Keçmiş nazirin şlaqbaumu


“Xasiyyəti necə tündmüş

mənə heç güzəşt etmədi

ürəyin geniş etmədi

bir an nədir gözləmədi

dovğam çürüdü, a dostlar"

(Nərmin Kamal)

Əlbəttə, qatar avtobusla toqquşubsa, bunda günahkar keçmiş nazirin qohumları olmalıdır. Ya da tanışları. Deməli, bu tip bütün marşrutları öz yaxın adamlarına satıb aradan çıxmışdır. İndi biz də bunun altını çəkirik. Narkomanı gətirib avtobus sürücüsü qoyublar. Üstəlik, türmədə yatıbmış. Yüz faiz bunun türmədə yatarkən beynini pozanlar arasında AXC-Müsavat dövründən qalma hansısa siyasi dustaqlar olmuşdur. Araşdırma dərindən aparılsa üzə çıxacaqdır. İndiki kadrların, indiki nazirlərin nə günahı ola bilər ki? Məsum insanlardır. Hamısının ətəyində namaz qılmaq olar. Bu istiqamətdə dövlət proqramı da vardır. Yəni məmurların ətəyində namaz qılmaq dövlət şurası tərəfindən maliyyələşdirilir. Lap istəsən dövlət sənə qəbiristanlığa gedib yasin oxumağa maşın ayırır. Hansı dövlətdə belənçik şey vardır? Harada ölülər və dirilər bu cür dövlət qayğısı ilə əhatə olunmuşdur?

Bu yerdə dahi klassikdən bir sitatın dəmi gəlmişdir: “Kafeşantanda cəm olurlar Parisin gözəlləri. Həm sənin üçün teatr gətirirlər, həm oynuyurlar, həm oxuyurlar və bir məclis ki, hər iki dünyanın şahidləri oraya gəlirlər. Xahiş etsən səninlə şam edib sübhədək sənə mehman olurlar. Xülasə, nə deyim, görməmisən, bilməzsən. ”Şənidən key büvəd manəndi didən". Bəh-bəh. Uşaqlarınıza da belə şeylərdən oxumağı öyrədin, ləzzət alsınlar.

Ancaq bir məsələ hələ də mənasız şəkildə müzakirə olunur ki, orada şlaqbaum avtobusun yolunu bağlayıbmış, ya bağlamayıbmış. Guya çox böyük önəmi vardır. Qatar idarəsi deyir, avtobus şlaqbaumu qırıb qatarın yoluna giribdir. Camaat isə bir video yayır (ax, ax, evin yıxılsın video, yutub çıxardan), deyirlər yol açıq olub. Birincisi, “şlaqbaum” sözünün kökünə baxmalıyıq. Bu, alman dilindən gəlmə sözdür. Hərfi mənası dilimizə “yıxılmış ağac” kimi tərcümə edilir. Qəzanın baş verdiyi Binə ərazisində isə nəinki yıxılmış, heç düz ağaca rast gəlinmir, ora tarixən səhralıq ərazidir, yalnız hava limanı tikmək, xoşbəxt diyarımızdan hansısa xaraba yerlərə uçmaq mümkündür. Deməli, dəmiryolu idarəsinin şlaqbaumun bağlı olması haqda təkzibi həqiqətə daha yaxındır. Bu yerdə dahi filosof Platon (yəni Əflatun müəllim) yaxşı deyibdir: “Qoy avtobus qatarla toqquşsun, lakin həqiqətin marşrutu reysdə qalsın”. Yeri gəlib, bəzi taxtabaş müxbirlərə demək istəyirəm ki, dəmiryolunda qatarın üstündə getdiyi şeyin adı rels-dir. Reys başqa zaddır.

Eyni zamanda fikir versək avtobus marşrutunu fırladan firmanın adı “Ayşən”dir. Bu da şən həyatımızı göstərir. Ümumiyyətlə isə düşünürəm, hətta fikirləşirəm ki, Nazirlər Kabineti yanında (ya da böyründə - baxır sən harada durub buna baxırsan) dil komissiyası bu lənətə gəlmiş, yabançı, millətimizə, soykökümüzə zidd “şlaqbaum” sözünü nəsə milli sözümüzlə əvəz etmədikcə bizdə qatarların avtobuslarla toqquşmasının qarşısını almaq çətin olacaqdır, hətta bəlkə də mümkün olmayacaqdır.

İkincisi, nəqliyyatın intellektual idarə edilməsi prosesinə keçmiş nazirin vaxtında 100 milyon manatdan çox pul ayrılmışdı. İndi isə dayanacaqlarda bir dənə də elektron lövhə çalışmır. Beynəlxalq Avtovağzal bata-bata gedib Naxçıvandakı Batabat yaylağına çıxmaq üzrədir. Hətta orada yayda adam ölmüşdü. Elə bil başqa dünyaya adamı nəql edən nöqtədir. Bəs indi biz nə edək? Keçmiş naziri haradan tapıb pulu geri alaq? Çətin məsələdir. İki dəfə devalvasiya da olub, hələ bunun faizini hesabla...

Düşünürəm, hətta fikir edirəm ki, bizdə nəqliyyatın hərəkətini tənzimləmək üçün lap başdan başlamalıyıq. Yəni bu bir-iki köhnə nazirlik problem deyildir. Lap qabağa getsək, Bakıda konka yolu, fayton nəqliyyatı, at-eşşək arabalarının hərəkəti, o cümlədən dəvə karvanları düzgün istiqamətlənməyibdir. Elə o vaxtlar da görürdün dəvə getdi girdi palçığa, neçə adam batdı. Lökbatan qəsəbəsinin adı belənçik yaranmışdır. Yaxud Ceyranbatan. Bunu ta özünüz fikirləşin necə yaranıbdır, mənə ayrılan yer bitdi, bir az da yazsam, başqa müəlliflə toqquşmalıyam.

Zamin HACI
Tarix: 3-10-2018, 08:22
Xəbəri paylaş





Xəbər lenti