Adil Əliyev, neft heç vaxt kəndçinin olmadı...sizin oldu!



 
      
“Parni iz Baku” (Bakılı oğlanlar) komandasının 1996-ci ildəki konsertini oxuculardan yəqin ki, xatırlayanlar olar. “KVN”şiklər dövrün Milli Məclisi parodiya və tənqid edərkən sanki 22 il sonranı öncəgörən olublar.
“Bakılı oğlanlar” Milli Məclisdə dövlət və xalq üçün əhəmiyyətli qanun layihələrinin müzakirəsinə deputatların laqeyd yanaşıb, ən mənasız mövzuları müzakirə etmələrini ələ salırlar.

Kimisi Zeynəb Xanlarovaya ad günü hədiyyəsini, kimisi leksikonda rusca sözlərdən istifadə edilməsini gündəliyə çıxarır, ən sonda hamısı çay süzərkən dodaq yerinin nə qədər qoyulmasını müzakirə edirlər. Bu sarkazm və ironiyanı zaldakı tamaşaçılar gözəl anlayırdı.
Hətta konsertə baxmağa gələn mərhum prezident Heydər Əliyev, keçmiş spiker Rəsul Quliyev, AMİP sədri Etibar Məmmədov da özlərini gülməkdən saxlaya bilmirlər. Kadrlarda yutub sosial televiziyasından baxa bilərsiniz. Yəni, Milli Məclis bu qədər mənasız məsələlərin polemikası ilə məşğul idi.
İndi zaman 2018. Azərbaycanın 90-cı illərindən, siyasətin rəngarəng dövrlərindən 22 il ötür və bizim parlament “Parni iz Baku”dakı səhnəcikdən heç nəylə fərqlənmir.
Anaxeber.info buna misal olaraq xatırladır ki, 22 il qabaq siyasətin “s” hərfindən xəbəri olmayan indiki millət vəkili Adil Əliyev “kəndlilər işləmək istəmir, deyirlər ki, neft var, bizə də pulu verilsin” söyləyir.
Onun həmkarlarından Aqil Abbas və Hadı Rəcəbli isə Adil Əliyevdən fərqli olaraq, kəndliləri yox, müəllimləri soğan əkməyə, bənnalığa, daş daşımağa çağırır.
Düzdür, əyalətlərdə yerli icra başçıları onsuz da müəllimlərə, həkimlərə küçə süpürdür, pambıq yığdırır, daş daşıdırlar.
Lakin bunu bir də millətin vəkillərindən eşidəndə 22 il qabaq qara yumorla tənqid edilən Milli Məclisin bu gündən heç nə ilə fərqlənmədiyinə şahid olursan.
Ona da şahid olursan ki, millətin vəkili mandatını daşıyan Adil Əliyev neftin rəiyyətə, kəndçiyə aid olmadığını demək istəyir.
Demək istəyir ki, bu yeraltı sərvət yalnız yerin üstündə üstün həyat yaşayan yuxarılarındır, qoy kəndçi gedib mal-qarasını otarsın.
Hərgah, onun bu fikirlərinin prezidentin kənd təsərrüfatı naziri İnam Kərimovu təyin edərkən görmək istədiklərindən ciddi fərqi var.
İndi müasir dövrdü və KTN rəhbərliyi aqrar sektorda innovativ islahatlardan, inkişafdan, müasir texnikanın tətbiqindən danışır.
Yəni, hörmətli Adil Əliyev bilməlidir ki, indi neft ölkəsinin fermeri ən son model texnika ilə təmin olunmalıdır, azot, gübrə, kombayn çatışmazlığı yaşamamalıdır, suvarma, artezianı Əhmədzadənin rüşvətxor idarə müdirlərindən pulla almamalıdır. Axı biz neft ölkəsiyik?!
Görəsən, Bakıdan səfirliyini Tiflisə köçürən neft ölkəsi Norveçdə də kəndliyin orta əsrlərin kotan, xışı ilə təchiz ediblər? Görəsən, neft ölkəsi Norveçdə də parlamentin üzvü deyir ki, kəndçi işləmək istəmir, neftdən pul gözləyir? Sizcə deyirmi? Deməz, desəydi səfirliyin Bakıda saxlayardı.
Məlumat üçün bildirək ki, Norveç dövləti neft gəlirlərinə toxunmur və bu kapitalı gələcək nəsillər üçün saxlayıb.
Çünki korrupsiyadan uzaq bu sivil, cənnət ölkəsində qeyri-neft sektoru o səviyyədə inkişaf edib ki, əhalinin neft pullarına ehtiyacı yoxdur.
Sizcə hörmətli Adil Əliyevin səfər etdiyi Almaniyada bundestaqın üzvlərindən də kimsə alman fermerinin işləmək istəmədiyini, gözünü enerjiyə dikdiyini söyləyib?
Xeyr, Adil müəllim, bu ölkədə gözünü neftə dikən varsa, o da, onun pullarını havaya sovuran da, talayan da, bu sərvətin puluna özünə milyardlıq bizneslər, malikanələr quranlar da kəndçilər deyil, sizin müdafiə etdiyiniz hakim qüvvələrdir.
Azərbaycanda heç vaxt kəndli işləmədən neft gəlirini tələb etməyib. Zatən haqqını tələb etsəydi, bu ölkədə fəhlə-kəndli sinifi belə yaşamazdı, axı siz də reallığı bilirsiniz, hörmətli Adil müəllim...
Bax, bizim deputatlarımız belədirlər, 22 il geridə qalıblar, 22 ildə bircə dəfə aşağıdan yuxarı baxmayıblar, birdən boyunları ağrayar, həmişə aşağılara aşağı deyiblər, aşağı gözlə baxıblar. Heç nə dəyişməyibmiş, neft ölkəsi Norveçdən fərqli olaraq...
Əksinə, bəlkə də 1996-cı ildə bizim parlamentin tərkibi daha mütərəqqi fikirli deputatlardan formalaşmışdı.
Axı söhbət təkcə A.Əliyevdən getmir. Hüseynbala Mirələmovu xalqa az yeməyi tövsiyə edir, Bahar Muradova yorğana görə ayaq uzatmağı məsləhət bilir.
Görəsən, deputatlar, məmurlar, bu hakimiyyətin nümayəndələri nə vaxt yorğana görə ayaq uzadacaqlar? Onların ayağı çoxdan yorğandan çıxıb, kim bilir hara qədər uzanıb...
Urvatsız şəkildə dünyadan gedən deputat Astan Şahverdiyev də xalqa “otxod” deyərkən, Tahir Kərimli Cümhuriyyətin yadigarı olan himni dəyişməyi təklif edərkən millətin heysiyyatına toxunduqlarını gec anladılar.
Eləcə də kəndlinin haqqında dediklərinə sonradan düzəliş edən Adil Əliyev başa düşdü ki, ictimai rəy var, ona qarşı getmək olmaz, xalqın dəyərlərinə, heysiyyatına toxunmaq, kasıb, yoxsul əhalini qıcıqlandırmaq yol verilməzdir.  
Anaxeber.info
Turan 
Tarix: 19-11-2018, 09:34
Xəbəri paylaş





Xəbər lenti