İşğalçıya verilən axırıncı möhlət - seçkilər... və Qarabağ


Ermənistanın yeni rəhbərliyinin status-kvonu uzatmaq üçün manevr imkanları daralır; rusiyalı tanınmış analitik: “Ermənistanın düşünməyə vaxtı qalmayıb...”

Ötən həftə də Dağlıq Qarabağ mövzusunda açıqlamalar daha çox diqqət çəkdi, nəinki problemin həlli yönündə atılan hansısa praktik addım. ATƏT-in Minsk Qrupunun bölgəyə son səfəri də bu reallığı dəyişə bilmədi. Əksinə, konfliktin həllində Minsk Qrupunun artıq yararsız bir qurum olduğu növbəti dəfə üzə çıxdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bəyan elədi ki, Ermənistanda siyasi situasiya sabitləşməyincə Dağlıq Qarabağla bağlı hər hansı ciddi anlaşmanın əldə olunması mümkün olmayacaq. Guya Moskva erməni inqilabına kimi münaqişənin çözümü üçün çalışırmış. Əlbəttə ki, belə deyil. Rusiya istəsə, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, problemin həllinə real töhfə verər.

Əslində Moskva Qarabağ münaqişəsinə qarışmasa, bunu sırf Azərbaycanla Ermənistanın öhdəsinə buraxsa, bunun özü də sülhə böyük töhfə olar və ixtilaf tez bitər. Çünki işğalçı ölkə arxasında Rusiyanın durmadığını görüb savaşsız da sülhə gələr. 

Lakin dəfələrlə yazıldığı kimi, Moskvaya həll olunmamış Qarabağ konflikti həm Bakıya, həm də İrəvana qarşı əlində ciddi təzyiq rıçaqı üçün lazımdır. Yəni geosiyasi maraq, regionda uzun müddətə qalmaq imperativi, bütövlükdə imperiya xisləti Moskvaya imkan vermir ki, postsovet məkanındakı ən uzun münaqişə tarixin arxivinı verilsin, iki qonşu xalq yenidən sülh və anlaşma içində yaşasın, inkişaf eləsin. 

*****   

Bu yazıda iki tanımış rusiyalı siyasi şərhçinin Dağlıq Qarabağa dair yeni təqvim ili ərəfəsində rəy və təxminlərini təqdim edirik.

“Hazırda Ermənistanda siyasi sabitsizlik müşahidə edilir. Ölkənin siyasi sistemində indi yeganə sabit element kimi prezident Armen Sərksiyan görünür. Amma konstitusiya dəyişikliklıərindən sonra onun səlahiyyətləri də ciddi şəkildə daraldılıb. Ona görə də nə Azərbaycan, nə də sülh nizamlanması prosesində əsas vasitəçi kimi Rusiya Sərksiyanla Dağlıq Qarabağ probleminı dair heç bir ciddi danışıq aparmayacaq”.

“Yeni Müsavat”ın məlumatına görə, bu sözləri tanınmış rusiyalı politoloq Vitali Arkov azar-az saytının rusdilli versiyasına deyib. Onun sözlərinə görə, fakt-faktlığında qalır: “Elə XİN başçıları səviyyəsində də ciddi dialoqun anlamı yoxdur. Ona görə ki, Ermənistanda parlament seçkilərindən və baş nazir seçiləndən sonra hökumətdə kadr dəyişiklikləri, o cümlədən xarici siyasət idarəsi ilə bağlı dəyiçiklik istisna edilmir”.

Azərbaycanın məsələdə mövqeyinə gəlincə, rusiyalı politoloq hesab edir ki, Bakı konfliktin dinc həllinə sadiq qalacaq. “Ümid eləmək istəyirəm ki, Azərbaycan beynəlxalq münasibətlərin məsuliyyətli iştirakçısı kimi konfliktin hərbi yolla həllindən ötrü Ermənistandakı sabitsizlikdən istifadə etməyəcək”, - deyə o, əlavə edib.

*****

Maraqlıdır ki, bu arada Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan növbəti dəfə işğal altındakı Dağlıq Qarabağa gəlib, burada separatçı rejimin başçısı Bako Saakyanla görüşüb. Görüşün detalları və motivi barədə heç nə deyilmir. Yalnız belı məlumat keçib ki, Saakyanla söhbətdən sonra Paşinyan bir neçə günlüyünə (?!) məzuniyyət götürüb. Diqqəti çəkən həm də Paşinyanın budəfəki qanunsuz ziyarətinin ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun bölgəyə səfərindən az sonraya təsadüf eləməsidir.  

karabakh osce ile ilgili görsel sonucu

Bəs erməni baş nazir işğal altındakı Qarabağa bu dəfə niyə gedib?

“Belə bir qeyri-rəsmi səfər Con Boltonun Qarabağ mövzusunun da qaldırıldığı İrəvan səfərindən sonra baş verir. Erməni şərhçilər Bolton gedəndən sonra çoxlu nəticələr çıxardılar. Ən başılacası isə budur: ABŞ Qarabağı özünün anti-İran proqramı çərçivəsində bir plasdarm kimi görür”.

“Yeni Müsavat” xəbər verir ki, bunu digər rusiyalı tanınmış politoloq Qriqori Trofimçuk Vzglyad.az saytına müsahibəsində deyib. Onun sözlərinə görə, Ermənistanın baş nazir əvəzinin Qarabağa “qeyri-rəsmi”, sanki istirahətə getməsi belı bir rəy yarardır ki, oradakı görüş zamanı məhz bütün bu ən ciddi məsələlər müzakirə olunub.

Rusiyalı analitik hesab edir ki, İrəvanın düşünmək üçün vaxtı qalmayıb. “Vaşinqton Ermənistanı tələsdirməyə başlayıb. Bundan dolayı Nikol Paşinyan başa düşmək istəyir ki, Serj Sərksiyanın əlaltısı olan Bako Saakyana nə dərəcədə stavka edə bilər, yoxsa onu da öz vəzifəsindən yola salmaq lazımdır? Bu yaxınlarda Saakyanın özünün də Qərbə etdiyi səfərləri yaddan çıxarmaq lazım deyil. Həmin səfərlər zamanı eyni mövzular müzakirə edilib. Amma Nikol Paşinyan onların mahiyyətində xəbərdar ola bilməz. Saakyanın Qərblə mümkün paralel anlaşması yəqin ki, Paşinyanı ən çox narahat edir. Belə demək olar ki, qeyri-müəyyənlik zolağına sürüşüb düşən İrəvan hələ ki Qarabağa necə lazımdır nəzarət edə bilmir. Burada artıq ”məzuniyyət" hayında olmağa dəymir", - deyə politoloq vurğulayıb.

*****

Bütün hallarda, ən uzağı, 9 dekabr parlament seçkilərindən sonra bu qəbildən suallara və qeyri-müəyyənliklərə aydınlıq gələcəyini söyləmək olar. O zaman Ermənistanın yeni rəhbərliyi istəsə də, istəməsə də konkret qərar verməli olacaq. Bu qərarlar da Dağlıq Qarabağ məsələsinin həll perspektivinə birbaşa təsir edəcək. Hətta passivliyin özü də artıq mövqe demək olacaq. Çünki Azərbaycan sonsuzadək Ermənistandaxili situasiyanın sabitləşməsini gözləmək fikrində deyil. Bakı, uzağı, seçkilər bitənədək düşmən tərəfə daha bir şans verə və gözləyə bilər.

Məhz seçkilərdən sonra bəlli olacaq ki, Paşinyan hökuməti Qarabağ problemi ilə nə eləmək istəyir? Onun həlli yönündə konstruktiv danışıqlara hazırdırmı, yoxsa “münaqişə Azərbaycanla Dağlıq Qarabağ arasındadır” deyib yenə yaxasını kənara çəkməyə çalışacaq? İkinci halda Azərbaycan Qarabağ düyününü birtərəfli qaydada açmalı olacaq - hərbi yolla...

 

Tarix: 5-11-2018, 10:32
Xəbəri paylaş





Xəbər lenti