“Cəsəd dövlət”in LİDERİ, Paşinyanın növbəti SƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ


“Cəsəd dövlət”in LİDERİ, Paşinyanın növbəti SƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub. ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair bəyanatla çıxış ediblər. Ərdoğan ABŞ-ı Menbiçdə təyin olunan yol xəritəsinə və təqvimə riayət etmədiyini bildirib. İran Təl-Əvivi özünün nüvə silahlanması üzrə qeyri-leqal proqramından danışmağa çağırıb. ABŞ İranı Suriyadan güc yoluyla çıxmağa məcbur etməyəcəyini bəyan edib.

Sentyabrın 28-də Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

MDB dövlət başçılarının Düşənbədə keçirilən iclası çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın ayaqüstü söhbəti olub. Məlumata görə, MDB dövlət başçıları görüşdən öncə ümumi foto çəkdirib. Bundan sonra Azərbaycan lideri ilə erməni baş nazir videokameralar qarşısında qısa söhbət edib.

Fotoda Paşinyanın Azərbaycan lideri qarşısında sıxıldığı aydın görünür. Bu detal Ermənistan mediasının da gözündən yayınmayıb. Erməni mediası Paşinyanı zəiflikdə və təcrübəsizlikdə günahlandırıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu York görüşünə dair bəyanatla çıxış ediblər. Bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatlıq doğuran bəyanatlar və insidentlərlə bağlı izahat istədikləri bildirilir.

Qeyd olunub ki, həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar nazirləri gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar.

Vasitəçilər qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Azərbaycan və Ermənistan XİN rəhbərləri isə danışıqlar prosesinin fəallaşması üçün tədbirlərin, habelə gərginliyin azaldılması üçün əlavə tədbirlərin vacibliyini vurğulayıblar.

Rusiya prezidenti Vladimir Putin Bakıda səfərdə olarkən Ermənistanda rus ordusu təlimlərə başladı. Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşmasının keçirdiyi təlimlərin təfərrüatı məlum olmasa da, Putinin Azərbaycan torpaqlarında Prezident İlham Əliyevlə müzakirələr apardığı vaxt belə bir addımın atılması diqqət çəkir. Rusiya və Ermənistanın birləşmiş ordu qruplaşması ötən ilin iyul ayında yaradılıb.



Vladimir Putinin Azərbaycana son səfəri Ermənistan rəhbərliyinə bir mesajdır. Bunu rusiyalı politoloq, Rusiya Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov bildirib.

Onun fikrincə, Azərbaycan və Rusiya prezidentləri - İlham Əliyevlə Vladimir Putinin danışıqları çox müsbət, mehriban ab-havada keçib, iki dövlət başçısı arasında çox yaxşı şəxsi münasibətlər yaranıb.

“Məncə, Vladimir Putinin bu səfərində mühüm məqsədlərdən biri Ermənistanın yeni rəhbərliyinə doğru yolla getmədikləri barədə mesaj ötürmək olub. Əgər Nikol Paşinyan Klollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nümayəndələrini həbs etdirməyə davam etsə və müəyyən səhv addımlar atsa, nəinki ölkə rəhbərliyi, bütövlükdə Ermənistan üçün də çox ciddi fəsadlara yol aça bilər”, - deyə rusiyalı ekspert vurğulayıb.

ABŞ Menbiçdə təyin olunan yol xəritəsinə və təqvimə qətiyyən riayət etmədi. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“PYD-YPG o bölgəni tərk etməyib. Bölgənin əsl sahibləri hələ də ora yerləşməyib. ABŞ burada sözünü tutmadı. 90 gün deyilmişdi, 90 gün başını alıb gedir. Bundan sonrakı prosesdə hansı yeniliklər olacağını görəcəyik”, - Ərdoğan bildirib.

İran Xarici İşlər Nazirliyinin başçısı Məhəmməd Cavad Zərif Təl-Əvivi özünün nüvə silahlanması üzrə qeyri-leqal proqramından danışmağa çağırıb. Bu haqda Tvitter səhifəsində bildirib.


“İsrail bizim regionumuzda məxfi və nüvə silahlanması üzrə qeyri-leqal proqramdan istifadə edən tək rejimdir. İsrailin qeyri-qanuni nüvə silahlanması proqramını etiraf etmək və beynəlxalq ekspertlər üçün açmaq vaxtı çatıb”, - o deyib.

Xatırladaq ki, İsrailin baş naziri BMT Baş Assambleyasında çıxış edərək İranın tonlarla nüvə materialının saxlandığı gizli anbara sahib olduğunu bildirib.



ABŞ İranı Suriyadan güc yoluyla çıxmağa məcbur etməyəcək. Bunu Nyu Yorkda jurnalistlər üçün təşkil etdiyi brifinqdə çıxışı zamanı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib. Onun sözlərinə görə, ABŞ İranın Suriyadan çıxarılması məsələsində yalnız siyasi təzyiqlərlə kifayətlənəcək:

“İranlıları Suriyadan getməyə məcbur etməyəcəyik. Nə biz, nə də ruslar onları Suriyadan getməyə məcbur edə bilər. Ona görə ki, məcburetmə hərbi yolla həyata keçirilir, biz isə savaş istəmirik. İranlılara qarşı yalnız siyasi təzyiqlərdən istifadə edəcəyik. Bununla belə, İran Suriyada qaldığı müddət ərzində ABŞ Suriyadan çıxmayacaq”.

“ABŞ hesab etmir ki, Suriya prezidenti Bəşər Əsəd Suriya münaqişəsində qalib gəlib”. Bu haqda Suriya dialoqu üzrə ABŞ-ın xüsusi nümayəndəsi Ceyms Ceffri Nyu-Yorkda brifinqdə bildirib.

“Bəşər Əsəd hesab edə bilər ki, o, hazırda qalib gəlib. Amma o, Suriya ərazisinin təxminən yarısını əlində saxlayır, əhalinin yarısı onun nəzarəti altında deyil. O, cəsəd dövlətdə - praktik olaraq iqtisadiyyatı, neft və qaz resurslarına girişi olmayan, bərpasına ümid olmayan bir dövlətdə oturur. Çünki, ABŞ onları bloklayır. Ona görə düşünmürəm ki, o, bir şey udub”, - Ceffri deyib.

Bundan başqa, o bildirib ki, Rusiyaya Əsədi dəstəkləmək vacib deyil.

Qüdsün statusu və Fələstin xalqının haqları ticarət predmeti ola bilməz. Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Fələstin lideri Mahmud Abbas deyib.

“Qüds satılmır. Fələstin xalqının haqları ticarət predmeti ola bilməz. Regionda sülhün bərpa edilməsi yolu paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasından keçir. Əgər bu baş tutmasa, regiona sülh gəlməyəcək. Fələstinlilər hələ də sülhə inanırlar. Biz heç vaxt danışıqlardan imtina etməmişik və bundan sonra da daim əlimizi danışıqlar üçün uzadacağıq”, – deyə o bildirib.

Ukraynanın Zakarpatye vilayətində “İkinci Krım ssenarisi” təkrarlanır. Belə fikirlə “ObozTV”nin efirində “Batkivşina” Partiyasından Ukraynanın xalq deputatı İqor Lusenko Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verməsini şərh edərkən deyib.

O hesab edir ki, hazırda Kiyevdə iki seçim var: ya reaksiya verməmək və belə şeylərə gözlərini bağlamaq, ya da hansısa diplomatik alətlərdən istifadə etmək.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-lərində Macarıstanın Ukraynanın Zakarpartye vilayətindəki konsulunun ukraynalılara Macarıstan pasportları verdiyini əks etdirən video yayılıb. Bundan sonra Ukrayna xarici işlər naziri Pavlo Klimkin Macarıstanla bağlı kəskin bəyanat verib. Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Zakarpatyedə macar pasportlarının verilməsi milli təhlükəsizlik üçün çağırışdır. Klimkin macar həmkarı ilə konsulun göndərilməsi məsələsini müzakirə etməyə söz verib.

Bunun qarşılığında Macarıstan xarici işlər naziri Peter Siyarto Ukraynanın atacağı hər hansı addıma ölkəsinin tutarlı cavab verəcəyini bildirib.

Ömər Dağlı

Tarix: 28-09-2018, 21:35
Xəbəri paylaş





Xəbər lenti