Putin NATO-nu Ukraynada neçə populyarlaşdırdı?


Hüquq müdafiəçisi Anar Məmmədli
Ötən ilin noyabrında Vladimir Putin NATO-nun Şərqi Avropada hərbi qüvvələri və Ukraynanın bu quruma üzv qəbul edilməməsi də daxil olmaqla 8 maddədən tələb irəli sürdü. Bu tələblərdən üçü beynəlxalq çevrələrdə daha çox müzakirə olunur:
1) Ukraynanın NATO-ya daxil olmasına qadağa, yəni neytral ölkə elan edilməsi,
2) NATO-nun şərq cinahında (Polşa, Baltik ölkələri, Slovakiya, Ruminiya və Macarıstan) bəzi silahların yerləşdirilməsinə məhdudiyyətlər;
3) NATO qüvvələrinin şərqdəki yerləşməsinin 1997-ci ildəki vəziyyətə qaytarılması.
İndi Putinin tələblərini haqlı sayanlar çoxumuzu inandırmağa çalışır ki, NATO şərqə doğru genişlənməsəydi və Ukrayna bu qurumla sıx əməkdaşlıq edib üzvlüyə can atmasaydı, Rusiya prezidenti bu tələbləri səsləndirməzdi. Amma heç kim xatırlamaq istəmir ki, Ukrayana NATO-nun üzvlüyünə məhz Rusiya tərəfindən itələnib və ya sürüklənib.
Tarixi olayalara qısaca nəzərə salaq.
1994-cü ildə ABŞ və Böyük Britaniyanın təzyiqi ilə Ukrayna nüvə arsenalına malik digər iki postsovet ölkəsi– Belarus və Qazaxstanla birgə “Nüvə silahlarının yayılmaması haqqında” razılaşmaya qoşuldu. Bunun əvəzində hər üç respiblika ilə Budapeşt Təhlükəsizlik Təminatı adlı memorandumlar imzalandı. Keçmiş Sovet ittifaqı nüvə arsenalının 3/1 hissəsinə malik Ukrayna bu sənədə görə nüvə silahlarını ya məhv edəcək, ya da Rusiyaya təhvil verəcəkdi. Həmin il bu ölkədə 100-dən çox qitələrarası ballistik raket və 46 ədəd “Molodets” nüvə raketi kompleksi vardı. Bu raketlər də əsasən Qərb ölkələrinə ya onların müttəfiqlərini hədəf almışdı.
Beləliklə, memorandum imzalanır. Və bu sənədi imzalayan ABŞ, Rusiya və Böyük Britaniya aşağıdakı öhdəlikləri götürülər:
1) Ukraynanın müstəqilliyinə və mövcud sərhədlər daxilində suverenliyinə hörmət etmək;
2) Ukraynaya qarşı təhdid və ya güc tətbiqindən çəkinmək;
3) Ukraynanın siyasətinə təsir etmək üçün ona iqtisadi təzyiq göstərməkdən çəkinmək;
4) Ukrayna “təcavüz aktının qurbanı və ya nüvə silahının tətbiq olunduğu təcavüz təhlükəsi obyektinə çevrilərsə” ona yardım göstərmək üçün təcili BMT Təhlükəsizlik Şurasına müraciət etmək;
Təhlükəsizlik təminatının və ABŞ-la imzalanan STAR proqramının müqabilində Ukrayna maliyyə dəstəyi alaraq, nüvə arsenalını azaltmağa başlayır. Ballistik raketlər əsasən Rusiyaya göndərilir. Proses 2002-ci ildə bitir. Hazırda Ukrayanın cüzi miqdarda zənginləşdirlmiş uran ehtiyatının olduğu deyilir.
1994-cü ildə Ukrayna əksər post sovet respublikaları kimi NATO-nun Sülh Naminə Təərfdaşlıq proqramına qoşulur. Ukrayna ilə NATO arasında əməkdaşlıq tədricən inkişaf edir və NATO ilə əməkdaşlıq ölkənin milli təhlükəsizlik startegiyasına daxil edilir.
2004-cü ildə Narıncı inqilabla hakimiyyətə gələn Yuşenkonun dövründə bu siyasət daha da fəallaşır. Yuşenko komandasının qayğılandıran əsas səbəblər – 2004-cü il seçkilərinə Rusiyanın aşkar müdaxiləsi, Rusiyanın Qara Dəniz Donanmasının Krımda yaratdığı təhdid və ordunun köhnə sovet ənənələrindən uzaqlaşıb müasirləşdirilməsi planı olur. Buradaca qeyd edim ki, 1997-ci ildə imzalanmış Ukrayna-Rusiya sazişinə əsasən Qara Dəniz Donanması iki ölkə arasında sovet ordusunun mirası kimi bölünmüş, amma Rusiya öz payına düşən donanmanın Ukrayna sularında saxlanması üçün 4 buxta və Sevastopol şəhərindəki bəzi obyektləri 25 min nəfərlik ordusu üçün 20 il müddətinə icarəyə götürmüşdü.
Yuşenkonun NATO-ya üzvlük siyasəti Ali Radada üstünülüyü olan müxalif Rusiya yönlü Regionlar Partiyasının müqaviməti səbəbindən uğurlu alınmır. NATO-nun 2008-ci ildə təklif etdiyi Üzvülüyü ilə bağlı Milli Plan parlamnetdə qəbul olunmur. Rəy sorğularında da əhalinin yarıdan çoxu NATO-ya üzvlüyün əleyhinə çıxır. Ölkə daxilində konsensusun olmaması və Rusiyanın siyasi təzyiqləri nəticəsində başda Anqela Merkel olmaqla bəzi NATO ölkələri liderləri Buxarest sammitində (aprel, 2008) Gürcüstan və Ukraynaya “yaşıl işıq” yandırmaqdan vaz keçib bu ölkələr üzvlük təklifi vermirlər.
2010-cu ildə cüzi səs üstünlüyü ilə Regionlar Partiyasının lideri Viktor Yanukoviç ikinci turda prezidenti seçilir (Yuliya Timoşenko ondan 3.5 faiz az səs toplayır). Yanukoviçin hakimiyyəti dönəmində Ukraynanın milli təhlükəsilziyi üçün müxalifətin “milli xəyanət” adlandırdığı 3 siyasi olay baş verir:
1) 2010-cu ildə Yanukoviç Medvedevlə Rusiyanın Krımdakı donanmasının 2042-ci ilədək yerləşməsi barədə Xarkov paktını imzalayır,
2) 2010-cu ildə ölkənin Milli təhlükəsizlik strategiyasından Avro-Atlantik təhlükəsizlik məkanına inteqrasiya məsələsi çıxarılır,
3) 2013-cü ildə Avropa Birliyi ilə assosiyasiya sazişinin imzalanmasından imtina edilir.
Sonuncu olay noyabr 2013-cü ildə Avromeydan hərəkatına rəvac verir və 2014-cü ilin fevralında Yanukoviçin ölkəni tərk edib Rusiyaya qaçmağa məcbur olur.
Yanukoviçin qovulmasından qəzəblənən Putin əvvəlcə Qara Dəniz donanması vasitəsilə Krımı işğal edib orada Rusiyaya birləşmə barədə yalançı referendum keçirir, ardınca Luqanska və Donetskdə silahlı üsyanlar təşkil edib seperatist rejimlər qurur. Və sonra baş verənləri bilirsiz.
2014-cü ildən bəri Ukraynada NATO-ya üzvlük məsələsi ictimai rəydə populyarlaşır. Son 6 ildə keçirilən rəy sorğularında əhalinin yarıdan çoxu NATO-ya üzvlüyün lehinə olduğunu bildirir.
Faktiki olaraq, Krımın, Donetsk və Luqanskın bir hissəsinin işğalı ilə Putin NATO-nu Ukraynada populyarlaşdırdı və bu quruma üzvlüyü ölkənin milli hədəfinə çevirdi.
Aşağıdakı infoqrafikdə Ukraynada 2008-2016-ci ildə ictimai rəyin dəyişməsi maraqlı şəkildə təsvir olunub. Qeyd edim ki, son 4 ildə rəy sorğularında respondentlərin 50-70 faizi NATO-ya üzvlüyü dəstəkləyir.
Tarix: 10-03-2022, 19:41
Xəbəri paylaş





Xəbər lenti