"Rusiya bütün cəbhələrdə vuruşur"


“Rusiya bütün cəbhələrdə vuruşur. Bütün resurslarını işə salıb. Ukraynada işğalçılığı davam etdirir, Kurildə hərbi təlimlərə başlayıb, Polşa və Baltikyanı ölkələri hədələyir. Baxmayaraq ki, hərbi , texnoloji və iqtisadi sahədə ciddi problemlərlə üzləşib, yenə də ənənələrini davam etdirməkdədir. İndi də lap irəli gedərək, öz müttəfiqinə, Azərbaycana qarşı Rusiya Müdafiə Nazirliyi səviyyəsində hədə-qorxu gəlib. Bu, onun göstəricisidir ki, Rusiya üçün maraqlar daha öndədir, nəinki müttəfiqlik...”
 
Pravda.az-ın xəbərinə görə, bunu ekspert Osman Gündüz bildirib.
 
“Rusiya MN-nin açıqlamasında Azərbaycan ordusunun Fərrux kəndi istiqamətində mövqelərini möhkəmləndirmələrindən narahatlığı ifadə edilib və  qoşunlarımızın çıxarılması vurğulanıb. Bu qurumun  açıqlamalarında  yenidən "Dağlıq Qarabağ" və "Dağlıq Qarabağ Respublikası" ifadələri işlədilib. Bu hallar əvvəllər də bir neçə dəfə təkrar olub. Rusiya MN "Azərbaycan Ordusunun Sülhməramlı Qüvvələrin məsuliyyət zonasına daxil olduğunu, dronlarla  DQ silahlı birləşmələrinə zərbə endirdiyini" açıqlayıb. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünə qarşı Rusiyanın bu cür təhdidləri, Azərbaycan ərazisində olan silahlı qruplaşmaları və separatçıları himayə etməsi müttəfiqliklə bir araya sığmır və qəbuledilməzdir. Düşünürəm ki , Azərbaycan indiyədək qəbul edilən sənədlərin tələblərinə uyğun olaraq  Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə əməl olunmasını  tələb etməli və heç bir halda atdığı addımlardan, tutduğu mövqelərgən  geri çəkilməməlidir. Düşünürəm ki, Azərbaycana qarşı sərgilənən ədalətsiz və təhdid dolu münasibətlər və son zamanlar beynəlxalq aləmdə Rusiya ilə bağlı formalaşan mühit Rusiya  sülhməramlılarının Qarabağda qalma müddətinə də yenidən baxılması zərurətini yaradıb” – O.Gündüz qeyd edib.
Tarix: 27-03-2022, 16:40
Xəbəri paylaş





Xəbər lenti