Amerika görüşləri də sülhü yaxınlaşdırmadı: müharibənin “donu” açılır - TƏHLİL

Amerika görüşləri də sülhü yaxınlaşdırmadı: müharibənin “donu” açılır
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra Azərbaycanın və işğalçı ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında daha bir görüş reallaşdı. Bu dəfə Nyu-Yorkda, BMT Baş Məclisinin 73-cü sessiyası çərçivəsində və yenə də ATƏT-in Minsk Qrupunun üç həmsədrinin təşəbbüsü ilə XİN başçıları bir araya gəldilər.

Maraqlıdır ki, bundan əvvəlki görüş kimi sonuncu təmas da saatlarla sürüb, 3 saata yaxın çəkib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Bununla belə, hansısa anlaşma əldə olunmayıb. Sülh danışıqlarında yenə kiçicik irəliləyiş belə, qeydə alınmayıb. Həmçinin iki ölkə rəhbərlərinin görüşünü təşkili yönündə ilkin razılığın əldə edilməsi mümkün olmayıb. Yalnız ilin sonunadək XİN rəhbərləri arasında daha bir görüşün keçirilməsi haqda anlaşma əldə olunub.

Görüş haqda danışan Elmar Məmmədyarov deyib ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, o cümlədən, bölgədə “dayanıqlı sülhə” nail olmağın yolları barədə müzakirə aparıblar. Azərbaycan XİN başçısı müzakirələri “maraqlı və mühüm fikir mübadiləsi” kimi qiymətləndirib. “Biz danışıqların həmsədrlərin bölgəyə səfəri də daxil olmaqla gələn ay davam etdirilməsinə razılaşdıq”, - deyə o, əlavə edib.

Ötən saylarımızda qeyd etdiyimiz kimi, əslində bu görüşdən də pozitiv nəticə gözlənilmirdi. Çünki Ermənistanın indiki iqtidarını hazırda Dağlıq Qarabağ məsələsindən daha çox, növbədənkənar seçkilər və bu seçkilərdə qələbə maraqlandırır. Qarabağ ixtilafının həlli isə Azərbaycan torpaqlarının heç olmasa bir qisminin qaytarılması deməkdir ki, bunu da inqilabdan sonra baş nazir Nikol Paşinyanın populizmi sayəsində bir az da eyforik duruma düşən erməni toplumu qəbul eləmək gücündə deyil.

*****

Beləcə, ən azından işğalçı ölkədə yeni parlament formalaşanadək rəsmi İrəvanın Dağlıq Qarabağla bağlı mövqeyində konstruktivlik gözləməyə dəymir. Bu da öz növbəsində müharibə riskinin getdikcə artması deməkdir. Vəziyyəti ciddiyə alan Azərbaycan tərəfi sözsüz ki, əsas diqqəti öz silahlı qüvvələrinin döyüş potensialını artırmağa, hərbi parkını yeni-yeni müasir silah sistemləri hesabına zənginləşdirməyə davam edir.

Yeri gəlmişkən, srağagün Azərbaycanla Belarus arasında imzalanmış hökumətlərarası razılaşmaya əsasən 301 mm-lik “Polonez” əməliyyat-taktiki raket komplekslərinin daha bir partiyası ölkəmizə gətirilib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilib. Azərbaycan təbii ki, bu qəbildən müasir silah komplekslərini vitrində saxlamaq üçün almır. Yeri gələndə düşmənə qarşı istifadə edilir. Bu günlərdə cəbhə xəttində işğalçı qüvvələrə verilən növbəti layiqli cavab buna sübutdur.

*****

“Hazırkı Ermənistan hökuməti və erməni əsgərləri baş nazir Nikol Paşinyan və onun populist çıxışlarının əsirinə çevirilib”. Bu sözləri axar.az-a qoşunların qarşıdurma xəttindəki son vəziyyətlə bağlı açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib. O bildirib ki, son bir həftə ərzində Azərbaycan Ordusunun bölmələri bütün istiqamətlərdə düşmənin 5 hərbi qulluqçusunu məhv edib, bir neçə əsgəri isə ağır yaralayıb.

“Həmişəki kimi, qarşı tərəf yalnız Ermənistandan olan 3 çağırışçının adını rəsmi olaraq bəyan edib. Digər 2 nəfər isə Qarabağdan hərbi xidmətə çağırıldığı üçün onların adları gizlədilib. Azərbaycan Ordusunun əsgərləri Paşinyan və onun kimi digər cinayətkarların səsləndirdiyi sərsəm bəyanatlara cavab verir və verməyə də davam edəcək”, - deyə hərbi ekspert qeyd edib.

Polkovnik vurğulayıb ki, bunlar hamısı Azərbaycan Ordusunun gücünü göstərir: “Bu, ordumuzun işğal altında olan torpaqlarımızı azad etməyə hazır olduğunu bir daha sübut edir. Əminəm ki, bundan sonra Paşinyan və onun kimilər nə qədər ki, sərsəm bəyanatlar səsləndirəcək, o vaxta qədər də təmas xəttindən erməni əsgərlərinin leşini yığmaqla məşğul olacaqlar”.

*****

Görünür, elə bu xofun göstəricisidir ki, Ermənistan rəhbərliyindəki daha bir şəxs işğal altındakı Azərbaycan ərazilərinə getməyə hazırlaşır. Belə ki, Musavat.com-un erməni mediasına istinadən verdiyi xəbərə görə, Ermənistan parlamentinin sədri Aro Babloyan sentyabrın 28-də qanunsuz olaraq Dağlıq Qarabağa səfər edəcək. Onun Qarabağ separatçılarının başçısı Bako Saakyanla, həmçinin oyuncaq qurumun “parlament sədri” Aşot Qulyanla görüşü planlaşdırılır.

Xatırladaq ki, bu ay baş nazir Nikol Paşinyan, həmçinin müdafiə və xarici işlər nazirləri Azərbaycan ərazilərinə “arxa qapı”dan gəliblər. Təəssüf ki, düşmən tərəfin bu təxribatçı, sülh prosesini daha da qəlizə salan bu cür hərəkətlərinə, o sırada işğal altındakı torpaqlarımızda vaxtaşırı hərbi təlimlər keçirməsinə Minsk Qrupu həmsədrlərinin qınayıcı reaksiyasının şahidi olmuruq. Əvəzində onlar yenə XİN başçılarının Nyu-York görüşü ilə bağlı növbəti şablon bəyanat yayıblar.

Bəyanatda həmsədrlərin görüş zamanı tərəflərdən narahatçılıq doğuran açıqlamalar və insidentlərlə bağlı izahat istədikləri bildirilir. Həmsədrlər insan ölümləri hallarının davam etməsindən dərin təəssüf hissi keçirdiklərini vurğulayıblar. Onlar xarici işlər nazirlərini gərginləşmənin təhlükəli olması barədə xəbərdar ediblər, tərəfləri pozitiv mühitin formalaşmasında konstruktiv iştiraka və aqressiv ritorikadan çəkinməyə çağırıblar. Onu da qeyd ediblər ki, hərtərəfli nizamlanma bütün tərəflərdən güzəştlər tələb edəcək.

Qəribədir, vasitəçilər işğal altındakı ərazilərə qanunsuz səfərləri və orada vaxtaşırı keçirilən qanunsuz təlimləri qınamaq əvəzinə, hər iki tərəfə xəbərdarlıq edirlər, “balans” saxlamağa çalışırlar. Görəsən, ərazisinin 20%-i işğal altında olan Azərbaycan Ermənistana nəyi güzəştə getməlidir - Dağlıq Qarabağı?

*****

Sözsüz ki, məsələdə Rusiya səmimi şəkildə hərəkətə keçməyincə, sülh prosesində dönüş olmayacaq. Bu xüsusda münaqişə tərəfləri arasında son təmaslar və Rusiya amilinin rolundan danışan politoloq Elçin Mirzəbəyli hesab edir ki, hazırda Kremlin Qarabağ problemi ilə bağlı fərqli yanaşması var: “Bəzi məqamlarda Rusiyanın Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu, Minsk Qrupunun buna mane olduğu iddiasını önə çəkirlər. Başqa tərəfdən isə Rusiyanın ”Qarabağ kartı"nı əldən vermək istəmədiyini bildirirlər. İndiki məqamda ikinci faktor daha çox müzakirə mövzusudur. Buna görə də Rusiyanın konfliktlə bağlı birmənalı mövqeyi yoxdur. Baxmayaraq ki, Rusiya hakimiyyətinə yaxın siyasi institutlar tərəfindən də Qarabağ ətrafındakı 7 rayondan 5-nin Azərbaycana qaytarılması ilə bağlı müxtəlif fikirlər səsləndirilir, amma bunlar rəsmi mövqeyi ifadə etmir. Belə fikirlər, sadəcə, fərziyyələr və ehtimallar formasında irəli sürülür. Digər tərəfdən, Azərbaycan Dağlıq Qarabağa özünün ərazi bütövlüyündən kənarda status verməyəcəyini bəyan edir, bu isə ölkənin qəti mövqeyini ifadə edir. Bu baxımdan da istər Rusiya prezidentinin səfəri, istər BMT Baş Assambleyasında baş verən proseslər, istərsə də mövcud geosiyasi şərtlər fonunda Dağlıq Qarabağ münaqişəsinin tezliklə danışıqlar yolu ilə həll ediləcəyi mümkünsüz görünür".

Politoloq yaranmış vəziyyətə qarşı Azərbaycanın ən maksimal formada atdığı addımların olduğuna diqqət çəkərək deyib ki, Azərbaycan Ermənistanın işğalçılıq addımlarına cavab olaraq, öz Silahlı Qüvvələrini kifayət qədər gücləndirib: “Ölkədə keçirilən sonuncu müdafiə sərgisi Azərbaycanın potensialının ciddi şəkildə güclü olduğunu və ölkənin öz ərazilərini işğaldan azad etmək qüdrətində olduğunu nümayiş etdirdi. Qısa müddət ərzində Bakıda iki möhtəşəm hərbi paradın keçirilməsi də buna əlavə sübutdur”, - deyə o qeyd edib.

*****

Öz növbəsində rusiyalı tanınmış ekspert Andrey Yepifantsev Dağlıq Qarabağ danışıqlarında Ermənistanın mövqeyinin ciddi şəkildə dəyişməkdə olduğunu düşünür. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə o, “Vestnik Kavkaza” portalına açıqlamasında deyib.

“Paşinyan bütün ölkələrə tələb qoyur ki, onlar Azərbaycana təzyiq göstərib onu güzəştlərə məcbur eləsin. Bu isə nə beynəlxalq anlaşmalara, nə də Minsk Qrupu çərçivəsindəki danışıqların ruhuna uyğundur. Gözləmək olar ki, Paşinyan incə və diplomatik şəkildə öz yerində oturdulanda İrəvanın mövqeyində hansısa korreksiya baş verəcək. Çünki onun tələblərinə razılıq - tərəflərdən bərabər uzaqlıqda olmaq praktikasından ciddi şəkildə çəkilərək İrəvanın mövqeyinə yuvarlanmaq demək olardı. Buna isə əsas yozdur”, - deyə rusiyalı analitik əlavə edib.

Rusiyalı tanınmış telejurnalist və siyasi şərhçi Maksim Şevçenkoya görə, hazırda Paşinyanın Qarabağla bağlı mövqeyi Serj Sərkisyanın mövqeyindən heç nə ilə fərqlənmir: “Paşinyan da iddia edir ki, Qarabağ - müstəsna olaraq erməni dünyasının əzəli tərkib hissəsidir, bu torpaqlar ancaq erməni xalqınındır. Bu isə təbii ki, doğru deyil. Çünki Dağlıq Qarabağ orada kifayət qədər çoxdan yaşayan həm azərbaycanlılara, həm də ermənilərə məxsusdur. Hakimiyyət dəyişikliyindən sonra İrəvanın yanaşması zərrəcə dəyişməyib - ”Qarabağı verməyəcəyik, vəssalam!.." Məncə, Ermənistan bu məsələdə anlaqlı mövqe tutmalı, mütləq Dağlıq Qarabağ ətrafındakı rayonları azad eləməli, köçkünlərin qayıdışı təmin olunmalı və bundan sonra Dağlıq Qarabağın statusu müzakirə edilməlidir".

Əfsus ki, düşmən ölkə konstruktiv mövqeyə yaxınlaşmaq əvəzinə, ondan uzaqlaşmaqdadır. Bu isə tezliklə sülhün deyil, müharibənin “donu”nun açılmasına aparır.
 
Tarix: 29-09-2018, 13:54
Xəbəri paylaş





Xəbər lenti