Qarabağ və Ermənistan erməniləri arasında gərginlik pik həddə – Erməni mediası



İşğal edilmiş Azərbaycan ərazilərində sosial-iqtisadi vəziyyət günü-gündən gərginləşir. Qondarma rejimin bezmiş sakinləri Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanı küt və axmaq adlandırmaqdan belə çəkinmirlər.

Teleqraf.com xəbər verir ki, Ermənistanın “İrates” qəzetində yerləşdirilmiş yazıda belə deyilir.

Qeyd olunur ki, əhali acınacaqlı həyat keçirir. İş o yerə çatıb ki, münbit torpağı olan bu yerdə insanlar hətta, kənd təsərrüfatı məhsullarının təminatı baxımından da korluq çəkirlər:

“Çünki onlara əkib-becərmək üçün lazımi şərait yaradılmır, səlahiyyət sahibləri soyub-talamaqla, öz sərvətlərini artırmaqla və intriqalarla məşğuldurlar. Bako Saakyan (qondarma rejimin “prezidenti”) bölgədə bütün sahələrin inkişaf etdiyini və əhalinin hər şeydən razı olduğuna deməklə Nikol Paşinyanı dəfələrlə aldadıb, ona yalan məlumatlar verib. Əslində, Saakyan və onun komandası milyonlara sahib olur. Əhali isə iş tapmır, ac-yalavac ömür sürür. Qadınlar şəxsiyyətləri alçaldılan “istirahət evlərinə”, kişilər qul kimi təhqirli işlərə sövq edilirlər. Bu ilin yazında Stepanakertdə (oxu, Xankəndi) baş verən ciddi narazılıqlar bunu sübut etdi. Etiraz aksiyasının bir çox iştirakçıları respublikanın (qondarma rejimin) vəzifəli şəxslərinin onları döydürüb təhqir etdiklərini, özbaşınalığın və zorakılığın dözülməz həddə çatdığını, hətta Azərbaycan Ordusunun gəlişini istədiklərini açıqca bildirdilər”.

Yazıda qeyd olunur ki, N.Paşinyanın “Qarabağ klanı”na yumşaq desək, xoş olmayan münasibəti, İrəvanda vəzifəli qarabağlıları sıxışdırması, Dağlıq Qarabağ xalqına (?) hörmətlə yanaşmaması bölgədə ona inamsızlığı artırmaqla yekunlaşmayıb, həmçinin, nüfuzdan düşməsinə gətirib çıxarıb:

“Məhz bu səbəblərdən Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında yaranmış uçurum daha da dərinləşərək ən yüksək həddə çatıb. Yaxın vaxtlarda Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında gərginliyin daha da böyüyərək münaqişə yaşanması gözləniləndir”.



Tarix: 14-11-2018, 23:20
Xəbəri paylaş





Xəbər lenti