Düşmən ölkədə seçki isteriyası - Paşinyana qarşı “torpaqları verəcək” ittihamı


Ermənistanın baş nazir əvəzinin əleyhinə başlayan kampaniyanın əsası varmı, ABŞ Qarabağla bağlı hərəkətə keçib, yoxsa? Politoloq deyir ki...

Nikol Paşinyan hakimiyyətə gəldiyi gündən əleyhdarları onun Qarabağı Azərbaycana qaytarmaq üçün gəldiyi barədə iddialar səsləndirirlər. Baxmayaraq ki, Paşinyan bir sıra hallarda daha radikal mövqeyi ilə hətta sələflərini də kölgədə qoyur, amma yenə də ona qarşı ittihamlar səngimir.

Hazırda Ermənistanın növbədənkənar parlament seçkiləri astanasında olduğunu nəzərə alsaq, ilk baxışda bu cür ittihamların səslənməsi normal görünür. Lakin bu iddiaların intensiv xarakter alması da şübhəli məqamları ortaya çıxarır.  

Bir neçə gün əvvəl Paşinyanın rəhbəri olduğu “Mənim Addımım” Blokunun nüfuzlu üzvü Sasun Mikaelyanın aprel inqilabının Qarabağ müharibəsindəki qələbədən yüksək olduğunu iddia etməsi bu bloka qarşı hücumları gücləndirib. “Sasun Mikaelyanın Qarabağ haqqında dedikləri Nikol Paşinyanın yerinə yetirdiyi siyasi proqramın əsl üzüdür”.

Bunu jurnalistlərə açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan deyib. “Sasun Mikaelyan Nikol Paşinyanın icra etdiyi proqramı dilə gətirdi. Yəni hakimiyyət qarşılığında Qarabağ... Sasun Mikaelyan indiki hakimiyyətin siyasətini dilə gətirdi. Bu rejimdən tez bir zamanda xilas olmaq lazımdır. Onlar Qarabağa Azərbaycandan daha böyük təhdiddirlər. Paşinyan çalışacaq ki, Qarabağda güzəştlər qarşılığında xarici legitimlik qazansın”, - deyə o bildirib (axar.az). O, yeni seçkinin yaxşı heç nə ilə nəticələnməyəcəyini deyib: “Ermənistandakı seçkinin nəticəsi daxili siyasi stabilliyi bərpa etməyəcək. Ən yaxşı halda seçkinin nəticələri müvəqqəti siyasi mozaika yaradacaq. İki-üç ay sonra tamam başqa görüntü olacaq”.

Tavuş vilayətində təşkil etdiyi mitinqdə çıxışı zamanı Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan “Biz Qarabağı satmayacağıq” deyib. “David Şahnazaryan deyir ki, biz Qarabağı vermək üçün hakimiyyətə gəlmişik. Mən indi emosional bəyanatlar vermək istəmirəm. Faktlara əsaslanan bəyanat verirəm. Bizim hökumət və mən Ermənistanın ilk rəhbərliyik ki, Ermənistan hökumətinin Qarabağ konfliktini həll edə bilmədiyini qeyd edir və bunu xalqın həll etməli olduğunu deyirik. Əgər xalq üçün qəbuledilən təklif səslənsə, mən bunu xalqa təqdim edəcəm və xalq qərar verəcək. Respublikaçılar Partiyası bizi Qarabağı satmaqda ittiham etməklə xalqı ittiham edir. Bunu Serj Sərkisyanın rəhbərliyi ilə Qarabağı vermək siyasəti aparan partiyanın nümayəndələri deyirlər”, - deyə o bildirib.

Göründüyü kimi, ermənilər Paşinyanı ən müxtəlif formada şantaj edirlər, onun Qarabağı qaytarmağa hazırlaşdığını bildirirər. Xüsusilə də bu iddiaların ABŞ-ın yüksək çinli diplomatı Con Boltonun bölgəyə səfərindən, İrəvandakı çıxışından sonra daha da artıb. Bolton da İrəvanda ermənilərə demişdi ki, Ermənistanın taleyi Qarabağ məsələsinin həllindən asılıdır. Ola bilərmi ki, ABŞ Qarabağla bağlı hansısa proses başladır? Məsələn, bir sıra hallarda iddialar səslənir ki, ABŞ Azərbaycanın işğaldakı İranla sərhəd rayonlarını azad etmək üçün hərəkətə keçib. Azərbaycanın Ermənistana seçki keçirməyə imkan tanıması da hansısa planın olduğu şübhəsi yaradır. Bəs Paşinyan da Qərbdən dəstək almaq naminə bu plana razılaşa bilərmi?

Ä°lgili resim

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan var gücü ilə parlament seçkilərinə hazırlaşır: “Bu məqsədlə o, baş nazir postundan istefa verib. Paşinyan seçkidə tam qələbə çalmaq üçün daha bir gediş edib. O, köhnə günlərini xatırlayaraq tərəfdarları ilə təxminən 37 kilometrlik yürüşə üstünlük verib. Bu, çox hiyləgər gediş idi. Paşinyan bu yürüşlə xalqdan biri olduğunu göstərməyə çalışdı. Digər tərəfdən, yürüşün məqsədi o idi ki, Paşinyan 6 ayda iki məqsədindən birinə nail olduğunu vurğulamış oldu. Bu korrupsiya ilə mübarizənin geniş vüsət almasıdır. Paşinyan yürüş vasitəsilə tərəfdarlarına başqa bir mesaj yolladı. Paşinyan gələcək baş nazir kimi iqtisadi islahatları dərinləşdirəcəyini vəd etdi. Yəni Paşinyan demək istədi ki, 6 ayda iqtisadi islahatları başlada bilməyib, buna gücü çatmayıb, növbədə mərhələdə məhz iqtisadi problemlərin həlli ilə məşğul olacaq”.

Politoloq hesab edir ki, Paşinyanın Qarabağ münaqişəsinin həlli istiqamətində baxışı dəyişməyib: “O, rəsmi Bakının İrəvanla yanaşı, Qarabağ separatçıları ilə danışıqlar aparması vacibliyini vurğulamaqda davam edir. Bu, Paşinyana ona görə lazımdır ki, guya Ermənistan hakimiyyəti separatçıların rəyini nəzərə almadan addım ata bilməz. Əslində Paşinyan separatçıların ”Qarabağ klanı" ilə birləşib onu devirmək istədiyindən qorxur. Ona görə münaqişənin həllinə görə məsuliyyəti separatçıların üzərinə atır. Paşinyan yalandan onu da deyir ki, guya keçmiş prezident Serj Sərkisyan Azərbaycanla razılığa gəlməyə hazır imiş və bu zaman Qarabağ ermənilərinin rəyi nəzərə alınmayacaqmış. Tam tərsini bu gün Paşinyana müxalifətdə olanlar deyirlər. Paşinyana müxalif olanlar məhz onun seçkidən sonra Azərbaycanla razılaşacağını iddia edirlər. Azərbaycanla razılaşma o deməkdir ki, Paşinyan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacaq. Nə birinci, nə də ikinci həqiqətdir".

E.Şahinoğlu hesab edir ki, Ermənistanda hakimiyyətdə kim olursa-olsun, Dağlıq Qarabağ məsələsində Azərbaycanla razılığa gəlməyə hazır deyil: “Çünki hakimiyyətdə olan şəxs düşünür ki, Azərbaycanla razılığa gəlmək daxildə hakimiyyəti, hətta həyatı itirmək təhlükəsi deməkdir. Misal üçün, Paşinyanın özü 1990-cı illərin sonuna qədər Azərbaycanla sülhün tərəfdarı olub. O, bu haqda yaxın ətrafındakılara da deyirdi ki, Ermənistanın iki qonşusu - Azərbaycan və Türkiyə ilə barışması vacibdir. ”Bu olmadan Ermənistan inkişaf etməyəcək" deyirdi. Ancaq Paşinyan deputat seçilən kimi sülhpərvər fikirlərindən daşındı. Çünki hakimiyyətdə bu sözlərin ona baha başa gələcəyini düşündü. Biz bilməliyik ki, Ermənistanda heç bir prezident və ya baş nazir öz xoşu ilə Azərbaycanla sülh sazişi imzalamayacaq. Ermənistanın daxili konyukturası buna imkan vermir. Odur ki, biz Ermənistanı sülhə məcbur etməliyik. Bunun yolları bəllidir. Hərbi təzyiqi artırmalı, müxtəlif dövlətlərdən hərbi sursat və texnikanın alınması siyasətini davam etdirməliyik. Düşmənin itkiləri artmalıdır ki, işğalın ona baha başa gəldiyini anlasın. Başqa alternativimiz yoxdur. Ermənilər öz xoşlarına Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaqlar".

“Atlas” rəhbəri bildirdi ki, ABŞ Ermənistandakı prosesləri diqqətlə müşahidə edir: “Vaşinqton Gürcüstan və Azərbaycanın siyasətindən razıdır, hər iki dövləti özünün strateji tərəfdaşı sayır. Vaşinqton Ermənistanın Rusiya və İrandan asılılığından narazıdır, Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmasını istəyir. Amerikalı rəsmilər və diplomatlar İrəvana açıq deyirlər ki, bunun üçün Ermənistan Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Buna baxmayaraq, Vaşinqton bu məqsədlə Paşinyana təzyiq etmir və etməyəcək. Ancaq o da aydındır ki, Ermənistan işğalçı siyasətinə qon qoymayınca Qərb ölkələrindən böyük yatırımlar əldə edə bilməyəcək. Heç bir dövlət iki qonşusu ilə münaqişə içərisində olan dövlətə yatırım qoymaz”.

Tarix: 29-11-2018, 09:34
Xəbəri paylaş





Xəbər lenti