Qərbin və Kremlin inandığı “rus ordusunun sarsıdıcı gücü” barədə mif Ukrayna torpaqlarında buxarlandı

Qərbin və Kremlin inandığı “rus ordusunun sarsıdıcı gücü” barədə mif Ukrayna torpaqlarında buxarlandı
Qərb rus ordusunun bərbad potensialının zəifləməsini müşahidə etməkdən həzz alır
 
Rusiya və Ermənistan mifləri eyni “mətbəxdə” hazırlanır
 
Rysiya-Ukrayna müharibəsinin 11-cu gününün ilk yarısına olan nəticələrə  görə rahatlıqla deyə bilərik ki, Rusiya Baş qərargahının planlaşdırdığı “Blitskiq” və ya ildırımsürətli müharibə hər keçən gün daha ciddi itkilərlə iflasa uğrayır. Kremlin  işğalçı qoşunlarını 2014-c ildəki kimi Ukrayna ordusunun  müqavimətini asanlqla yara bilmir, bəzən isə əksini müşahidə edirik.  
Rusiya beyin mərkəzlərinin və bəzi hərbi strateqlərin bir həftəyə qədər Ukrayna Silahlı Qüvvələrinin tam darmadağın olması barədə proqnozları özünü doğrultmur, bəzən isə Ukrayna Ordusu uğurlu əks hücumlar keçirir, düşmən karvanlarının hərəkət marşrutlarında pusqular qurur, məhdud HHM sistemləri ilə orta və aşağı yüksəklikdə uçan Rusiya hava hücum vasitələrini məhv edir. İlk dəfə Rusiyanın “Kalibr” qanadlı raketlərinin döyüşdə məhv edilməsi də Ukrayna Ordusunun nailiyyətləri arasındadır. Ukrayna xalqı və Silahlı Qüvvələri müharibənin ilk günlərində Zelenskinin ətrafında sıx birləşdi və Prezident siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlardan inanılmaz dəstək aldı. Ukraynada dünyanın heç bir yerində rast gəlmədiyimiz unikal hadisə izləyirik: Mülki Ukrayna vətəndaşları, onların arasında ruslar da az deyil, işğalçıların ələ keçirdiyi şəhər və kəndləri tərk etmirlər. Silahsız insanlar belə düşmənə qarşı inanılmaz cəsarət və möhkəm iradə nümayiş etdirirlər. Meydanlara çıxan yerli əhali rus işğalçılara üzünə qarşı bir batman bal ilə həzmi mümkün olmayan ağır ifadələr işlədir. Silahlı rus əsgərlərinə qarşı edilən çıxışların əsas ideyası isə bundan ibarətdir: “Ukraynada kimsə rus əsgərini gözləmir. Evinizə qayıdın”.
 
Eyni mənzərəni 1990-cı ilin 20 Yanvarında Bakıda müşahidə etmişdik. İndi isə bənzərini daha böyük miqyasda Ukraynada izləyirik. Azərbaycandan sonra bütün dünya indi də Ukrayna xalqının cəsarətini heyranlıqla izləyir. Bu fəaliyyətlər işğalçıya qarşı mübarizə aparan bütün xalqlar üçün nümunə hesab oluna bilər.
 
Silahsız Ukrayna xalqının Rusiya əsgərinə qarşı müqaviməti işğalçı kontingenti ruhdan salır və onlar ümidsizliyə düçar olurlar. Çünki Rusiya təbliğat maşını işğalçı ordunun şəxsi heyətini inandırmışdı ki, “Siz Ukrayna xalqını xilas etməyə gedirsiniz. Onlar rus ordusunu duz və çörəklə gözləyirlər”. Amma bu təbliğat müharibənin 3-cü günündən iflasa uğradı. 
 
Bütün dünyanın gözü qarşısında son 10 ildə Kremlin böyük vəsaitlər hesabına yaratdığı çox sayda miflərin hamısı müharibənin ilk on günü ərzində sabun köpüyü kimi dağıldı. Bənzər miflərin dağılmasını Ermənistanda da izləmişdik. 
 
Rusiya ilə bərabər Qərbin də inandığı “rus ordusunun sarsıdıcı gücü” barədə mif Ukrayna torpaqlarında buxarlandı.  
 
Tərifli rus texnikasının sınıq salxaq vəziyyətdə Ukraynanın qaratorpaq ərazilərində batıb qalması, həm karvan tərkibində, həm də döyüşlərə girər-girməz onlarla texnikanın məhv edilməsi, minlərlə rus əsgərlərinin həlak olması, yüzlərlə əsirin hərbi sirrləri əks tərəfə rahatlıqla açıqlaması, İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra sovet, son 30 ildə isə “Qəhrəman rus ordusu” barədə miflər də məhv oldu. Burada eyni təbliğatın, eyni motiv və ideyalar üzərindən Ermənistan tərəfindən də aparılmasını xatırlasaq, o zaman bu miflərin eyni “mətbəxdə” hazırlandığını deyə bilərik. Zelenskinin korrrupsiya bulaşması barədə Kreml nağılları isə dünyada gülüş doğurur. 
 
21-ci əsrdə Azərbaycandan sonra Ukrayna xalqı bütün bəşəriyyət üçün vətənpərvərlik nümunəsi nümayiş etdirir. Çoxları Kremlin ağzı ilə Ukraynanın 1 həftədən sonra təslim olacağına inanırdı. Putinin Ukraynaya hücum edəcəyi və Kiyevi işğal etmək üçün cəmi 96 saat vaxt verməsi məlumdur. Lakin əməliyyatların 11-ci günündə hələ də Kiyevə Ukrayna Silahlı Qüvvələri nəzarət edir. Kiyev  Rusiyanın onlarla elit bölməsi üçün, o cümlədən Çeçenistandan gələnlər üçün məzara çevrildi. Rusiya HHM sistemlərində ciddi çatışmazlıqlara malik Ukraynanın səmasında ciddi üstünlüyə malik olsa da, bunu hərbi obyektlərlə bərabər mülki infrastrukturu, insanları və yaşayış binalarını məhv etmək üçün istifadə edilməsi hələ də cəzasız qalmaqdadır.
 
Putinin genişmiqyaslı işğala qərar verməsindən xeyli əvvəl Ukraynanı faktiki olaraq qurban verən Qərb və NATO-nun həm işğaldan əvvəl, həm də işğaldan sonra qeyri-müəyyən mövqe tutması və bütün baş verən hərbi cinayətlərdən sonra Ukrayna səmasını açıq saxlaması, Qərbin Rusiyadan çəkindiyini və kənardan rus ordusunun bərbad potensialının zəifləməsini
müşahidə etməkdən həzz aldığını  göstərir.
 
Qərb siyasətçiləri yaxşı başa düşürlər ki, onlar böyük əksəriyyətin Ukraynanı dəstəkləyən cəmiyyətin rəyinə laqeyd qala bilməzlər və buna görə də Ukraynaya təkcə maliyyə deyil, həm də hərbi yardımı artırmağa məcburdurlar.
 
Lakin buna baxmayaraq, qərb ölkələri hərbi yardımı mümkün qədər yüngül silahlarla məhdudlaşdırmağa çalışırlar və Kiyevə çox ehtiyac duyulan hətta ikinci əl köhnə döyüş təyyarələrini, həmçinin hava hücumundan və raketdən müdafiə sistemlərini hələ də verməkdən çəkinirlər. Bu isə Rusiyaya havada üstünlüyü saxlamağa imkan verir. 
 
Rusiyanın Ukraynaya yeritdiyi qoşunların peşəkarlardan ibarət olduğunu və onların 90%-dən çoxunun döyüşlərdə istifadə edildiyini nəzərə alsaq, yaxın günlərdə Kreml əməliyyatlar yeatrına yeni qüvvələr daxil edəcəyini gözləməliyik.
 
“Blitskriq” uğursuzluğa düçar olduğu üçün Rusiya Federasiyasının Baş Qərargahı böyük şəhərlərin mühasirəyə alınmasına, tədarük zəncirlərinin kəsilməsinə, Xarkov və Mariupol kimi böyük və eləcə də bir sıra kiçik şəhərlərdə süni ərzaq qıtlığı və aclıq yaratmağa cəhd edir. Buna bəzən də nail olur. Eyni fəaliyyətlər Kiyevi də gözləyir. Sadəcə mühasirə halqası hələ tam daralmayıb. 
 
Rusiyanın məqsədi Ukrayna xalqının və rəhbərliyinin müqavimət iradəsini qırmaq, Türkiyədə gözlənilən danışıqlarda Kiyevi güzəştə getməyə məcbur etməkdən ibarətdir. Nəzərə alsaq ki, zaman artıq hər iki tərəfin ziyanına işləyir, Türkiyə də hər iki münaqişə tərəfi ilə daha isti münasibətlərə malikdir, o zaman Belarusda keçirilənlərdən fərqli olaraq, bu görüşdən hansısa nəticəni gözləməyə dəyər.
 
Ədalət Verdiyev, hərbi ekspert

Tarix: 6-03-2022, 11:54
Xəbəri paylaş





Xəbər lenti