Bakının “Şanxay” məhəlləsində baş verənlər…


Bakının “Şanxay” məhəlləsində - Nizami rayonu, Pəhləvan Fərzəliyev küçəsində dəmiryolu xəttinin bir addımlığında yerləşən 400-dən çox gecəqondu tipli ev bu ilin yayından sökülüb. Virtualaz.org xəbər verir ki, uçub-dağılmış, daha çox müharibədən sonrakı xarabalığı xatırladan ərazidə bir neçə daxma hələ ki qalır, kimi verilən kompensasiyaya uyğun ev tapa bilmir, kimi də kompensasiyanın məbləğindən narazı qaldığı üçün köçməyə tələsmir.

“Şanxay” məhəlləsində 4 mindən çox sənədsiz ev olub. Ötən ilin aprelində sakinlərə bildirmişdilər ki, 800-dən çox tikili məhz təhlükəli ərazidə, yəni dəmiryoluna çox yaxın yerləşir, buna görə də ilkin mərhələdə onlar köçürüləcək.  İndi isə məlum olub ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhimdar Cəmiyyəti yalnız 479 evi sökür, digər evlərlə bağlı qərar verilməyib.


“Əvvəl tək qatardan qorxuruq, indi…”


Sökülən evlərin tör-töküntüsü tam daşınmayıb, beton, kərpic, dəmir qarışıq tullantıların üstünə məişət zibilləri də atılır, nəticədə ərazi sahibsiz itlərin məskənin çevrilib. Üstəlik söküntüdən sonra kanalizasiya xəttləri də dağılıb, bir balaca yağış yağan kimi kanalizasiya quyuları daşır, çirkab məhəlləboyu yayılır.



“Burda insan yaşayarmı?”-sakinlərdən biri söküntü ilə bağlı sualımıza sualla qarşılıq verir. “Əvvəl uşaqları tək qatardan qoruyurduq, indi heç çölə buraxmaq olmur. Baxın, kanalizasiya quyusunun üstü açıqdır, bir yandan da ətrafda iri maşınlar işləyir”, -sakin qəzəblə danışır.

“Şanxay” cəngəllklərində bir gecə mehman olmaq?

Digər sakin isə təklif edir ki, real vəziyyəti öyrənmək üçün gecə gələk, çünki qaranlıqda dayanacaqdan evə qədər yolu gəlmək əsil cəhənnəm əzabıdır: “Dayanacaqdan evə gəlmək üçün qaranlıqda bu xarabalıqdan keçirik, ayağımız bir balaca büdrəsə beton, yaxud dəmirin üstünə düşəcəyik.   Telefonu yandırıb işıq salırıq, az qala sürünə-sürünə gedirik”.

Sakinlərdən Səkinə Məmmədova isə köçürülmənin dayandırılacağından narahatdır. Onun sözlərinə görə, 5 nəfərlik ailə 2 otaqlı, cəmi 20 kvadratmetr sahəsi olan daxmada yaşayır. Evə bitişik kərpicdən ayaqyolu tikiblər, yayda hamam kimi də istifadə edirlər: “Dedilər köçürülmə dayanıb, nə gələn var, nə də vəziyyətimizlə maraqlanmırlar. Bizim evlər də dəmiryolu xəttinin yaxınlığındadır”.

Sakinlər onu da söyləyirlər ki, bu ərazi gec-tez söküləcək, çünki gündən günə böyüyən, gözəlləşən Bakıda, şəhərin mərkəzində belə qəsəbənin saxlanılacağı inandırıcı deyil. Ərazinin hansısa türk şirkətinə satılması ilə bağlı söz-söhbət də dolaşır. Bir tərəfdən də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən çəkiləcək yolu gözləyirlər.

“İllərdir zülüm çəkirik, heç olmasa Bakı kəndlərinin birində ev ala bilsəydik insan olduğumuzu hiss edərdik. Ömrümün çoxu gedib, azı qalıb, kaş tez köçürülərdik”,-Məmmədova söyləyir.

Yağışdan çıxıb yağmura düşmək

Adil adlı sakin isə şəkil, yaxud “Şanxay”la bağlı yazı verməyə tələsməməyimizi söyləyir. Çünki yaxın qonşularının yağışdan çıxıb yağmura düşdüyünə şahidlik edib.

“Qışı yola verək, yayda Allah kərimdir. Danışmaq, demək asandır, çoxu hələ də özünə ev tapa bilməyib. Mən şəhərdə işləyirəm, uşaqlarımın ikisi təhsil alır. Verilən kompensasiya ilə Türkan, yaxud Zirədə ev ala bilərəm. Ayda 400 manat alıram, bundan sonra da hər gün yollarda qalacağıq,  zülm çəkəcəyik”,- sakin deyir.

Və əlavə edir ki, evini kirayə verib başqa ərazidə yaşayanlar, yaxud evinin sahəsi geniş olanlar üçün daha asandır, belələri istənilən məbləğə razılaşıb köçürlər. Evlərin isə əksəriyyətinin ölçüsü 20-30 kvadratmetrdən çox deyil, kvadratmetrə görə 1000 manatdan artıq ödənilmir.

“Mənim narazılığım söküntünün ləng aparılması ilə bağlıdır. Dəmiryolunun mühafizə xətti müəyyənləşdirilsin, zibilləri daşısınlar, küçəni abadlaşdırsınlar, qoysunlar biz öz daxmamızda rahat yaşayaq”, -Adil əsəbi halda söyləyir.  

Hamı kompensasiya alıb, köçən də, köçməyən də…

Nazirlər Kabinetinin 22 yanvar, 2005-ci il qərarına görə, dəmir yolu mühafizə zolağında yerləşən tikililərlə dəmir yolu xətti arasında azı 20 metr məsafə olmalıdır. “Şanxay”dakı evlərlə dəmiryolu relslərinin ara məsafəsi ən çoxu 3 mert olub.

Nizami rayonu, Keşlə bələdiyyəsinin sədri Ələmdar  Bafadarov virtualaz.org-a bildirib ki, evlərin köçürülməsi ilə bağlı yaradılan komissiya ərazidəki 2 dəmiryolu xəttinin sağ və sol tərəfində 20 metr məsafədəki  479 evin sökülməsinə qərar verib. Mənzilin ölçüsünə görə 1000, yardımçı tikililərə görə isə 700 manatdan kompensasiya ödənilib. “Söküntü və ərazinin təmizlənməsi ilə Dövlət Dəmir Yolları QSC məşğul olur.  Ərazidə mühafizə zolağı yaradılacaq. Amma Keşlədə 5400-dən çox ev var, onların 95 faizi sənədsizdir. “Şanxay”dakı evlərin köçürülməsi məsələsi isə neçə illərdir müzakirə edilir, məsələn, yol çəkilişi məsələsi 5-6 ildir var, amma real nəticə yoxdur”, -bələdiyyə sədri əlavə edib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Sevinc Qədirova isə mətbuata açıqlamasında yalnız problemli evlərin sökülmədiyini, amma yaxın zamanlarda onların da söküləcəyini deyib.

“Hazırda söküntü materialları daşınır. Mühafizə zolaqları çəkiləcək, təhlükəsizlik tədbirləri görüləcək”,-Qədirova belə deyib.

Tarix: 12-11-2018, 20:51
Xəbəri paylaş





Xəbər lenti