Azərbaycan “cəbhə”sində sükut: “Oktarçılar” haradadır?


Azərbaycan “cəbhə”sində sükut: “Oktarçılar” haradadır?

Türkiyədə həbs edilmiş təriqət lideri, ilahiyyatçı, teleaparıcı, “Harun Yəhya” adı ilə tanınan Adnan Oktarla bağlı yeni faktlar üzə çıxıb.

Bir müddət əvvəl onun insanları təşkilata necə üzv qəbul etməsi, qeyri-qanuni gəlir mənbələri gündəmə gəlmişdi. Qeyd edək ki, Adnan Oktarın üzərində hazırda 30 çox cinayət işi var ki, onların da artıq əksəriyyəti sübuta yetirilib. Ekspertlər hesab edir ki, Adnan Oktarın artıq azadlığa çıxmaq ehtimalı  çox aşağıdır, hətta yoxdur. 

Bugünlərdə Adnan Oktar haqqında daha bir məqam üzə çıxıb. Belə ki, Adnan Oktarın yaxın adamı Tarkan Yavaş və Serkan Yumruya məxsus kompüterlər və təriqətə məxsus gizli məlumatlar ələ keçirilib. Diskləri araşdıran polis Adnan Oktarın təriqət üzvlərinə yazdığı  məxfi məktubları aşkara çıxarıb. Təriqət üzvlərinə yazılan məktublarda bu sözlər var: “Tezliklə əfv veriləcək, azadlığa çıxacaqsınız. Hakimiyyətə Adnan Oktar gələcək, dövləti biz idarə edəcəyik”. 

Məlumdur ki, Adnan Oktarın bir çox ölkələrdə, o cümlədən, Azərbaycanda da tərəfdarları var. Hətta bəzi məlumatlara görə, Adnan Oktarın rəhbərlik etdiyi təriqət Azərbaycanda kifayət qədər tərəfdar toplaya bilmişdi.  Həbsindən sonra onun Azərbaycandakı tərəfdarlarına qarşı da əməliyyatın olacağı istisna edilmirdi. Bununla bağlı hətta Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da fikirlərini bildirmişdi. “Araşdırmaların nəticəsi olaraq bu proses Azərbaycan və digər ölkələrdə də aparılacaq”,-deyə səfir Adnan Oktar məsələsinə münasibətində demişdi. Andan Oktarın Azərbaycandakı tərəfdarları isə artıq demək olar, gözə dəymir. Baxmayaraq ki, liderləri həbs olunan zaman sosial şəbəkələrdə kifayət qədər canfəşanlıq edir, “hoca”larını müdafiə xarakterli fikirlər yayırdılar. Indi isə üzə çıxan sənədlər Oktarın həm də hakimiyyət planlarını ortaya qoymuş olur.

Maraqlıdır, proseslərin bu yöndə iqtiqaməti müşahidə edildiyi bir zamanda “hoca”nın Azərbaycandakı tərəfdarları hara yoxa çıxıb? Onların kölgəyə çəkilməsinin səbəbi nədir?

“Yeni Çağ” Media Mərkəzinin rəhbəri Aqil Ələsgər “Cümhuriyət” qəzetinə açıqlamasında maraqlı məqamlara toxunub. A.Ələsgər hesab edir ki, Adnan Oktar və FETÖ-nün Azərbaycandakı üzvlərinə qarşı dövlət sərt addımlar atmalıdır: “Bu cür yarı din, yarı agent şəbəkəsi olan təşkilatlar  daha çox xarici kəşfiyyatın, hakimiyyətdən nəsə qoparmaq istəyən qüvvələrin əlində alətə çevrilir.  Həm FETÖ, həm də Adnan Oktarın simasında açıq şəkildə göründü ki, hər ikisi də təxminən eyni yerdən idarə olunurdu. Təhlükə bu gün də gündəmdədir. Azərbaycanda Adnan Oktarın tərəfdarları kimi, FETÖ emissarları da kölgəyə çəkiliblər. Amma yenə QHT-lərdə, bir sıra dövlət qurumlarında  fəaliyyətlərini davam etdirirlər. Adnan Oktarın Azərbaycandakı şəbəkəsi də Türkiyədəki hadisələrin fonunda hücrəyə çəkildi.

Dünyada casus və  terror şəbəkələri fövqəladə hal baş verdikdə “yuxuya gedir”. Bu gün Adnan Oktarın Azərbaycandakı emissarları da eyni prosesi həyata keçirirlər. Necə ki, zamanında FETÖ-nun Azərbaycan qolu olan Ceyhun Osmanlı və ətrafındakılar geri çəkildi.  “Oktarçılar” da müsait zamana qədər də üzə çıxmayacaqlar. Ya özləri tamamilə unudulandan, ya da Adnan Oktar Türkiyədə azadlığa çıxandan sonra yenidən birləşəcəklər. Yaxşı olar ki, dövlət bütün şəbəkələrə sərt üzünü göstərsin”. (Cebhe.info)


Tarix: 17-10-2018, 14:06
Xəbəri paylaş





Xəbər lenti