Bakının yolda qalan nəqliyyat sistemi: Sərnişinlər günahı sürücülərdə, Nəqliyyat Agentliyi tıxacda görür


Bakının yolda qalan nəqliyyat sistemi: Sərnişinlər günahı sürücülərdə,  Nəqliyyat Agentliyi tıxacda görür

Bakının nəqliyyat sistemində problem bitmək bilmir. Bu sistemi inkişaf etdirmək, müasirləşdirmək və problemləri aradan qaldırmaq üçün "BakuBus" MMC yaradıldı. Amma bu şirkət də özü ilə ciddi problemlər gətirdi. Son vaxtlar “BakuBus" MMC-nin yaratdığı problemlər özbaşınalıq həddinə çatıb. Sərnişinlərə xəbərdarlıq etmədən hərəkət traektoriyasının dəyişməsi, sürücülərin yollarda təhlükəli manevrləri, sürət həddinin aşılması, sərnişinlərlə kobud davranış, sıxlıq zamanı kondinsionerlərin işləməməsi və bu kimi məqamlar gündəlik rastlaşdığımız haldır. “BakuBus” marşrutlarında qeydə alınan bu hallar son vaxtlar sərnişinlərin ciddi narazılığına səbəb olur. 

Sərnişinlərin “BakuBus” MMC-nin “qaynar xətt”inə etdiyi müraciətlərə də reaksiya verilmir. Bir sözlə, haqlı narazılıqlara əncam çəkən tapılmır. Hər gün müşahidə etdiyimiz mənzərə bunun bariz sübutudur. 

5, 2, 125, 6, 175, 7 A marşrut xətlərində az qala hər gün müxtəlif səpkili problemlər yaşanır. 

Bu avtobusların sürücüləri konkret olaraq hərəkət intervalını pozur, avtobusa normadan artıq sərnişin götürürlər. Bu isə avtobuslarda həddən artıq sərnişin sıxlığına səbəb olur. Sərnişinlər buna etiraz etdikdə isə sürücülər onlarla kobud rəftar edir. Belə olanda, sərnişinlər məcburiyyətdən çətin şəraitdə getməyə razı olurlar. Bəzən eyni marşruta aid olan 2-3 avtobus paralel hərəkət edir və eyni vaxtda dayanacağa daxil olur. Bəzən dayanacaqda gözləmə vaxtı bitsə də, normadan artıq sərnişin yığmayınca hərəkət etmir. Ekspertlər hesab edir ki, sadaladığımız problemlər xətdə avtobus sayının azlığı ilə əlaqədardır. 

Bəs rəsmi qurumlar nə düşünür, niyə problemə diqqətsizlik nümayiş etdirir? 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev Cebhe.info-ya açıqlamasında problemin bu marşrut xətləri üzrə avtobusların hərəkət traektoriyasına düşən yollarda gün ərzində, xüsusən də pik saatlardakı sıxlıqla əlaqələndirib:

“Marşrut xətləri üzrə sərnişindaşıma xidməti müasir və komfortlu avtobuslarla icra edilir. Amma problem hər gün yaşanan tıxaclardadır. Bir nümunə göstərim: 5 nömrəli marşrut xətti üzrə gündüz saatlarda vəziyyət normal olduğu halda, axşam saat 17:30-19:00 aralığında, bəzən bir qədər də gec avtobusların intervalında ciddi gecikmələr yaranır. Yəni, intervaldakı gecikmələr nəzarətsizlikdən qaynaqlanmır. Nəzarət edilir, amma bəzi obyektiv səbəblər var ki, onlar da intervalda gecikmələrə gətirib çıxarır. Bu kimi problemlərin həlli üçün kompleks tədbirlər görülür. Bir tərəfdən avtobus parkı yenilənir, yeni avtobuslar alınır, vahid dispetçer xidməti formalaşdırılır. Digər bir yandan da yollarda hərəkətə maneə yaradan, sıxlığa səbəb olan amillər müəyyən edilərək aradan qaldırılır. İnfrastrukturdan asılı olaraq hərəkət istiqamətlərində müəyyən dəyişikliklər edilir, dayanma- durma qaydalarının pozulmasına qarşı ciddi mübarizə tədbirlərinə başlanılıb. Bununla yanaşı, parklanma yerlərilə bağlı ciddi iş aparılır. Yəni, maksimum dərəcədə səy göstərilir ki, yollarımızda hərəkət rahat, təhlükəsiz və fasiləsiz olsun, avtobusların da intervalında gecikmələr olmasın. Bu gün biz insanları ictimai nəqliyyatdan istifadəyə səsləyirik. Təbii biz insanlara keyfiyyətli xidmət göstərməklə onları buna sövq edə bilərik”.


Tarix: 26-10-2018, 21:48
Xəbəri paylaş





Xəbər lenti