“Rusiya Xarkovdakı konsulluğumuzu vurduğuna görə həm təzminat ödəsin, həm də cavab versin” — AÇIQLAMA


“Rusiya etdiyi vəhşiliklərə görə, bütün dünyadan üzr istəməlidir”.

Bunu Demokrat.az-a açıqlamasında hərbi analitik Üzeyir Cəfərov deyib. Analitik qeyd edib ki, Azərbaycan da Xarkovda yerləşən Baş Konsulluğumuza ziyan vurduğuna görə, Rusiya qarşısında məsələ qaldıra bilər: 

“Hazırda Ukraynada müharibə gedir və rus ordusu tərəfindən yaşayış, qeyri-yaşayış yerlərinə avia zərbələr endirilir. Təbii ki, ötən gün Xarkovda yerləşən Baş Konsulluğumuza da rus ordusu tərəfindən ciddi ziyan dəydi, o cümlədən də konsulluğun əməkdaşının maşını yarasız hala düşdü. Təbii ki, döyüş bitəndən sonra konsulluğun bərpa olunması, dəymiş ziyana görə kompensasiyanın ödənilməsi kimi bütün məsələlər Rusiya tərəfindən həyata keçirilməlidir. Bunun başqa variant yoxdur.



Ümumiyyətlə, Rusiya etdiklərinə görə beynəlxalq məhkəmədə cavab verəcək. Bilirsiniz ki, Rusiya tərəfi artıq Haaqa məhkəməsinə və digər beynəlxalq tribunalara da verilib. Eyni zamanda, Azərbaycana da dəymiş maddi və mənəvi ziyanı görə Rusiya tərəfindən kompensasiya ödənilməlidir. Mən şəxsən onun tərəfindəyəm ki, Azərbaycan bu məsələni sərt qoysun. Biz bir az çox mülayim davranırıq. Başa düşürəm Azərbaycan Rusiya ilə dostluq, tərəfdaşlıq, əməkdaşlıq  saxlayır. Ancaq Rusiyanın etdikləri barbarlıq, vəhşilikdir. Bunlar hamısı insanlıq faciəsidir. Şəxsən istərdim ki, Rusiya buna görə həm təzminat ödəsin, həm də cavab versin”.
Tarix: 7-03-2022, 17:57
Xəbəri paylaş





Xəbər lenti