus təyyarələri vurmağa risk etməsin. Amma tam əksinə, Azərbaycan sərhədini pozan təyyarələr vurulmalıdır ki, Vladimir Putin Azərbaycanın mövqeyinin ciddiliyini anlasın”.

Paşinyanın təxribatçı açıqlamalarına gəldikdə isə E.Şahinoğlu qeyd etdi ki, bu, son bir ayda genişlənib və davamı gəlir. Üçüncü təxribata gəldikdə, politoloq bunları bildirdi: “Sentyabrın 25-də Xankəndində separatçıların lideri Bako Saakyanla Fransanın 45 min əhalisi olan Alforvil şəhərinin meri Mişel Jerşinoviç arasında ”dostluq və əməkdaşlıq sazişi" imzalanıb. Bu da ermənilərin Fransa prezidenti Emmanuel Makronun Bakıya səfəri öncə həyata keçirdikləri oxşar təxribatdır. Makronun ziyarəti öz yerində, ancaq Azərbaycan Xarici İşlər Nazirliyi Fransanın Azərbaycandakı səfirini XİN-ə çağırıb, ona nota verilməlidir".

Bundan əvvəlki Ermənistan rəhbərliyi də BMT tribunasından heç zaman konstruktiv mövqe nümayiş etdirməyib. Amma Ermənistanın hazırkı baş naziri sələflərindən də artıq radikallıq nümayiş etdirməklə beynəlxalq aləmə, BMT qətnamələrinə meydan oxudu. İndi söz Azərbaycanın, daha doğrusu, Azərbaycan əsgərinindir...

E.PAŞASOY,
“Yeni Müsavat”

Tarix: 27-09-2018, 10:11
Xəbəri paylaş





Xəbər lenti