Qarabağ nizamlanmasında dönüş?- Gözlər seçkidə


Qarabağ nizamlanmasında dönüş?- Gözlər seçkidə

“Növbədənkənar parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərt dönüşlər olacaq”.

Bu sensasion açıqlamanın müəllifi erməni politoloq Akop Badalyandır. Politoloq deyib ki, artıq 2019-cu ilin may ayında münaqişə ilə bağlı Ermənistan üçün arzuolunmaz qərarlar veriləcəyi haqda danışılır. Erməni şərhçi hesab edir ki, bu məsələ ilə bağlı yayılan xəbərlər Ermənistan daxilində Nikol Paşinyanın nüfuzunu salmağa da hesablanmış ola bilər: 

"Belə cəhdlər dəfələrlə olub. Lakin burada ABŞ-ın İrəvandakı səfirinin "münaqişənin istənilən həll variantı ərazilərin müəyyən hissəsinin Azərbaycana qaytarılması ilə nəticələnəcək” açıqlaması diqqət çəkir. Mümkündür ki, problemin həlli ilə bağlı Ermənistana beynəlxalq təzyiqlər var. Paşinyan seçkiləri keçirmək və daxili siyasətdəki burulğanları geridə qoymaq üçün zaman istəyib”.

Akop Badalyan qeyd edir ki, Ermənistan daxilində münaqişənin həllini arzulayanların da mövqeyi az da olsa, görünür: "Misal üçün, "Vikiliks” nəşri yazırdı ki, 2008-ci ildə Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyan ABŞ səfirini münaqişənin həlli üçün Serj Sərkisyana təzyiq etməyə inandırmışdı. Bu kontekstdə ABŞ səfirinin son bəyanatı diqqət çəkir. Seçkidən sonra Qarabağ ətrafında ciddi proseslərin baş verəcəyi qaçılmaz olacaq”.

Erməni politoloqun fikirlərini “Cümhuriyət” qəzetinə şərh edən analitik İlqar Vəlizadə bildirib ki, ABŞ-ın İrəvandakı səfirinin açıqlamasından sonra Ermənistan təşvişə düşüb: “Amerika diplomatlar tərəfindən danışıqlar prosesinin müəyyən detallarının açıqlaması təsdiq edir ki, danışıqlar prosesinin əsas mövzularından biri də işğal olunmuş torpaqların Azərbaycana qaytarılması və bu ərazilərdən köçkün düşmüş insanların öz yurdlarına qaytarılması məsələsi müzakirə olunur. Təəssüflər olsun ki, erməni cəmiyyəti bu barədə kifayət qədər məlumatlandırılmır. Əslində danışıqlar prosesində məsələ müzakirə edilir, amma bununla bağlı cəmiyyətə açıqlamalar verilmir. İndiki hakimiyyət də bu cür açıqlamalardan qorxur, ehtiyat edir və ona görə də bu barədə susur”.

Politoloq onu da qeyd edib ki, danışıqlar prosesinin məntiqi davamı kimi işğal altındakı ərazilərin Azərbaycana geri qaytarılması məsələsi dayanır: “Azərbaycan ərazilərinin işğalına qeyd-şərtsiz son qoymalıdır. Bu tələb BMT-nin məlum 4 qətnaməsində, Avropa Şurası Parlament Assambleyasının qətnamə və tövsiyə qərarlarında da qeyd edilib. Əslində, Ermənistan tərəfi bunu başa düşür, hətta qəbul edir, amma bunu Qarabağın statusu məsələsi ilə əlaqələndirir. Bu açıqlamalar onu göstərir ki, Ermənistandakı siyasi dairələr bu ssenaridən ehtiyat edir və qorxur ki, hadisələr bu xətt üzrə inkişaf edəcək. Buna görə də ictimaiyyətə bu cür açıqlamalar ötürürlər ki, cəmiyyət müqavimət göstərsin və yaxud da Paşinyanı mümkün addımlardan çəkindirsin. Amma bütün hallarda Paşinyanın və Ermənistan hakimiyyətinin resursları yoxdur.

Onlar ya işğal etdikləri ərazilərdən geri çəkilməli, ya da ki, müharibə və ya daha ciddi ssenarilərə hazırlaşmalıdır. Bunun üçün də onlara maliyyə vəsaiti lazımdır hansı ki, onlarda kifayət qədər pul yoxdur. Hadisələr göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycanın işğal etdiyi ərazilərini geri qaytarmaq məsələsinə ciddi yanaşmağa məcbur olur. Amma müəyyən səbəblərə görə bu addımı atmağa tələsmirlər”.

İlqar Vəlizadə hesab edir ki, Ermənistan daxilində münaqişənin həllini arzulayanlar var: “Bir neçə ay öncə Ermənistan parlamentinin nümayəndəsi çıxışında açıq bildirdi ki, Dağlıq Qarabağı və ətraf rayonları Azərbaycana qaytarmaq lazımdır. Onlar başa düşürlər ki, Ermənistan ətrafında proseslərin dəyişilməsindən və eləcə də cəmiyyətin inkişafından söhbət gedirsə, burada tək daxili məsələlərlə kifayətlənmək olmaz. Kimisə həbs etmək, köhnə elitanın nümayəndələri ilə siyasi və yaxud hüquqi proseslərin müzakirəsi, ölkəni düşdüyü acınacaqlı vəziyyətdən çıxarmağa kifayət etmir. Bunun üçün daha radikal addımlar atılmalıdır. Ara-sıra bu tipli çıxışlar səslənir, amma təəssüflər olsun ki, bununla bağlı Ermənistan siyasi rəhbərliyinin iradəsi və qəti rəyi yoxdur. Bəlkə də seçkilərdən sonra onlar legitimliyini təsdiqləsələr, bundan sonra bu istiqamətdə hansısa ciddi tədbirlər görərlər. Bunu zaman göstərəcək”.(Cebhe.info)



Tarix: 26-10-2018, 09:14
Xəbəri paylaş





Xəbər lenti