Meydanda doğulan İstiqlal


Meydanda doğulan İstiqlal

17 noyabr Azərbaycanda Milli Dirçəliş Günü kimi qeyd olunur. Bu bayram təqvimə 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda baş vermiş hadisələrlə əlaqədar düşüb. 1985-ci ildə Sovet İttifaqının siyasi rəhbərliyinə Mixail Qorbaçov gəldi. Leonid Brejnevin rəhbərliyi ilə 16 illik durğunluq dövrünü yaşamış xalqda sovet cəmiyyətinin gələcəyi ilə bağlı müəyyən ümid qığılcımları yarandı. Qorbaçov qoca və xəstə Brejnev, Yuri Andropov və Konstantin Çernenkodan fərqli olaraq gənc və enerjili idi. İnanclı kommunistlər bu adamın uzun müddət SSR rəhbərliyində qalacağını, dövlətin bir az da güclənəcəyini gözləyirdilər. Lakin əksinə oldu. Qorbaçovun yenidənqurma, aşkarlıq adı altında həyata keçirdiyi islahatlar SSRİ-nin məhvinə yol açan prosesləri tətiklədi. 

Azərbaycan da daxil olmaqla 15 respublikanı, 100-dən çox milləti biləşdirən, xalqlar dostluğu və ictimai bərabərlik ideyologiyası ilə idarə olunan Sovet İttifaqında tezliklə mərkəzdənqaçma və separatçılıq meyilləri gücləndi. 1988-ci ildə Azərbaycanın ermənilər də yaşayan Dağlıq Qarabağ Muxtar Vilayətində ilk separatçı çıxışlar başladı. Qeyd edək ki, qırmızı bolşevizm cildinə girmiş rus imperialistləri SSRİ-yə birləşdirdikləri “müttəfiq respublikaları” əldə saxlamaq üçün bu cür qondarma qurumlar yaratmışdılar. DQMV 7 iyul 1923-cü ildə yaradılmışdı. Halbuki bunun heç bir əsası yox di. Ermənilər qədim türk yurdu olan Qarabağın dağlıq hissəsində azlıqda yaşayırdılar. Onlar bölgənin avtoxton (yerli) sakinləri deyildi, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrindən sonra İran və Türkiyədən köçürülmüşdülər. Dərsliklərdə adı keçən “5 erməni məlikliyi” məsələsi isə Azərbaycan və Sovet tarixşünaslığına bilərəkdən salınmışdı və yanlış idi. Qarabağ xanlğı zamanında mövcud olmuş 5 xristian məliklikləri əslində etnik mənşəcə türk-alban idi. Sadəcə xristianlığın qriqorian məzhəbinə etiqad etdikləri üçün zamanla “erməni” adlanmışdılar. 

“Mina” partladı

Sovet bolşevik rəhbərliyinin 1923-cü ildə basdırdığı etnik münaqişə “minası” 1988-ci ilin fevralında partladı. Öncə Moskvada ermənilərə rəğbəti ilə seçilən Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri akademik Aqambekyan etnik münaqişəni alovlandıran, Azərbaycana ərazi iddiası irəli sürülən məşhur açıqlama ilə çıxış etdi. Erməni akademik deyirdi ki, iqtisadi baxımdan DQMV-in Azərbaycanın tərkibində deyil, Ermənistanın tərkibində olması daha əlverişlidir. Bu çıxış ermənilər üçün sanki “başla” komandası oldu. DQMV-nin mərkəzi Xankəndidə separatçı şüarlarla kütləvi aksiyalar başladı. Azərbaycanın kommunist rəhbərliyi hadisələrə çevik reaksiya verə bilmir, Moskva qarşısında mütilik göstərirdi. İrəvanda, Xankəndidə isə proseslər fərqli istiqamətdə gedirdi. Ermənilər Qarabağ uğrunda savaşa hazırlaşırdılar. Azərbaycanın kommunist iqtidarının qorxaqlığı fonunda ermənilər daha da həyasızlaşırdı. 1988-ci ilin payız aylarında ermənilər Şuşa yaxınlığında Topxana meşəsində “yaşıl soyqırım”ına başladılar. Bu hadisə Azərbaycan xalqını hövsələdən çıxardı. Noyabrın 17-də Bakının ən böyük Lenin (sonradan xalqın tələbi ilə “Azadlıq” meydanı adlandırıldı-müəll.) meydanında izdihamlı mitinq keçirildi. Dövrün araşdırıcıları, hadisələrin şahidləri və veteran hərəkatçıların dediyinə görə, hətta ilk günlər nümayişlərin izdihamlı alınmasında o zamankı hakimiyyət dairələrinin də marağı olub. Onlar bununla Qarabağı ermənilərə güzəştə getmək istəyən, bu üzdən də ermənilərin azğınlığına göz yuman Moskvaya, Qorbaçov hakimiyyətinə təzyiq etmək istəyirdilər. Azərbaycanın kommunist rəhbərliyi bu üzdən meydanın öz adamları, Mərkəzi Komitəyə yaxın sözəbaxan ziyalılar tərəfindən idarə olunmasına çalışırdı. Lakin az sonra qəzəbli xalq tribunaya öz adamlarını, xalqın sözünü deyən insanları çıxardı. Sonradan həmin şəxslər: Əbülfəz Elçibəy, Sabir Rüstəmxanlı, Məhəmməd Hatəmi, Nemət Pənahlı, Etibar Məmmədov, İsa Qəmbər və digərləri müstəqillik hərəkatının liderlərinə çevrildilər. 

Meydanın tələbi nə idi?

17 noyabr-5 dekabr hərəkatının əsas tələbi bunlar idi: 

-Azərbaycan hökuməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etsin. Topxanada görülən işlər barədə televiziyada birbaşa canlı yayımla məlumat verilsin.
-Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilsin.
-Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılsın. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilsin.
-Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat versinlər. 

Hökumət nümayəndələrinin narahatlığı artırdı. Onlar mitinqi dayandırmağı tələb etdikdə nümayişçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - noyabrgn 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. 

Meydan necə dağıdıldı?

Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır.

“Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Üz şəklində doğrudan da, Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb.

Dekabrın 4-də hakimiyyət orqanları “Azadlıq” meydanındakı oturaq mitinqi ordunun köməyi ilə dağıtmağa nail oldular.

Ancaq cin şüşədən çıxmışdı. Meydana hədəfsiz, dağınıq halda girmiş kütlə oradan nə istədiyini bilən, dostunu-düşmənini tanıyan vahid Azərbaycan xalqı olaraq çıxmışdı. Azərbaycan üçrəngli istiqlal bayrağına meydanda qovuşdu. Azərbaycanın müstəqilliyi ideyası meydanda doğuldu. Bir sözlə 17 günlük meydan hərəkatında 70 il xalqlar dostluğu ideyası ilə yuxuya verilmiş Azərbaycan xalqının milli dirçəlişi baş tutmuşdu. Meydan hərəkatı milli azadlıq davasına çevrildi. Moskva və Azərbaycanın müti kommunist rəhbərliyi xalq hərəkatına təzyiqləri gücləndirsə də, repressiyaları artırsa da, milli qurtuluş savaşı vüsət alırdı. Cəmi 7 ay sonra, 16 yul 1989-cu ildə Azərbaycan xalqının istiqlal savaşının avanqard təşkilatı olan Xalq Cəbhəsi yaradıldı. Xalq dərk etdi ki, Moskvaya, onun nəzarətindən çıxmaq istəməyən yerli kommunist hakimiyyətinə bel bağlamaq olmaz. Sovet rəhbərliyi bir neçə dəfə Azərbaycan xalqının əzmini, iradəsini qırmağa cəhd etsə də, buna nail ola bilmədi. Azərbaycan türkləri XX əsrin əvvəllərində ucaltdığı 3 rəngli istiqlal bayrağını təkrar dalğalandırdı. 1990-cı ilin 20 yanvarında Sovet ordusunun “xilaskar ordu” imici yerlə bir oldu. Yanvar günlərində Sovet İttifaqı Kommunist Partiyasının xalqlara xoşbəxtlik deyil, yalnız bədbəxtlik gətirdiyi bir daha sübut olundu.

Sovet və sonradan Rusiya hakimiyyətinin çoxsaylı təxribatçı, düşməncə hərəkətlərinə baxmayaraq Azərbaycan xalqı müstəqilliyinə nail oldu, düşmən təcavüzünə qarşı dayan bilən milli ordusunu yaratdı. Erməni separatçıları Rusiya hərbi sənaye kompleksinin, Avropadakı dəstəkçilərinin və bizə düşmən münasibətdə olan digər dövlətlərin hərbi, siyasi yardımı ilə torpaqlarımızın 20 faizini işğal etdilər. Lakin Azərbaycan xalqı işğal faktilə, torpaqlarında ikinci erməni dövlətinin yaradılması ilə barışmır. 1988-ci ildən başlanmış Qarabağ davası davam edir. 2016-cı ilin aprel hadisələri göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını azad etmək əzmindədir, Azərbaycan Ordusu buna qadirdir. 17 noyarda doğulmuş istiqalalçı nəslin qarşısında bir neçə hədəf var: Qarabağın azadlığı, parçalanmış Azərbaycan xalqının birləşməsi. İnanırıq ki, gec-tez Azərbaycan xalqı öz torpaqlarını işğaldan azad edəcək, tarixi torpaqları çərçivəsində bütovlüyə nail olacaq.

Milli Dirçəliş Gününüz mübarək!(Cebhe.info)

Aydın Turan

Tarix: 17-11-2018, 09:44
Xəbəri paylaş





Xəbər lenti