Ərciyəzim neyləsə xoşdur


“Xoruz bəlkə də yaxşı banlayır, ancaq yumurtanı həmişə toyuq gətirir”

(Marqaret Tetçer, Britaniyanın keçmiş baş naziri)

Deyir bu pulların necə qazanıldığından, hansı üsullarla evimizə girdiyindən xəbərim olmayıbdır, hamısını ərim gətirirdi. Əlbəttə. Klassik azərbaycanlı gəlindir. Bizdə hansı qadın ərindən pulları halal-haram yolla qazandığını sorğu-sual edir ki? Belə qadın tapsanız onu ədalət ilahəsi elan edək, indən belə Ali Məhkəmənin embleminə yadelli, xaricdən maliyyələşən Femida xalanın şəklinin yerinə onun portretini yapışdıraq.

Əksinə, hər bir evdar və qeyri-evdar qadın bütün günü ərinin boş başında drellə yekə deşik açıb oranı doldurur ki, a kişi, nə oturmusan, Filankəs çaldı-çapdı, Behmənkəsin arvadı şuba geyir, qonşu artıq “Gəlindabəvagen”in qızılı rəngdəsini alıb və sairə. Bəzən də ər-arvad bir-birinə qoşulub yol kəsib, baş kəsib, qan tökmüşlər ki, bunun da milli tariximizdə örnəkləri saysızdır. Bunlardan saya bilərik Koroğlu və Nigarı, Qaçaq Nəbi və Həcəri, Babəklə Cavidanın rəhmətlik həyat yoldaşını və sairə görkəmli şəxsiyyətlərimizi. Hazırda buraya “Cahangir və Zamirə” dastanı əlavə olunur ki, onu da yuxarıda qeyd etdik. Axırıncı olmasın, inşallah, axarıncı olsun.

Hərçənd, bu prosesi ingilisə-firəngə-mirəngə anlatmaq bir az çətindir. Necə ola bilər ərin müdir olduğu bankın limitsiz 33 kartını sənə versin, sən də bu kartlarla Londonun univermağından 16 milyon funt sterlinqlik alver edəsən, 30 milyona ev alasan, neçə milyona təyyarə alasan və sairə - lakin bu pulların hardan gəldiyini bilməyəsən? Bəlkə Cahangir müəllim balıqçılıqla məşğul idi və qəfildən toruna qızıl balıq düşmüşdü? Sən oturmuşdun qırıq təknənin böyründə, sifarişləri dalbadal verirdin? Yox, bu vəziyyətə Hans Kristian Andersenin “Ərciyəzim neyləsə xoşdur” adlı nağılı daha çox uyğun gəlir. Nağılda yaşlı ər-arvad kəndlidən bəhs olunur. Onların var-yox bir atı olur, acından ölməmək üçün kişi atı aparır bazarda satsın. Yolda bazara inək aparan adamı görür, atı inəklə dəyişir. Sonra inəyi verib qoyun alır, qoyunu verib qaz, qazı verib toyuq, toyuğu isə çürük alma kisəsinə dəyişir. (Eynən bizim neft gəlirlərini Beynəlxalq Banka yığmağın nağılıdır). Karvansarayda iki ingilis qonaq (nağılda məhz ingilislərdən bəhs olunur - fantastik şəkildə yerinə düşür) kişini lağa qoyurlar, deyirlər sən bu vəziyyətdə evə qayıtma, arvad səni öldürəcəkdir. Kişi isə deyir elə şey yoxdur, arvad məni öpəcək, özü də, oxuculardan üzr istəyirəm, ağzımdan öpəcəkdir. İngilislər xeyli qızıl puldan mərcə girirlər, kişiyə qoşulub kəndə gedirlər, burda arvad əhvalatı eşidəndə gülür, deyir: “A kişi, mənə elə piroq üçün alma lazım idi, nə yaxşı sən bu çürük almaları gətirmisən” və ərinin dodağından marçamurçla öpür. İngilislər məəttəl qalıb qızılları kişiyə verirlər. Andersen nağılı təxminən belə bitirir ki, arvad ərini dünyada ən yaxşı kişi saysa, o ailədən bərəkət əskik olmaz.

Ümid eləyək bizim ingilislər də ərlə arvadın torpağının eyni yerdən götürüldüyünə inanaraq bankirin arvadını əfv edəcək, qızıllarını ona qaytaracaqlar. Çünki qızılsız arvad, bayraqsız dövlət kimi bir şeydir - müstəqilliyini tanıyan olmur. Boyun-boğazını qızıllarla bəzəməyib toya gedən gəlindənsə kənd yerində zəncirini qırıb qaçmış it abırlıdır. Bunlar hamısı ata sözlərimizdir, yazın dəftərə, uşaq-muşağa oxuyun, yekəlib adam olsunlar.

Sonda Norveçin Bakıdakı səfirliyi bağlamasına qəmləndiyimizi yazmalıyıq. Çünki bunlar nə də olmasa bizim nəslimizdən sayılırdılar, görkəmli səyyah Tur müəllim Heyerdal vaxtilə Bakıya gələndə Qobustana getmiş, orda gəmi şəklinə baxıb demişdi ki, norveçlilər qədimdə Azərbaycandan Avropaya qaçmış bankirlərin arvadlarının nəsli... Lənət şeytana... Demişdi vikinqlər burdan şimala gediblər. Biz də neçə illər bu temada fors elədik, hətta Bakıda müxalifətçiləri döyəndə qaçıb Norveç səfirliyində gizlənirdilər. O dərəcədə qohum-qardaşlıq əlaqələri vardı. İndi isə deyirlər sizdəki vəziyyəti bəyənmirik, səfirliyi Tbilisiyə köçürdürük.

Sözgəlişi, Norveç Pensiya Fondunda bilirsiniz nə qədər pul var? 828 milyard dollar. Hamısını neft pullarından əldə ediblər. Ümid edirəm bizim pensiyaçılar bu hissəni oxumazlar - bu saat İranda dərman qıtdır, yankilər embarqo qoyublar.

Zamin HACI
Tarix: 12-11-2018, 09:16
Xəbəri paylaş





Xəbər lenti