Möcüzə iqtisadiyyatı


 

“Kitablar və filmlərdən gələn klişelər elə güclüdür ki, hətta Fransanı canlı görmək də bunu dəyişmir. Kitablardakı yox, əsl Fransa başqa ölkələr kimi darıxdırıcı bir yerdir, burda adamlar sevgi, macəra, mistika ilə yox, vergilər, daşınmaz əmlak və benzinin qiyməti ilə maraqlanırlar”

(Boris Akunin, “Qəbristanlıq əhvalatları”) 

Neftin qiyməti keçən ilin oktyabrındakı səviyyəyə düşübmüş. Dünyada neft istehsalından asılı ölkələr bundan narahatdır, yalnız bizdən başqa. Bunun iqtisadi səbəblərini anlamaq çox çətindir, demək olar faktiki mümkün deyildir. Bəlkə də haçansa azərbaycanlıların dolanışıq modelini araşdıran adama iqtisadiyyat üzrə Nobel ödülü verəcəklər.

Özünüz baxın: dövlət büdcəsinin az qala hamısı neft sektoru hesabınadır, eyni zamanda bizdə qeyri-neft sektoru da inkişaf edir. Hələ üstəlik regionda ən böyük hərbi büdcəmizin olmasıyla fəxr edirik. Bəs buna pulu hardan tapırıq - böyük sirrdir. Buna gizli iqtisadiyyat da demək olmur, bu nəsə tamam ayrı bir şeydir. Örnək üçün, görürsən hansısa məmuru, generalı, bankiri, deputatı, rektoru-filanı işdən çıxardırlar. Bunun rəsmi maaşıyla uzağı Əhmədlidə qaraj almaq olar, o da yeməyib-içməyib 200 il pulu yığsa. Ancaq baxırsan qardaşımızın (bacımız da ola bilər - şəraitdən asılıdır) 7 yerdə villası, 77 yerdə obyekti, şadlıq sarayı, moykası, restoranı, torpaq sahəsi, dağı, şəlaləsi, zirvəsi, gölməçəsi, iti, pişiyi, dinozavr sürüsü və sairə aşkara çıxdı. Saxladığı müğənnilər, rəqqasələr, arvadlar, məşuqələr isə bir yerə toplaşsalar sanarsan ərəb şeyxi ailədaxili iclas keçirdir. Ortaya sual çıxır ki, bəs biz niyə indiyə qədər bunları bilmirdik. Əlsində tam olaraq “bilmirdik” demək olmaz. Bilirdik. Ancaq hər halda bu qədərini bilmirdik. Misal üçün, bilirdik ki, Filankəs müəllimin 2 şadlıq sarayı var. Amma 6 dənəsi çıxır.

Eyni şey bütün uca millətimizə aiddir. Ən yetim azərbaycanlını da sıxsan hardansa, hansısa cibindən Afrika ölkəsi Cibuti-nin ÜDM-i qədər vəsait çıxardacaq. Mənbəyini soruşsan, hərəyə bir söz uyduracaq. Birinə deyəcək Rasiyadan göndəriblər. O birinə deyəcək həyətdə tualet yeri qazanda qızıl tapmışam . Üçüncüsünə daha maraqlı olsun deyə fantaziya gücüylə bir nağıl uyduracaq, misal üçün, deyəcək babam Məmmədnəsir kişi almanlarla müharibə vaxtı Berlində Hitlerin xəzinəsini ələ keçirmişdi. Ancaq sizi inandırım, çox vaxt camaat heç özü də bilmir bu vəsait, sərvət hardan çıxdı. Bizim ölkənin altı-üstü, böyrü-başı, yeri-göyü doğrudan da qızıldır. Möcüzə ölkədir. Əlini sal qoltuğuna, bir çamadan pul çıxsın. Sehrbaz kimi millətik.

Hökumət də bunu qəşəng bilir, ona görə iş yerlərini bağlaya-bağlaya, qiymətləri qaldıra-qaldıra, təpəmizə şapalağı endirə-endirə getməkdədir. Çün, bizim istənilən dəyirmanın gözündən diri çıxacağımızı bilirlər. Səbir kasamızın dibi yoxdur. Bıçağın sümüyə dirənməsi üçün gərək millətin ilk növbədə sümüyü olsun. Biz isə onurğasızlara aidik. Sümüksüz camaatıq. Müasir dünyada kefin istəsə bunu elastiklik, çeviklik tərzi saymaq olar. Sümüksüz ət daha bahalıdır. Daha qiymətlidir.

Odur, baxın, Fransada hökumət dizel və benzinin qiymətində yüngülvari artıma gedib, camaat Parisi partladır. Hər yerdə küçə nümayişləri, mitinqlər keçirilir. Çünki əfəl millətdir bu fransızlar. Dözümsüz, səbirsizdirlər. Əhalinin istirahət hüququnu pozurlar. Keçmiş polis rəisimiz Nazim Nağıyev demişkən, “çimənliyi tapdayırlar”. Mən dünən bu fransızların mitinqlərinə xeyli baxıb, güldüm. Təsəvvür elə, etirazçı polisin yanında dayanıb intervü verir. Polis isə onu döymür. Mitinqçilər yolu bağlayıb rəqs edirlər, polis isə onları dağıtmaq yerinə, onların üstünə maşın sürən sürücünü qulaqlayıb aparır. Toy karvanı aksiya meydanına gəlir, gəlin düşüb etirazçılara qoşulub oynayır. Çoxlu belə əcaib mənzərə vardı. Heç bir yerdə mülki formada “ə, bını bas maşına” deyən idmançı gənclər də gözə dəymirdi. Belə də ölkə olar? Napoleon bu qanacaqla dünyanı tutmuşdumu, inanmağım gəlmir. Misal üçün, elə dünən 25 noyabr bizdə gözəl formada yerlə bir olmuş etiraz aksiyasının ildönümü idi. Yadıma gəlir, nə qədər adamın ayaqqabısı “Qələbə” kinoteatrı önündə qalmışdı. Fransız aksiyaçılar isə Qələbə tağının qabağında polislə mırtdaşırdılar.

Zamin HACI
Tarix: 26-11-2018, 09:12
Xəbəri paylaş





Xəbər lenti