Qüdrət Həsənquliyev, “kazak xofu” və “Mannerheym xətti”...



Yaxud, tətikdəki əlcəyin içindəki əl...
 


Millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin son iclasında Qarabağın işğalı ilə bağlı səsləndirdiyi fikirlər ictimai rəydə geniş müzakirəyə səbəb olub. Xatırladaq ki, millət vəkili sözügedən iclasda Qarabağ işğalının arxasında Rusiya faktorunun dayandığına diqqət çəkərək bu ərazilərin məhz Rusiya tərəfindən zəbt edildiyini vurğulayıb.

Etiraf etmək lazımdır ki, Qarabağın Ermənistan deyil, Rusiya tərəfindən işğal edilməsi fikri yeni deyil və bu həqiqət zaman-zaman müxtəlif siyasilər, hərbi ekspertlər, ziyalılar və s. tərəfindən bir qədər üstüörtülü və ya açıq şəkildə dəfələrlə vurğulanıb. Lakin Q.Həsənquliyevin parlamentdə səsləndirdiyi bu fikir ictimai rəydə adiləşmiş həqiqətdən daha böyük rezonansa səbəb oldu. “Adiləşmiş” bir fikrin bu qədər qeyri-adiliklə qarşılanmasının səbəbinə gəlincə, bu, bir neçə amillə bağlıdır. 

Hamının bildiyi həqiqətin təkrar səslənişi əksəriyyəti niyə heyrətləndirdi?

Hamının bildiyi həqiqətdə əksəriyyəti heyrətləndirən ən mühüm amildən biri bu həqiqətin parlamentdə, qanunverici orqanda  millət vəkili səviyyəsində səsləndirilməsi gerçəyi idi. Başqa sözlə desək, bu günə qədər müxtəlif media orqanlarında qeyri-rəsmi şəxslər tərəfindən səsləndirilən bu fikir, bu kəs millət vəkili səviyyəsində həyata vəsilə aldı. Fikrin birbaşa, cəsarətlə ifa edilməsi, onun kəsərinin hər hansı əlavə ifadələrlə yumşaldılmaması, ehtiramla pərdələnməməsi də ictimai rəyin təqdir etdiyi nüanslardan oldu.
Q.Həsənquliyevin Qarabağın işğalında Rusiya faktoruna verdiyi qiymət bu gerçəyin parlamentin timsalında “daha ciddi dairələrdə” kök salmaqda olduğu ilə bağlı düşüncələrə də yol açdı ki, bu da Rusiyanın imperialist, təcavüzkar siyasətinin bütün ağrı-acısını öz üzərində hiss edən bütün vətəndaşlar tərəfindən ümid və rəğbətlə qarşılandı. 

“Mannerheym xətti”ndəki ilk çat, yaxud “kazak xofu”na açılan ilk cəbhə

Q.Həsənquliyevin Rusiyanın işğalçı siyasəti ilə bağlı səsləndidiyi fikirlərin ən böyük önəmi isə heç şübhəsiz, bu çıxışın bir çox insanların psixologiyasında “Mannerheym xətti” qədər dərindən işləmiş “kazak xofu”na zərbə vurması oldu. Qarabağın işğalında Rusiya faktorunun həlledici amil olduğunu bilsə də, bunu dilə gətirməyə cəsarət etməyən, bu məsələdə Rusiyanı hədəf almağın ölkəmiz üçün yeni problemlərə səbəb ola biləcəyindən ehtiyat edən hər kəs başa düşdü ki, Azərbaycan və Rusiya arasındakı münasibətdən,  güc balansından asılı olmayaraq, həqiqəti dilə gətirməyə ehtiyac var. Çünki həqiqəti gizlətmək, onu təhrif etməklə heç bir məsələdə, eləcə də Qarabağ məsələsində ədalətli sonuca nail olmaq mümkün deyil.
Məhz bu baxımdan millət vəkilinin məlum açıqlaması Azərbaycan insanının psixologiyasında özünə “Mannerheym xətti”ndən daha dərindən yer edən “kazak xofu”na qarşı açılan ilk ciddi cəbhə hesab edilə bilər. Hansı ki, çar Rusiya dönəmində psixologiyamızda özünə zərrə-zərrə, damla-damla yer edən bu xofun aradan qaldırılması, milli özgüvənin tam olaraq bərqərar olması bizim üşün Qarabağdan heç də az əhəmiyyətli deyil. Çünki hər bir xalqın ümummilli problemi ilk növbədə onun psixologiyasından, öz tarixinə, dəyərlərinə bağlılıqdan, duyduğu özgüvəndən, təfəkkür və əxlqından keçir. Bu mənada Q.Həsənquliyevin Rusiyanın tarixi cinayətlərini açıq hədəf alan çıxışı daha böyük əhəmiyyətə malikdir. 

Eməni tətiyindəki əlcəyin içindəki əl...
 
Qarabağ müharibəsi Azərbaycanla Ermənistan arasında baş versə də, bu müharibədə üçüncü tərəfin – Rusiyanın ermənilərdən daha aktiv rol oynadığı, rəsmi İrəvanın hərbi uğurlarının məhz Kremlin dəstəyi ilə realalşması heç kimə sirr deyil. Özünü korluğa qoymaq istəməyən hər kəs başa düşür ki, Qarabağı hədəf alan tətikdəki əlcək erməniyə məxsus olsa da, o əlcəyin içindəki əl Rusiyanın idi. Əks-təqdirdə, hətta ötən əsrin 90-cı illərinin daxili xaos və gərginliklərlə dolu Azərbaycanı belə bu hücumu mətinliklə dəf edə bilərdi. Amma öz müstəqilliyini yenicə elan edən kiçik bir ölkənin uzun əsrlər ərzində möhkəmlənən,  dünyanın bölüşdürülməsi uğrunda ABŞ və Avropadakı rəqibləri ilə mübarizə aparan bir imperiya ilə savaşdan qalib çıxmaq şansı yox idi. Lakin biz erməni əlcəyi içərisindəki əlin ruslara məxsus olduğunu görməyə və deməyə borcluyuq. Ən azından ona görə ki, hər kəs Qarabağ uğrunda həyatını itirən minlərlə insanımızın necə böyük, necə güclü, necə amansız bir düşmənlə mübarizədə şəhid olduğunu bilsin. Hər kəs bilməlidir ki, Azəraycanın yerinə dünyanın istənilən ölkəsi belə bu məğlubiyyətdən yaxa qurtara, bu savaşın nəticələrini dəyişə bilməzdi. Və hər kəs bilməlidir ki, tamamilə qeyri-bərabər şərtlər altında, qeyri-bərabər güclər arasında aparılan bu mübarizədə Azərbaycan itirdiyi torpaqlara görə məğlub hesab edilsə də, göstərdiyi fədakarlıqlara, sərgilədiyi dözümlülüyə və mətinliyə görə mənəvi baxımdan qalib hesab edilə bilər.  

Qatilin kimliyini danmaq Qarabağ şəhidlərinin ruhuna xəyanətdir

Qarabağın işğalında Rusiya amilinin həllediciliyinə diqqət çəkmək yaxın tarixi olayları obyektiv qiymətləndirmək, Moskvanın hərbi müstəvidə həyata keçirdiyi cinayətləri beynəlxalq aləmdə ifşa etməklə yanaşı, həm də Qarabağ döyüşlərində qəhrəmancasına həlak olan bütün şəhidlərin ruhuna ehtiram baxımından vacibdir. Çünki Qarabağda şəhid olanların qatilinin ermənilərlə yanaşı, həm də Kreml olduğunu bilə-bilə susmaq, onun adını belə çəkməmək torpaqlarımızın azadlığı uğrunda həlak olanların ruhuna xəyanətdir. Ola bilsin ki, hazırkı situasiya bizə həmin şəhdilərin intiqamını almağa imkan vermir. Ola bilsin ki, bir medalın iki üzü olan Ermənistan-Rusiya güclərinə qarşı yeni bir savaş bizim üçün yeni itkilərə səbəb olsun. Lakin bizim ən azından Qarabağdakı şəhdilərimizin qatilinin sadəcə Ermənistan olmadığını demək cəsarətimiz olmalıdır. Unutmaq olamz ki, bəzən ən böyük qəhrəmanlıqlar ön cəbhədə deyil, arxa cəbhədə - həqiqəti hayqırmaq, çoxlarının qorxub demədiyini dilə gətirmək, zehinlərdə, düşüncələrdəki səddi aşmaqla göstərilir.

Dərsliklərdə əks olunmalı, ruha hopmalı olan milli yaddaş

Qarabağ müharibəsinin tarixi ilə bağlı atılması gərəkən əsas addımlardan biri də bu tarixi obyektiv araşdırmaqla yanaşı, həm də orta və ali məktəb dərsliklərində əks etdirmək, bu tarixin gənc nəslin ruhuna hopmasını təmin etməkdir. Yalnız hazırkı deyil, gələcək nəsillər də bilməlidir ki, Azərbaycan Qarabağ savaşında miskin ermənilərə deyil, dünyanın ən böyük güc mərkəzlərindən biri olan Rusiyaya yenilib. Doğrudur, bu, Azərbaycanın Qarabağ müharbəsində aldığı yaraları sağaltmayacaq. Amma bizə düşmənimizi tanımağa, daha doğru  qərarlar verməyə və gələcəkdə oxşar məğlubiyyətlərdən qaçmağa imkan verəcək. 
Biz yeni nəsillər üçün daha təhlükəsiz bir gələcək təmin etməyə borcluyuq və bu borc hissi şəhidlərimiz qarşısındakı borcdan heç də az deyil. Bu borcu ödəməyin isə sadəcə bir yolu var: həqiqəti görmək, dərk etmək və qəbul etmək. Özünü aldatmaq, həqiqəti görməzdən gəlmək çıxış yolu deyil. Bu, sadəcə gələcək müsibətlərə ünvanlanan dəvətnamədir: “Gəlin, sizi gözləyəcəyik” dəvətnaməsi.
 
Seymur ƏLİYEV
Tarix: 3-10-2018, 07:44
Xəbəri paylaş





Xəbər lenti