Nazirlik-restoranlar davasında 3-cü tərəf: “Buna azı 3 il lazımdır” / Müsahibə



"5-120 min manat xərc tələb edən proses"
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təmizləyici qurğuların quraşdırılması üçün ictimai iaşə obyektlərinə verdiyi vaxt  noyabrın 1-də başa çatıb. Nazirlik ictimai iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmalı olduğu barədə xəbərdarlığı isə may ayında elan edilib. ETSN noyabrın 1-nə qədər təmizləyici qurğular quraşdırmamış şadlıq sarayları və restoranların bağlanması üçün məhkəməyə də müraciət etməyə başlayıb. Məlumdur ki, təkcə Bakıda 600-ə qədər şadlıq sarayı və restoran var. Bəs bir ictimai-iaşə obyektində təmizləyici qurğunu quraşdırmaq üçün hansı həcmdə maliyyə vəsaiti və vaxt tələb olunur? Bu sahədə fəaliyyət göstərən şirkətlərin potensialı nəzərə alınsa, Azərbaycanda bütün şadlıq sarayları və restoranlarda bu qurğuların quraşdırılması üçün nə qədər vaxt tələb olunur?
 
Bu yöndə BakuPost-un suallarını təmizləyici qurğuların Azərbaycana gətirərək, quraşdırma işlərini həyata keçirən əsas şirkətlərdən biri - "RBA Lab” MMC-nin direktoru Asəf Babazadə cavablandırır:



 
- Şirkətiniz ictimai iaşə obyektlərində hansı ölkənin istehsalı olan təmizləyici qurğu quraşdırır? 

- Tüstü filtrləri cənab prezidentin göstərişi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərarı əsasında manqalları olan şadlıq sarayları, restoranlar və digər ictimai iaşə obyektlərində quraşdırılır. Biz də tüstü filtrlərinin quraşdırılması sahəsində fəaliyyət göstəririk. Biz Türkiyə istehsalı olan məhsullardan istifadə edirik. Azərbaycanda bu sahədə yerli istehsal yoxdur. Olsa da, bu, kustar üsulla hazırlanır və mövcud standartlara cavab vermir. Ona görə də biz bu sahədə daha təcrübəli ölkə seçmək məcburiyyətində qaldıq. Bu da qardaş Türkiyədir. Şirkətimiz tərəfindən bir neçə obyektdə  təmizləyici qurğular quraşdırılıb, hazırda da bir neçə obyektdə, şadlıq sarayında təmizləyici qurğular quraşdırırıq. 

- Hazırda Azərbaycanda tüstü filtrlərinin quraşdırılması ilə məşğul olan neçə şirkət var? 

- Bu barədə suala Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları daha dolğun cavab verə bilər. Məncə, bu sahədə 15-ə qədər şirkət var. 

- Orta hesabla bir restoran üçün tüstü filtrinin quraşdırılması hansı qiymətə başa gəlir? 

- Orta qiymət demək yanlış olardı. Çünki burada restoranın manqalının ölçüsü, bacasının quruluşu və digər amillər var. Bunların hamısı nəzərə alınaraq qiymətlər müəyyənləşir. Ona görə də hər restorandan restorana qiymətlər dəyişir. 

- O halda bir şadlıq sarayı, restoran üçün minimum və maksimum qiymət hansı aralıqdadır? 

- Manqalın ölçüsündən asılı olaraq ictimai iaşə obyektlərində tüstü filtrinin quraşdırılmasının qiyməti 5 min manatdan 20, 30 min manata qədər dəyişə bilər.  

- Tutaq ki, bir şadlıq sarayı, restoran tüstü filtri quraşdırmaq istəyir. Sizin şirkətə sifariş verəcəyi halda, tüstü filtrinin Türkiyədən gətirilmə müddəti də nəzərə alınmaqla,  hansı müddətdə həmin obyektdə quraşdıra bilərsiniz? 

-  Məhsul anbarda əl altında olmadığı və hər bir şadlıq sarayının, restoranın spesifik xüsusiyyətləri olduğu üçün hər bir şadlıq sarayı, restoran üçün xüsusi avadanlıq yığılır. Çünki Türkiyədə olan restoranlarla Azərbaycanda olan restoranları qarışdırmaq olmaz. Türkiyədə gün ərzində restoranda bir dəfə manqala maksimum 15-20 şiş qoyulur. Azərbaycanda isə eyni anda manqala 200 şiş birdən qoyulur. Xüsusi ilə də tüstünün çıxması əsasən lülə kabab bişirilən zaman olur. Çünki lülə kababda yağlılıq daha çoxdur və təbii olaraq, buna görə də daha çox tüstü çıxır. Buna görə də biz həmişə ölçünü götürəndə maksimumla hesablayırıq. Yəni normal halda daha aşağı həcmli təmizləyici qurğu quraşdırmaq mümkündürsə, lülə kababın bişməsi anı pik nöqtə olduğu üçün pik nöqtəni nəzərə alaraq, müştərilərimizə daha böyük həcmli təmizləyici qurğular təklif edirik.

Təmizləyici qurğu hər restoran üçün spesifik olaraq hazırlandığına görə müəyyən zaman tələb edir. Təmizləyici qurğunun hazırlanması və sınaqdan keçirilməsi, daşınması və gömrükdən keçməsi  orta hesabla 30-40 gün çəkir. Türkiyədəki standart ölçünü gətirib buradakı ictimai iaşə obyektlərində quraşdırmaq əlavə problemlərin yaranmasına gətirib çıxara bilər. Çünki manqallarla bağlı Türkiyədəki standartlarla Azərbaycandakı standartlar tamamilə fərqlidir. Təmizləyici qurğunun ölkəyə gətirilməsi, quraşdırılması və tamamilə istifadəyə verilməsi ümumilikdə 2 aya qədər çəkə bilər. Çünki quraşdırma zamanı xüsusi mühəndis hesablaması lazım gəlir və bu da 5-6 gün çəkə bilər. Bu, elə bir proses deyil ki, bir həftəyə tam yekunlaşsın. Həmin təmizləyici qurğu sizin şirkətdə olsa belə, onu quraşdırıb təhvil verənə qədər müəyyən zaman keçəcək. Təmizləyici qurğunu gətirib, kanalı çəkib birləşdirməklə iş bitmir. Çünki onun quraşdırılması xüsusilə ağır bir prosesdir. Xüsusi mühəndis hesablamaları lazımdır ki, gələcəkdə problemlərin yaranması riski minimuma endirilsin. Kimsə gətirib tez təmizləyici qurğunu  ictimai iaşə obyektinə qoya bilər. Amma bir həftədən sonra yaranacaq problem həm restoran, həm də həmin təmizləyici qurğunu quraşdıran şirkət  üçün əlavə işdir.  Yəni təmizləyici qurğunun quraşdırılması 50 gün, 2 ay davam edir. Kimsə deyirsə ki, gətirib birbaşa təmizləyici qurğunu quraşdırdım, heç bir problem yoxdur, o adama inanmayın. 

Yeri gəlmişkən, bu gün ən çox təklif edilənlərdən biri də elektrostatik filtrlərdir. Nəzərə alınmalıdır ki, elektrostatik filtrin qiyməti həddən artıq böyükdür. Müştəri həmişə ucuz varianta qaçır. Ancaq ucuz və keyfiyyətli məhsul tam başqa məsələdir. Həm də elektrostatik filtrlərin də öz problemi var. Hər ay filtr dəyişməlidir, karbon filtrlər isə hər ay yuyulmalıdır. Üstəgəl, elektrostatik filtrlərin hər ay böyük elektrik enerjisi sərfiyyatı var. Elektrostatik filtrlər quraşdıranlar hər ay o filtrlərin elektrik enerjisi təminatı üçün 500 manat xərc çəkəcəklər.    

- Elektrostatik filtrlərin qiyməti necədir? 

- Elekstatik filtrlərin qiyməti 100-120 min manata qədər ola bilər. Çox az şadlıq sarayı, restoran var ki, elektrostatik filtrlər quraşdırır. Bu gün sulu karbon filtrlərə tələbat daha çoxdur. Mən müştərilərə elektrostatik filtrlər də təklif etmişəm, ancaq bunu qəbul edən olmayıb. Hamısı xərci az olan avadanlıqları almağa can atır. Sulu karbon filtrində tüstünün təmizlənməsi 3 mərhələdən - metal, su və  karbon filtrlərindən keçir. Bu mərhələlərdə tüstünün kifayət qədər təmizlənməsi gedir. Bunun üçün xüsusi olaraq elektrostatik filtrdən istifadə edilməsi zəruri deyil və elektrostatik filtrlərdən istifadəni məcburi hal kimi tətbiq etmək də düzgün olmazdı. Məsələn, zavodlara elektrostatik filtrlər quraşdırılması ehtimalı demək olar ki, yoxdur. Zavodların bir gündə buraxdığı tüstünü heç Bakıdakı şadlıq saraylarının hamısı bir ayda buraxa bilmir. Gələcəkdə filtrlərin quraşdırılması yəqin ki, zavodlara da tətbiq olunacaq.   

- Təmizləyici qurğuların quraşdırılmalı olduğu barədə göstəriş may ayında verilmişdi. Siz də ölkədə təmizləyici qurğular quraşdıran 15-ə qədər şirkət olduğunu bildirdiniz. Sizin hesablamalarınıza görə, bu 15 şirkət indiyə qədər neçə ictimai iaşə obyektində filtr quraşdıra bilərdi? Məsələn, sizin şirkət neçə obyektdə filtr quraşdırıb? 

- Bizim şirkət indiyə qədər 40 restoran və şadlıq sarayında təmizləyici qurğu quraşdırıb. 
 
- 15 şirkət ötən müddətdə bütün gücünü ortaya qoysaydı, necə şadlıq sarayı və restoranda təmizləyici qurğu quraşdıra bilərdi? 

- Öncə onu deyim ki, bu məsələdə  təmizləyici qurğular quraşdıran şirkətləri günahlandırmaq olmaz. Çünki bu barədə qərar may ayında, məcburi göstəriş sentyabrın 1-dən verilib. Toy mərasimlərinin olmadığı Məhərrəmlik ayı isə sentyabrın 11-də başlamışdı. Hətta elə ictimai iaşə obyektləri var ki, Məhərrəmlik ayı çıxan ərəfədə gəlib təmizləyici qurğular quraşdıran şirkətlərlə müqavilə bağlayıb. Burada şadlıq sarayı və restoran sahiblərinin də məsuliyyətsizliyi məsələsi var. Çünki mayda bu qərar verilib, daha sonra isə xəbərdarlıqlar olunub. Ancaq şadlıq sarayları və restoran sahibləri buna ötəri bir məsələ kimi yanaşıblar. Sonradan görəndə ki, ötəri, keçici bir məsələ deyil, əl-ayağa düşüblər, təmizləyici qurğuların quraşdırılması prosesinin sürətləndirilməsinə çalışırlar.  Ancaq bu işlə məşğul olan hansı şirkətə müraciət etsələr, onlara bildiriləcək ki, 2 günə mal tələb etmə. Çünki bu təmizləyici qurğunu Azərbaycanda  kustar üsulla yığan halda belə ən azı 2 həftə vaxtını aparacaq. Bu mal xarici ölkədən gətirilib quraşdırılan halda isə 2 aya qədər çəkəcək. Yəni bu, uzun bir prosesdir. Əslində, təmizləyici qurğuların quraşdırılması barədə məcburi və zəruri göstəriş çox vacib, təqdirəlayiq  və lazımi bir addımdır.  Çünki ictimai-iaşə obyektlərinin tüstüləri Bakının ekologiyasına ciddi zərbə vurur. Bu problemin aradan qaldırılması üçün təmizləyici qurğular quraşdırılmalıdır. Hətta bu addım daha öncə atılmalı idi.

Tək Bakı deyil, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərini və digər rayonları nəzərə alsaq, təmizləyici qurğuların quraşdırılması 1-2 ayla yekunlaşacaq proses deyil. Bütün ictimai iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılması ən azı 3 il vaxt aparacaq. 

- Təmizləyici qurğulara dövri xidməti də nəzərə alsaq, Azərbaycanda həm də yeni bir xidmət sahəsinin yarandığını demək olar? 

- Bəli, ölkədə şirkətlər üçün yeni bir xidmət sahəsi yaranır. Bu, işsiz vətəndaşlar üçün də yeni bir iş sahəsidir. Bu gün bu sahəni bilən işçilərə kifayət qədər böyük tələbat var.
 

Nigar

Tarix: 25-11-2018, 16:04
Xəbəri paylaş





Xəbər lenti