Qarışmış işlər


“Maddələr mübadiləsi! Lakin bu ölməzlik surroqatı ilə özünə təsəlli vermək nə böyük bir qorxaqlıqdır! Təbiətdə baş verən şüursuz proseslər insan səfehliyindən də alçaqdır, çünki səfehlikdə, necə olsa, şüur və iradə var, proseslərdə isə heç nə yoxdur”.

(Anton Çexov, “6 nömrəli palata”)


Əslində bunu dünən yazacaqdım, yadımdan çıxdı qaldı bu günə. Prinsipcə, elə fərqi də yoxdur, bu gün yazdın, ya sabah yazdın. Onsuz iki yüz ildir bizdə problemlər dəyişmir, eyni şəkildə qalır. Zəhmləmgetmiş ifadə ilə desək, aktuallığını itirmir. Söhbət isə ondadır ki, hansısa eşşək südü ferması açanlara qarşı dərhal tədbir görüldü, dövlət orqanları bunu qadağan elədilər. Ancaq içində jurnalistlər olmaqla bir dəstə adam iki ilə yaxındır Bakı ətrafında qəbristanlıqları eşir, buna bir söz deyən yoxdur. Bu adamlar kimdən icazə alıblar, bu işin elmi, kriminal, lap elə sosial-siyasi tərəfləri necə tənzimlənir – bilən yoxdur. Bildiyimiz odur ki, bir milyonçu var, pul buraxıb jurnalistləri qəbirqazan sifətində işə cəlb edibdir (anan ölsün, Şekspir), günaşırı əcaib xəbərlər alırıq. Gah deyirlər Mircəfər Bağırovun sümüklərini tapmışıq, gah deyirlər Mikayıl Müşfiqin. Sözün əsl mənasında bardak vəziyyətdir.

Əlbəttə, bizim indiki tarix siyasətimizi biləndə bunlar o qədər də əcaib araşdırmalar kimi görünmür. İnanmırsan AMEA Tarix İnstitutunun alimlərinin yazdığı kitabları, dərslikləri aç, bir az oxu. Görəcəksən “buşmenlərdən qottentotlara” qədər hamısı bizim həmyerlimiz olmuşdur. Ermənilərlə uzun sürən axmaq qonşuluq bizi “həmxasiyyət eləmişdir”, təəssüf ki. İndi ordakı idiotlar hansısa daşı qaldırıb altından erməni əqrəbi çıxardırsa, bizim idiotlar mütləq başqa daşın altından azərbaycanlı hörümçəyin yuvasını tapmalıdır. Başqa yolu yox artıq. Sarsaq bir yarışma gedir. Bizim başımız bu mağara yarışmasına qarışarkən gürcülər gələcəyin Avropa ölkəsini qururlar.

Jurnalistlərin qəbirqazma, arxeoloji araşdırma işinə cəlbinə gələndə, burda bizim ayrı yolumuz qalmayıbdır. Keçən yazılarımda qeyd etdiyim kimi: indi dövlət özü, sağ olsun, bizim əvəzimizə yazı da yazır, reportaj da qayırır. Tam dövlət qayğısı altındayıq. Ev-eşikdən tutmuş, uşağımızın sünnətinə qədər hamısını dövlət edir. Bu prosesə şirkətlər də cəlb olunubdur. Misal üçün, qabaqlar biz hansısa qənfetin, yağın-mağın keyfiyyətini araşdırmaq üçün reportajlar, araşdırmalar edərdik. İndi şirkətlər özü bir sürü jurnalisti yığıb aparır sexə, əyinlərinə xalat taxır, hərəsinin əlinə bir qəşəng qənfet verib qaytarır. Sən də gəlirsən redaksiyaya, açırsan qənfetin kağızını, qənfetdən dişdəm ala-ala üstündəki yazıları basırsan qəzetə. Vəssalam. Oxucuya başqa nə lazımdır? Hətta bəzi supermarketlər özləri qəzet-jurnal buraxırlar, pulsuz paylayırlar. Al, bax gör xiyar turşusu keçən aya nisbətən neçəyədir, iki dənə tuman alanda üstündə neçə corab verilir və sairə. Bir hipermarket var, məni köşə yazarı götürsə məmnuniyyətlə gedərdim.

Tema açılmışkən, bu cür peşə yerdəyişmələri tək media aləminə aid deyildir. Dünən hardasa gözümə dəydi, yazmışdılar Azərbaycanda nə qədər milyonçu vardır. Guya hansısa ingilis qurumu dünyada milyonçuların sayını hesablayıb, bizdən neçə minsə adam ora düşüb və sairə. Ancaq bizdəki milyonçuların adını bilən yoxmuş. Hətta jurnalist ərinmədən Dövlət Statistika Komitəsinə üz tutub, ordan açıqlama alıb ki, bəs biz milyonçuların statistikasını aparmırıq. Cəhənnəmə aparın. Siz elə yoxsulları, işsizləri sayın. Erməni dəyirmanına su tökürlər! Hərçənd, jurnalistin savadı olsa (yəqin bu da qəbir qazırmış) o sualı DSK-ya yox, Ali Məhkəməyə, prokurorluğa, polisə verərdi. Çünki bizdə milyonçuların statistikasını bu idarələr aparır. Bir gün general Çovdarovu tuturlar, məlum olur bunun milyonları var. Çovdarovun soyduqları içində metronun köhnə rəisindən 3 milyon alıb. Nə bilim, bankiri tuturlar, təkcə arvadının Britaniyada 30 milyonun başına bir univermaqda daş saldığı bilinir. Yoxsa biz hardan bilərdik telefon idarəsində adi məftil calaşdıranlar milyonçudur? Hamısı istintaq zamanı ortaya çıxır.

Hələ onu demirəm ki, Beynəlxalq Bankın keçmiş müdiri Cahangir müəllimə qarşı irəli sürülən ittihamlar içində seçkini saxtalaşdırmağa cəhd də var. Təsəvvür elə. Biz isə bu maddəni ayrı adamlar üçün gözləyirdik. Sən demə bu eləyirmiş. Arvadıyla əlbir olub məktəblərə döşlərində bülleten, bellərində protokol, buynuzunda ot daşıyırmışlar. Ar olsun.

Zamin HACI
Tarix: 27-10-2018, 10:27
Xəbəri paylaş





Xəbər lenti