Rusiyadan sensasiyalı QARABAĞ TƏLƏBİ, yeni əməliyyatın ANONSU… - GÜNÜN SİYASİ XÜLASƏSİ

 Rusiya Dövlət Dumasının deputatı Dağlıq Qarabağ və ətraf 7 rayonun heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalı olduğunu bildirib. Ankaranın Rusiyadan S-400 kompleksləri alması onun CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalmasıyla nəticələnəcək. Rəcəb Tayyib Ərdoğan səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əllərində başqa məlumatların da olduğunu açıqlayıb. Rusiya Prezidenti Vladimir Putin Vaşinqtona dəvət edilib.
Dağlıq Qarabağ və ətraf 7 rayon heç bir ilkin şərt olmadan Azərbaycana qaytarılmalıdır. Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.
D.Saveyley bildirib ki, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatların çatdırılması üçün Azərbaycan diasporunun media sahəsində intensiv fəaliyyətini artırması vacibdir.
Qeyd edək ki, oktyabrın 25-də Bakıda VI Beynəlxalq Humanitar Forum işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: kreativlik və insan inkişafı” mövzusunda keçirilən budəfəki Foruma 86 ölkə və 24 beynəlxalq təşkilatdan 581 nümayəndə qatılıb.
2016-cı il aprel hadisələri zamanı ABŞ və Avropa ölkələrindəki erməni lobbisi həmin hadisələrin mahiyyətini təhrif edərək Qərb ictimaiyyətinə yalan məlumatlar çatdırdı. Bunu VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti – müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada Rusiya Dövlət Dumasının deputat Dmitri Savelyev deyib.
"Rusiya təmsilçisi kimi qeyd edə bilərəm ki, KTMT-nın aparıcı üzvü olan Rusiya Azərbaycan kimi güclü və etibarlı bir ölkənin quruma üzv olma imkanını alqışlayır. Bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) mümkün üzvlüyü məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Azərbaycan Cənubi Qafqazda özünün etibarlı tərəfdaş olduğunu sübut edib: "Azərbaycan günü-gündən regionun sabitliyinə, burada gedən dinc proseslərə təsir edir".
Ermənistan tərəfinin Azərbaycanın KTMT-ya üzvlüyünə veto qoyacağına dair səsləndirdiyi bəyanatı şərh edən Dmitri Savelyev qeyd edib ki, bu cür bəyanatlar qurum daxilində sabitliyə təsir edir: "Biz Rusiya olaraq Azərbaycanın quruma üzv olması məsələsində israrçı mövqe tutacağıq. Şübhəsiz ki, Azərbaycanın quruma üzv olmasının tərəfdarıyıq".
“Ermənistanın bugünkü problemlərinin həlli Dağlıq Qarabağ münaqişəsinə dirənir”. Bu sözləri VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən “Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitliyə təhdid” adlı işçi sessiyada rusiyalı jurnalist, hərbi ekspert İqor Korotçenko dilə gətirib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olmayana qədər ölkə iqtisadiyyatı indiki vəziyyətində qalacaq və heç bir inkişafdan söhbət getməyəcək: "Problemin həll olunmaması investisiyalar üçün böyük hərbi-siyasi risklər daşıyır. Paşinyan korrupsiya ilə mübarizə və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına dair vədlər versə də, bu vədləri yerinə yetirə bilməyəcək və Ermənistan getdikcə daha da çökəcək".
Rusiya Ermənistanda seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün “Lavrov planı”nı işə salmağı planlaşdırır. Bu barədə erməni siyasi şərhçi Naira Ayrumyan deyib.
Ayrumyan qeyd edir ki, Rusiya, Türkiyə və Azərbaycanın münaqişənin həlli ilə bağlı Ermənistana yeni təklif verəcəyi haqqında məlumatlar var: “Hətta fikir var ki, Ermənistanda bu ilin dekabrında növbədənkənar parlament seçkiləri keçirmək qərarı Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların sürətləndirilməsi ilə bağlıdır. Rusiya münaqişənin “Lavrov planı” üzərindən həll etmək niyyətindədir. Lakin ABŞ buna qarşı çıxır. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun İrəvana səfəri zamanı “münaqişəni tərəflər özləri həll etməlidir” açıqlaması da əslində Rusiyanın “Lavrov planı”na qarşı deyilmiş sözlərdir. Vaşinqton Rusiyanın Qarabağ planlarını sındırmağa çalışır. Məlumatlar var ki, ABŞ bunun üçün Ermənistana silah sata bilər. Məqsəd İrəvanın mövqelərinin gücləndirilməsidir”, - deyə erməni şərhçi bildirib.
Ankaranın Rusiyadan S-400 kompleksləri alması onun CAATSA qanunu çərçivəsində sanksiyalara məruz qalmasıyla nəticələnəcək. Bunu TASS agentliyinə açıqlamasında ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, Türkiyənin bu addımı ölkələr arasında müdafiə sferasındakı ticarətə təsir edə bilər.
O, ABŞ-ın xeyli öncə Türkiyəyə bu ticarətdən narazı olmasıyla bağlı xəbərdarlıq etdiyini bildirib.
Səudiyyəli jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı əlimizdə başqa məlumatlar da var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Bu 18 nəfər Camal Qaşıqçının kimlər tərəfindən öldürüldüyünü bilir. Əslində? cinayətkar onların içindədir. Əlimizdə başqa sənədlər də var. Tələsik davranmaq lazım deyil. Qaşıqçını öldürənləri Səudiyyə səlahiyyətliləri açıqlayacaq”, - prezident deyib.
Ərdoğan bazar günü mövzu ilə əlaqədar Səudiyyə Ərəbistanının Baş prokurorunun Türkiyəyə gələcəyini söyləyib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vilayət başçılarının toplantısında Münbiç əməliyyatının anonsunu verib. Prezident Münbiçdə dağılan diqqətlərin yenidən toparlandığını və artıq Türkiyənin Fəratın şərqinə yönələcəyini söyləyib.
“Münbiçdə dayanmaqdansa, diqqətimizi və enerjimizi Fəratın şərqinə çevirməkdə qərarlıyıq. ABŞ Münbiç razılaşmasını bizi aldatmaq üçün alət kimi istifadə edir. Türkiyə buradan təhdid edilir, biz kimsəni təhdid etmirik. İŞİD-in bölgədə əməliyyatlar üçün bəhanə olaraq istifadə edildiyi ortaya çıxıb. İŞİD-ə verilən dəstəyin legitimləşdirilməsi üçün səylər davam edir”, - Türkiyə lideri deyib.
Peyklərin məhvi Rusiya və ABŞ arasında baş tutacaq hərbi konflikt zamanı qələbəni şərtləndirəcək əsas məqam olacaq. Bunu “Vzqlyad” qəzetinə açıqlamasında rusiyalı hərbi ekspert Konstantin Sivkov deyib.
“Rusiyanın hələ sovet dövründən bu yana peyklərin məhv edilməsi üçün raketləri var. Bu tip yeni raketlərin sınağının keçirilməsi isə onların modernləşdirilməsindən xəbər verir. Bu raketlər olmayacağı təqdirdə müasir hərbi konfliktlərin heç birində qələbə qazana bilməzsiniz. Peyklərin məhvi sayəsində düşmənin hərbi qruplarının imkanları dəfələrlə aşağı düşür. Əgər Rusiya ilə ABŞ arasında hərbi savaş yaransa, burada qələbə üçün əsas şərt peyklərin məhvi olacaq. Eyni cür raketlər ABŞ və Çində də mövcuddur. Amerikalılar peykləri dənizlərdə yerləşdirdikləri SM-3 raketləri vasitəsilə məhv edə bilərlər. Hazırda amerikalılar kosmosda dominantlıq edirlər. Onların təxminən 400 hərbi peyki var, bizdə isə bu say cəmi 4-dür. Məhz bunun üçün Amerika peyklərinin neytrallaşdırılması üçün tədbirlər görürük”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə CNBC televiziyası Rusiyanın antipeyk raketlərinin sınağını keçirməsi haqqında məlumat yayıb. Televiziya yeni raketlərin silahlanmaya 2022-ci ildə qəbul ediləcəyini bildirib.
Rusiya Prezidenti Vladimir Putin Vaşinqtona dəvət edilib. Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton danışıb.
Boltonun sözlərinə görə, hələ ki Putinin bu təklifi qəbul edib-etmədiyi bəlli deyil.
Ömər Dağlı
Tarix: 26-10-2018, 23:25
Xəbəri paylaş





Xəbər lenti