Sükutla izlənən uşaq ölümü:Səhiyyə Nazirliyi və Dövlət Komitəsi niyə laqeyddir?


Sükutla izlənən uşaq ölümü:Səhiyyə Nazirliyi və Dövlət Komitəsi niyə laqeyddir?

Azərbaycanda 5 yaşadək dünyasını dəyişən uşaqların statistikası açıqlanıb.

Keçən il ərzində ölkədə 5 yaşadək 2058 nəfər uşaq dünyasını dəyişib ki, onların da 1205-i oğlan, 853-ü qız olub. 2016-cı ildə isə dünyasını dəyişən 2092 uşağın 1259-u oğlan, 833-ü qız olub. Statistika Komitəsinin açıqlamasına görə ötən il ərzində ümumilikdə Azərbaycanda 5 yaşadək ölən uşaqların sayının azalmasına baxmayaraq, qız uşaqları arasında ölüm halları 2016-cı ilə nisbətən artıb, oğlan uşaqları arasında ölüm halları isə azalıb. Əslində həm 2016, həm də 2017-ci il üçün kiçik yaşlı uşaqlar arasında ölüm halının baş verməsi göstəricisi heç də aşağı deyil. İstənilən halda 1 il üçün ölüm hallarının sayı az deyil. 

Varlığı ilə yoxluğu bilinməyən komitə...

Həkimlər uşaq ölümlərinin səbəblərini bir çox xəstəliklərlə izah edirlər. Mövcud durumda isə xəstəliklərin başında mərkəzi sinir sistemi və mədə-bağırsaq sisteminin pozulması durur. Bu problemlərlə bağlı say çoxluğu statistikada heç də  ürəkaçan olmayan mənzərə yaradır. 

Qeyd edək ki, ölkədə ilbəil artan uşaq ölümləri ilə bağlı cavabdeh qurumlar tərəfindən hər hansı maarifləndirici tədbirlər aparılmır. Bu sırada biganə qurumlardan biri kimi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin adını çəkə bilərik. Varlığı ilə yoxluğu bilinməyən komitənin son vaxtlar ən adi açıqlamalarını belə görmürük. Acı olsa da bildirək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəinki yüklü məsələlərin, hətta ən adi problemləri belə yoluna qoymaq iqtidarında deyil.

Təbii ki, komitə uşaq ölümlərini azalda bilməz. Amma ən azından bu sayın çoxalmaması üçün maarifləndirici tədbirlər, yaxud addımlar ata bilər. Bu addımı atmaq üçün isə ilk növbədə istəkli görünmək lazımdır. İstəkli görünməyən bu komitənin  fəaliyyətini hansı yöndə qurması,  nəyə və kimə xidmət etməsi isə bəlli deyil. 

Xərçəng gəncləşib...

Tanınmış pediatr Vaqif Qarayev “Cümhuriyət” qəzetinə açıqlamasında deyib ki, 5 yaşına kimi uşaqlar erkən yaş dövrünə aiddir ki, valideynlərdən bu yaş dövründə son dərəcə diqqətli olmaq tələb olunur: “Tənəffüs sistemi, mərkəzi sinir sistemi, mədə bağırsaq sistemi xəstəlikləri və son vaxtlar artan onkoloji problemlər uşaq ölümlərinə səbəb olan əsas amillərdir. Qalan bədbəxt hadisələr, yanğın, eyvandan yıxılma, yol-nəqliyyat qəzaları və digər hadisələr də statistikada çox yer tutmur, amma bunlar da səbəbdir. Uşaqlar arasında onkoloji xəstəliklərin artması barədə əlimdə rəsmi statistika olmasa da, amma bu faktdır ki, 30 il əvvəl uşaqlarda onkoloji problemləri yalnız kitablarda oxuyurduq. Amma bu gün Bakıda Onkoloji Mərkəzin Uşaq şöbəsi var. Bu çox ciddi məsələdir. Xəstəlik o qədər çoxalıb ki, ayrıca uşaq şöbəsi də açılıb. Bildiyim qədər onkoloji xəstələrin müalicəsi üçün də kənardan mütəxəssislər dəvət olunur. Amma 5 yaşına qədər olan uşaqlarda ölüm hadisələrində onkoloji problemin olub-olmadığını deyə bilmərəm.

Yəni rəsmi məlumat məndə yoxdur. Sadəcə, onu deyə bilərəm ki, uşaqlar arasında onkoloji problemlər artıb. Əslində bütün dünyada 1 yaşına qədər uşaqların ölüm faizi sanitar mədəniyyətinin göstəricisi hesab olunur. Bildiyim qədər Azərbaycanda da o ölüm faizi Avropadakı statistikadan fərqlənmir. Çünki 1 yaşına qədər uşaqlarda bədən müqaviməti aşağıdır, immunitet zəifdir. Eləcə də tənəffüs sisteminin anatomik quruluşu elədir ki, tez-tez mədə bağırsağ sisteminə, həm də virusa yoluxma ehtimalı həddindən artıq çoxdur. Bu iki sistemin xəstəliyi çoxdur. Məhz valideynlərin biganəliyi səbəbindən körpə yaşlı uşaqlar mədə-bağırsaq və tənəffüs sistemində ağırlaşmış formasında həkimə müraciət olunur.

Son nəticədə isə əlac etmək mümkün olmur. Həmin yaş qrupu arasında mədə-bağırsaq və tənəffüs sistemi xəstəlikləri üstünlük təşkil edir. Son dövrlər isə mərkəzi sinir sitemi xəstəlikləri həddindən artıq çoxalıb. Xüsusən regionlarda valideynlər uşaqlarına biganə yanaşırlar. Vaxtında ya oediatra, ya da nevroloqa müraciət edtmirlər. Məsələn, bu yaxınlarda məktəbdə baş verən ölümün səbəbi də elə mərkəzi sinir sistemi xəstəliyi ilə əlaqədar olub. Vacib məqam ondan ibarətdir ki, epilepsiyası olan uşaqlarda əgər müalicə daimidirsə, müalicəni yalnız həkim kəsə bilər. Valideyn müalicəni özbaşına kəsə bilməz. Çünki o dərmanlara orqanizm vərdiş edir, birdən-birə müalicə kəsiləndə, hansısa dövr ərzində mütləq orqanizm reaksiya verir.

Məsələn, 4 aylıq uşaq qəflətən ölürsə, onun izahı var. Ümumiyyətlə körpə uşaqlarda qəfləti ölüm sindromu var. Böyük uşaqda isə qəfləti ölüm olmur. Uşaqlar arasında baş-beyin şişləri artıb. Bu hal da statistikada xüsusi artır. Məsələn, 5 yaşında uşağın davamlı baş ağrıları, səhər tezdən acqarına ürəkbulanma, qusma varsa, rəngi avazıyırsa, çəkisi azalır, yuxusu pozulursa təcili həkimə müraciət etməlidir. 

Vaxtında yoxlanıb, aşkara çıxarılandan sonra ölüm faizi kəskin aşağı düşə bilər. Yaxud uşağın rəngi kəskin avazıyır, gözlərinin altı qaralır, yeməyi zəif olur,süst, yorğun olursa, mütləq həkimə aparılmalıdır ki, ən azından qanın ümumi analizi yoxlansın. Yəni ilkin diaqnostika çox vacibdir. Xəstəlik gəlib son həddə çatırsa, tək Azərbaycanda deyil, dünyada belə təbabət aciz qalır”.

“Özünümüalicə yolverilməzdir”

Həkim vurğulayıb ki, son vaxtlar mədə-bağırsaq sisteminin irsi-genetik xəstəlikləri artıb: “Yəni davamlı qəbzlik, ishal halı olanda valideynlər öz yanından internetdən, aptekdən, yaxud qohumun məsləhəti ilə dərman alır. Təbii ki, müvəqqəti yaxşılaşma olur. Amma sonra eyni problemlər təkrar olunur. Tənəffüs sistemi xəstəliklərinə gəlincə, indi payızdır, artıq havalar soyuyur. Mütləq mövsümi xəstəliklər artacaq. Xüsusən südəmər və 5 yaşına qədər olan uşaqlarda qızdırmanın neçə olmasından asılı olmayaraq özünümüalicə qətiyyən yolverilməzdir. Tutaq ki, əli həkimə çatana qədər qızdırmasalıcı həbin ilkin dozasını verə bilər. Qalan müdaxilələri mütləq həkim etməlidir. Bir sözlə, vaxtında həkimə müraciət etmək və müayinə olunmaq uşaqlarımızı çox bəlalardan xilas edə bilər”.

Alçina Amilqızı
Cebhe.info

Tarix: 3-10-2018, 21:58
Xəbəri paylaş





Xəbər lenti