Azərbaycanda pulsuz ali təhsil dövrü arxada qaldı: Universitetlər tələbələri pulla oxudur - ARAŞDIRMA


Azərbaycanda pulsuz ali təhsil dövrü arxada qaldı: Universitetlər tələbələri pulla oxudur - ARAŞDIRMA 

Azərbaycanda hazırda bakalavr və magistr hazırlığını həyata keçirən 39 dövlət və 12 qeyri-dövlət ali təhsil müəssisəsi var. Onlarda tələbələrin ümumi sayı 167 mindən çoxdur. Həmçinin, ölkədə yerli vətəndaşlarla birgə 60 xarici ölkədən olan tələbə də təhsil alır.

Cebhe.info universitetlərin tələbə kontingenti, ödənişli və dövlət sifarişli yerlərlə bağlı araşdırma aparıb. Nəticələrdən görünüb ki, pulsuz ali təhsil dövrü getdikcə arxada qalır. 

Bakı Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova nümayəndəsi olduğu müəssisədə 23 minə qədər tələbənin təhsil aldığını bildirib:

“Onların yarısı ödənişli, yarısı isə dövlət sifarişlidir”.

Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova bildirib ki, hazırda universitetdə 6513 tələbə var:

“Onların 2319-u dövlət sifarişli, 2394-ü isə ödənişli əsaslarla təhsil alırlar. Xarici tələbələrin sayı isə 1800-dür. Qeyd edim ki, hazırda xarici tələbələrin universitetə qəbulu davam edir”. 

Azərbaycan Dillər Universitetinin mətbuat katibi  Ağa Cəfərli deyib ki, universitetdə tələbə sayı 6317-dir:“2158 tələbə dövlət sifarişi əsaslarla, 4159 nəfər isə ödənişli təhsil alır”.

Azərbaycan Pedaqoji Universitetinin mətbuat katibi Mənsur İbrahimov isə sualımızı digər mətbuat katiblərindən fərqli olaraq daha geniş cavablandırıb:

“Azərbaycan Pedaqoji Universiteti paytaxtda 4 binada fəaliyyət göstərir. Bakalavr, magistr, “Sabah” qrupları, eləcə də əcnəbilərin birlikdə sayı 10390-dır. Onlardan 5342-si dövlət sifarişli, 5048-i isə ödənişli əsaslarla təhsil alır.

Paytaxtdan kənarda isə universitetin 5 filialı var. Onlarda 3151 tələbədən 394-ü dövlət sifarişli, 2757-si isə ödənişli əsaslarla oxuyur”.

Azərbaycan Dövlət İqtisad Universitetinin mətbuat katibi Cavid Xəlilov hazırda universitetdə bakalavrların sayının 14344 olduğunu deyib:

“ADİU-da 12234 nəfərdən 66,6%-i ödənişli, 33,3% -i dövlət hesabına əyani şöbədə, 2110 bakalavr isə qiyabi şöbədə təhsil alır. Onlardan 94,8% -i ödənişli, 5,2% -i dövlət hesabına oxuyur”.

Azərbaycan Texniki Universitetində mətbuat katibi olan Nicat Abdullayev 9000-ə yaxın tələbənin təhsil aldığını bildirib:

“Onların 60 %-i ödənişli, 40 %-i isə dövlət sifarişli təhsil alır. Bizim universitetdə təhsil haqqı 1700-1800 manatdır”.


Tarix: 26-10-2018, 17:00
Xəbəri paylaş





Xəbər lenti