Tahir Kərimli yenə danışdı, spiker reaksiya verdi:“Əhliman müəllim, deyəsən, dərmanın dozası çox olub”



Milli Məclis plenar iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik layihəsi geniş müzakirələrə səbəb olub.

Siam.az musavat.com-a istinadən bildirir ki, deputat Tahir Kərimli sənəddə “effektiv” sözünün “səmərəli” sözü ilə əvəzlənməsini təklfi edib: “Biz gəlin, dilimizə hörmət edək. Əgər biz özümüz özümüzə hörmət etməsək, heç kim bizə hörmət etməyəcək. Bu dil bizə ata-babalarımızdan qalıb. Biz də bu dilin saflığının qorunması üçün əlimizdən gələni etməliyik. Təklif edirəm ki, parlamentdə dil monitorinq mərkəzi yaradılsın. Qanun layihələri cənab prezidentə təqdim olunmazdan əvvəl həmin mərkəzdə baxılsın”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev isə deputatın çıxışına münasibət bildirdi: “Tahir müəllim, burada nəzərdə tutulan “effektiv” sözü tibbi bir anlayışdır”.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə bildirdi ki, dünyada qəbul olunmuş tibbi terminlər var və onların Azərbaycan dilinə tərcüməsi mümkün deyil. Spiker Oqtay Əsədovun müzakirələrə reaksiyası maraqlı oldu: “Əhliman müəllim, deyəsən, dərmanın dozası çox olub. Qanun layihəsinin mahiyyəti qalıb bir kənarda, hamı dilin qorunmasından danışır. Birincisi, biz dilimizi qorumalıyıq, bəli, bu, ən vacib məsələdir. Mən və parlament rəhbərliyi də dilin qorunmasının tərəfdarıyıq. Dilin qorunması ilə bağlı hər hansı monitorinq qrupunun yaradılmasına ehtiyac yoxdur. Biz özümüz bununla məşğul oluruq. Bu məsələ ilə gələcəkdə də məşğul olmaq lazımdır. Amma xahiş edirəm, gündəliklə bağlı məsələlərə münasibət bildirək”.

Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov isə deputat Tahir Kərimlinin dilçiliklə bağlı qaldırdığı məsələyə reaksiya verib. Dedi ki, dilin qorunması ilə bağlı qaldırılan fikirlə hamı razıdır.

Tarix: 30-11-2018, 15:59
Xəbəri paylaş





Xəbər lenti