Parlamentdə hökumətin iştirakı ilə büdcə müzakirələri başladı


Deputatlar uşaqpulunun bərpasına, QHT-lərə və onlayn mediaya diqqəti artırmağa çağırdılar; Əli Məsimli: “Təmir-tikinti adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir”

Noyabrın 13-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Azərbaycanın 2019-cu il üzrə dövlət büdcəsi zərfinin müzakirəsinə həsr olunmuş iclasda baş nazir Novruz Məmmədov, maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, vergilər naziri Mikayıl Cabbarov və digər hökumət üzvləri iştirak edirdi.

Spiker Oqtay Əsədov çıxışında bildirdi ki, 2019-cu il üçün də dövlət büdcəsinin sosial yönümlülüyü qorunub-saxlanılıb. O.Əsədov dedi ki, valyuta ehtiyaclarımız 3 milyard dollar artaraq 45 milyard dollara çatıb.

Büdcə zərfi barədə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, 2019-cu il üçün gömrük daxilolmaları 3 milyard 450 milyon manat proqnozlaşdırılır. Bu isə 2018-ci il proqnozundan 8,2 faiz çoxdur. Komitə sədri dedi ki, büdcə xərcləri ÜDM-in 30 fazini təşkil edəcək: “Mən arzu edərdim ki, gələcəkdə büdcə xərcləri ÜDM-in 34-35 faizini təşkil etsin”.

Maliyə naziri Samir Şərifov dedi ki, “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 milyon. manat və ya 3,5 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28 faiz səviyyəsində nəzərdə tutulub.

İqtisadiyyat naziri Şahin Mustafayev dedi ki, Azərbaycanda aparılan sistemli islahatlar, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir: “Dünya Bankı tərəfindən ”Doing Bisness 2019" hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı ölkələri sırasına daxil olaraq, ən çox islahat aparan ölkə olub. Yeni hesabatda Azərbaycanın mövqeyi 32 pillə artaraq, 190 ölkə arasında 25-ci yerə, MDB ölkələri arasında isə liderlik mövqeyinə yüksəlib".

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov büdcə barədə rəyini təqdim etdi.

Bundan sonra büdcə zərfi haqqında qanunun müzakirəsi başlandı.

Deputat Aqiyə Naxçıvanlı uşaq pulunun bərpası barədə təşəbbüslə çıxış etdi. Həmçinin o, 3 yaşa qədər uşaqlara verilən müavinətin artırılmasını təklif etdi: “Azərbaycanda çoxuşaqlı ailələrə verilən müavinət sisteminə yenidən baxılmalıdır”. Deputat qeyd etdi ki, güzəştli ipoteka şərtləri çoxuşaqlı ailələrə də şamil edilməlidir.

Deputat Əli Məsimli büdcənin neftdən asılılığının davam etməsindən narahatlığını vurğuladı. Dedi ki, Neft Fondundan büdcəyə vəsait ayrılması başadüşüləndir, ancaq büdcəni formalaşdırarkən başqa mənbələrdən də istifadə etmək lazımdır: “Məsələn, ”kölgə iqtisadiyyatı"nı cəmi 10 faiz aşağı salmaqla büdcəyə 8 milyard cəlb etmək, bu vəsaitlərin sayəsində əlavə yüz milyonlar qazanmaq olar. Həmçinin korrupsiyaya qarşı daha ciddi mübarizə aparmaqla yüz milyonlarla əlavə vəsait cəlb etmək mümkündür".

Ə.Məsimli bildirdi ki, “təmir-tikinti” adı ilə külli miqdarda vəsait təyinatı üzrə istifadə edilmir: “O sahələrə iki-üç dəfə əlavə vəsait ayırmağın da heç bir mənası yoxdur. Həmin vəsaitlərin Azərbaycan iqtisadiyyatına heç bir töhfəsi olmur”.

Ə.Məsimli bildirdi ki, Azərbaycanda elmə ayrılan vəsait 0,16 faiz təşkil edir. Dedi ki, əgər biz elmi inkişaf etmək istəyiriksə, elmin maliyyələşdirilməsini sıfır trayektoriyasından çıxartmaq lazımdır. Həmçinin deputat elm sahəsində çalışanların əmək haqqının artırılmasını da zəruri saydı. 

Deputat Qənirə Paşayeva orta məktəb müəllimlərinin güzəştli ipoteka ala bilməsi ilə bağlı addım atmağa çağırdı.

Xanım millət vəkili təhsil kreditləri ilə bağlı məsələyə baxılmasını da vacib saydı. Q.Paşayeva həmçinin icbari tibbi sığortanın tətbiqi istiqamətində atılan addımlardan danışdı.

Deputat Tovuz rayonunda məktəblərin durumuna diqqət çəkdi, hökuməti bir sıra məktəblərin yenidən tikilməsi və tarixi abidələrin qorunması üçün vəsait ayırmağa çağırdı. 

Deputat Fəzail Ağamalı tikintiyə icazə alınması üçün müddətin 30-35 günə endirilməsini, özəl şirkətlərə texniki şərtlərin verilməsi müddətinin azaldılmasını və tələb olunan rüsumların tamamilə ləğv edilməsini təklif etdi. Dedi ki, bu addımlar atılsa, Azərbaycan dünya reytinqində ilk beşliyə qədər irəliləyə bilər. F.Ağamalı bank sistemində ciddi islahatlara ehtiyac olduğunu da bildirdi.

Deputat uşaqlı ailələrlə bağlı da məsələ qaldırdı: “Uşaqlara verilən birdəfəlik müavinatın miqdarı 150 manatdan 200 manata qədər artırılsa, yaxşı olar. Eyni zamanda davamlı müavinətin verilməsi də stimullaşdırıcı rol oynayar, üstəlik, müəyyən problemlərin həllinə kömək etmiş olar”.

Deputat Vahid Əhmədov sahibkarlara güzəştlə bağlı verilən son qərarı təqdir etdi. Bildirdi ki, bu, sahibkarlığın inkişafına stimul verəcək: “Niyə bu vaxta qədər vergidən yayınırdılar? Çünki vergi olduqca yüksək idi. Sahibkar 40 faizədək vergi ödəmək məcburiyyətində qalırdı. Ona görə də ikili mühasibatlıq geniş yayılmışdı”. Deputat qeyd etdi ki, hazırda adambaşına xarici borcumuz artıq 1000 dollara yaxınlaşır: “Bu da ümumi daxili məhsulun təxminən 22 faizini təşkil edir. Düzdür, bunu böyük məbləğ hesab etmək olmaz. Elə dövlətlər var ki, onların dövlət borcu bir büdcəyə bərabərdir. Burada əsas məqam həmin borcların dövlət büdcəsi hesabına ödənilməsidir. Hesab edirəm ki, Maliyyə Nazirliyi bu məsələ ilə bağlı daha sərt mövqe tutmalıdır. Vəsaiti götürən təşkilatlar, agentliklər, səhmdar cəmiyyətlər vaxtında götürdükləri vəsaiti geri qaytarmalıdırlar”.

Deputat bank kreditləri ilə bağlı duruma da diqqət çəkdi. Konstitusiya Məhkəməsinin dollar kreditləri ilə bağlı qərarına toxunan deputat “mən bu qərarı qəbul etmirəm” dedi. Bildirdi ki, bank sistemində dollar kreditləri ilə bağlı daha kritik vəziyyət yaranıb: “Bu qərar nədən baş verib?! Mən və həmkarım Əli Məsimli cənab prezidentə müraciət etmişdik. Bank sistemində olan vəziyyəti düzəltməklə bağlı müəyyən təkliflər vermişdik. Təkliflərə cənab prezident tərəfindən də imza atılaraq göndərilmişdi. Amma sonradan Konstitusiya Məhkəməsi belə bir qərar qəbul etdi. Hazırda isə vaxtı keçmiş kreditlərlə bağlı məsələ daha da kritik vəziyyətə gəlib çıxıb. Maliyyə Bazarlarına Nəzarət Palatası bank sistemi ilə bağlı məsələni nəzarətə götürsə də, müəyyən işlər görsə də ciddi dəyişikliklər edilməlidir”.

Deputat, QHT Şurasına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev Milli Məclisdəki büdcə müzakirələrində çıxış edərkən hökumətə müraciət etdi. O, 2019-cu ildə QHT sektoruna ayrılan vəsaiti artırmağa çağırdı. “2012-ci ildə Şuraya 6,6 milyon vəsait ayrılmışdısa, indi bu vəsaitin həcmi 5,6 milyondur. Bu vəsaiti mövcud QHT-lər arasında bölüşdürsək, çox cüzi məbləğ alınar”-deputat bildirdi. A.Quliyev 2019-cu ildə şuraya ayrılan vəsaitin 4,6 milyon artırılmasını xahiş etdi.

Deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov mətbuatın problemlərinə diqqət çəkərək dedi ki, önəmli məsələlərdən biri media, əsasən də onlayn mediadır: “Maliyyə naziri cənab Samir Şərifova təşəkkür edirəm ki, komitə iclaslarında qaldırdığım bu məsələyə reaksiya verdi. Əminəm ki, məsələnin əhəmiyyətlilik dərəcəsinə adekvat yanaşma var. Bunu müsbət qiymətləndirirəm. Digər bir məsələ hazır çap məhsullarına və qəzet kağızına tətbiq edilən əlavə dəyər vergisi ilə bağlıdır. Baxın, büdcəmiz artır, əvvəlki illərdəki durğunluq demək olar, tam aradan qalxıb. Bu durumda məsələnin mahiyyətinə daha dərindən diqqət yetirək. Bəli, müqayisəli yanaşsaq, mediamızın iqtisadi durumu problemsiz deyil. Konkret rəqəmlər var, bu barədə çox danışmaq istəmirəm. Biz nəyə görə mediamızı əlavə yükdən qurtarmayaq? Bir halda ki, ƏDV-nin tətbiqindən dövlət büdcəsinə elə də böyük vəsait daxil olmur: təqribən yarım milyon manat. Hazır çap məhsullarını da götürək. Bunların əsas qismi ölkəmizə kənardan gəlir. Nəyə görə onların qiyməti baha olmalıdır? Biz cəmiyyətn maariflənməsini, qabaqcıl elmi biliklərə yiyələnməsini istəməliyik. Axı, müasir dünyada bu yolun alternativi yoxdur”.

Deputat Musa Quliyev dedi ki, proqnozlaşdırılan artımlar gələn il Azərbaycan vətəndaşlarının daha yaxşı yaşayacaqlarını deməyə imkan verir.

Milli Məclisdəki büdcə müzakirələrində çıxış edən deputat Azər Badamov bir çox ölkələrdə tələbələrə nəqliyyatdan güzəştli istifadə hüququ verildiyini deyərək, ölkəmizdə də anoloji addımın atılmasını təklif etdi. “Ölkəmizin inkişaf səviyyəsi tələbələrə güzəştlər etmək imkanı verir. Tələbələrə güzəştlər nəzərdə tutulsa, on minlərlə tələbəmizi sevindirmiş olarıq”-A.Badamov bildirdi.

Deputat Siyavuş Novruzov özlərini maliyyələşdirən rayonlarla bağlı təklif verdi. Bildirdi ki, özlərini təmin edən rayonlar arasında yarış yaranması üçün əldə olunan gəlirlərin həmin rayonlarda saxlanması qərarını vermək lazımdır. S.Novruzov gələn il bələdiyyə seçkilərinin keçiriləcəyini deyərək siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif etdi.

Deputat Hüseynbala Mirələmov tarixi abidələrin qorunub-saxlanması barədə danışdı. “Təəssüf ki, bu sahədə vəziyyət ürəkaçan deyil. Məşhur Çıraqqala abidəsi bərpa olunmayıb. Qazaxda Damcılı, Lerikdə Buzeyir mağaraları sonadək tədqiq edilməyib. Qazaxda, Gədəbəydə, Lerikdə, Yardımlıda tarixi abidələr var. O abidələrin bərpası olduqca zəruridir”. H.Mirələmov hökumətdən bu sahəyə vəsait ayırmağı xahiş etdi.  

Deputat Qüdrət Həsənquliyev bir sıra təkliflərlə çıxış etdi. O, əvvəlcə şəhid ailələrinin problemlərindən bəhs etdi: “Müəyyən sosial təbəqə və qruplar var ki, biz dövlət və cəmiyyət olaraq onların problemlərinə xüsusi diqqətlə yanaşmalıyıq. Onlara olan münasibət cəmiyyətimizin nə dərəcədə sağlam və mədəni olmasını şərtləndirir. Ona görə də ilk növbədə şəhid ailələrinə prezidentin fərmanına uyğun olaraq verilməli olan 11 min manatlıq birdəfəlik yardım əvvəllər sığorta pulu almalarından asılı olmayaraq, hər bir şəhid ailəsinə verilməlidir”.

Deputat ardınca aldığı müraciətə istinad etdi: “Bu gün səhər 96 şəhid ailəsi mənə məktubla müraciət edib və xahiş ediblər ki, mən onların problemlərini hökumət üzvlərinin diqqətinə çatdırım. Hesab edirəm ki, hökumət - Allaha şükür, imkanımız var - hər bir şəhid ailəsinə ən azı 1000-2000 manat yardım edə bilər”.

Q.Həsənquliyev şəhid ailələri və Qarabağ əlilləri üçün mənzil tikintisinin vəziyyətinə də diqqət çəkdi: “Bu məqsədlə 45,5 milyon manat vəsait ayrılıb. Eyni zamanda qaçqınlar üçün mənzil tikintisinə 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Təqribən onların ikisi qədər, 244,4 milyon manat təkcə idman obyektlərinin tikintisinə ayrılıb. Mən hər dəfə bu məsələni qaldırıram ki, hökumət üçün uzun illərdir mənzil növbəsində dayanan insanlar -onların bir çoxu artıq yaşa dolub-yoxsa yeni idman obyektlərinin tikintisi önəmlidir? İnvestisiya proqramı çərçivəsində gələn il 114 il obyektin təhvil verilməsi nəzərdə tutulur ki, bunların 60-ı yeni obyektdir. Orada müəyyən ixtisarlar aparılmalıdır və bu vəsaitlər ən azı iki-üç dəfə artırılmalıdır ki, qısa müddətdə biz bu insanları mənzillə təmin edə bilək”.

Q.Həsənquliyev pensiyaların artırılması barədə Maliyyə Nazirliyi qarşısında məsələ qaldırdı. Həmçinin iqtisadiyyatın inkişaf tempinin artmasına nail olmağı vacib saydı: “Vergi siyasətində son vaxtlar islahatlar aparılır, çox təqdirəlayiqdir. Amma iqtisadiyyatı inkişaf etdirmək üçün ilk növbədə iqtisadiyyata investisiyalar qoyulmalıdır. Hesab edirəm ki, Neft Fondundan böyük həcmdə vəsaitlər gətirilməli və yerli banklarda saxlanılmalıdır. Bu, həm bankarın inkişafına töhfə vermiş olar, həm də sahibkarlığın inkişafına stimul verər. Bu gün ölkədə manatın kursunun sabitləşməsi çox müsbət haldır. Bu gün Dünya Bankının hesabatına görə, biznes üzrə biz 57-ci yerdən 25-ci yerə gəlmişik. Amma ölkəyə ciddi surətdə kapital qoyulmayacaqsa, bunlar yetərli deyil”.

Deputat Musa Qasımlı dedi ki, şəhid ailələri ilə bağlı məsələsini həll etmək lazımdır: “Bu, təkcə maliyyə məsələsi deyil, həm də dövlətçilik məsələsidir”. Deputat dedi ki, bütün əmək haqları dövlət büdcəsindən getməlidir: “Bir qurumun yazdığı cərimə ilə hansısa qurumun əmək haqqı artılırsa, bu cəmiyyətdə gərginlik yarada bilər”.

Deputat Zahid Oruc şəhid ailələrinə ayrılan vəsaitin ödənilməsi zərurətindən danışdı. Bildirdi ki, prezidentin fərmanından sonra sabiq nazir Səlim Müslümov fərmanın 8800 ailəyə tətbiq olunacağını deyib. Deməli, say məlumdur. Z.Oruc dedi ki, təkcə Zamirə Hacıyevanın mənimsədiyi vəsaitlərlə şəhid ailələrinə vəsaitləri ödəmək olardı.(Musavat.com)



Tarix: 14-11-2018, 09:46
Xəbəri paylaş





Xəbər lenti